Femida vəkil bürosunun direktorundan vətəndaşa qarşı kobud davranış - VİDEO


"Femida vəkil bürosunun direktoru Pənah Məmmədovla bağlı baş verənlər təəssüf doğurur. Hadisənin tam təfərrüatlarını, daha dəqiq desək mübahisə ilə bağlı kimin haqlı, kimin haqsız olduğunu deyə bilməsəm də, obyektivlik naminə vəkilin vətəndaşa qarşı davranışı haqqında konkret fikir bildirməyin tərəfdarıyam"
Bunu "Hürriyyət"ə ictimai vəkil Samir Zeynalov deyib. O qeyd edib ki, Femida vəkil bürosunun direktoru Pənah Məmmədovla bağlı baş verənlər təəssüf doğurur:
"Belə ki, hadisə ilə bağlı yayılmış video görüntülərdən ilkin olaraq belə başa düşmək olur ki, vətəndaş vəkildən narazı qalaraq ondan verdiyi pulu tələb edir. Vəkil Pənah Məmmədov isə gərginliyə qapılaraq yüksək səs tonu və əl hərəkətləri ilə vətəndaşın üzərinə gəlir və ona qeyri-etik şəkildə "bas bayıra" ifadəsini işlədir. Bu mənada vəkilin haqlı və ya haqsız olmasından aslı olmayaraq "Vəkillərin davranış qaydaları haqqında Əsasnamə" yada düşür. Həmin əsasnamənin Mədəni davranış haqqında normasında belə qeyd olunur: Vəkil peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır".
Samir Zeynalov sözügedən görüntülərə ilk növbədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi münasibət bildirməli olduğunu vurğulayıb:
"Göründüyü kimi, sözügedən əsasnamə vəkil Pənah Məmmədovun qeydə alınmış davranışlarını səbəbi nə olursa-olsun birmənalı olaraq qadağan edir və buna haqq qazandırmır. Hesab edirəm ki, məsələyə ilk başda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi münasibət bildirməlidir. Bu baxımdan onun da həyəcanla qeyd etməyə məcburam ki, son zamanlar müdafiə institutu ilə bağlı vətəndaş şikayətləri artıb. Elə 2 şikayət mənim vasitəmlə tanınmış vəkillər- Ceyhun Yusifov və Aqil Layıc haqqında kollegiyaya daxil olub. Bu barədə hazırda araşdırma gedir".
YƏHYA
 

Tarix: 1-02-2022, 22:30
Xəbəri paylaş





Xəbər lenti