“Deputatlar, nazirlər, icra başçıları, polis rəislərinin adından məqalələr yazılır” – Plagiat qalmaqalı

“Deputatlar, nazirlər, icra başçıları, polis rəislərinin adından məqalələr yazılır”
SİAM.AZ Milli Məclisin sabiq deputatı, Əməkdar jurnalist Etibar Hüseynovun “Yeni Sabah”a müsahibəsini təqdim edir:

- Etibar bəy, yəqin ki, bir sıra keçmiş həmkarlarınızın sensassiyalı plagiat qalmaqalından xəbəriniz var. İlk öncə bu məsələyə münasibətinizi öyrənmək istərdim.

- Burada məsələ deputatlıqdan yox, jurnalistikadan gedir. Hər bir halda xoşagələn hal deyil, yalnız mən onu demək istərdim ki, bu insanların hər biri mənim keçmiş həmkarlarım olublar. Ona görə də mən qısaca bir faktı demək istəyirəm ki, bu hal tək qəzet məqalələrində deyil. Hətta ayrı-ayrı kitabları da araşdırsanız, görərsiniz ki, bir çox kitabların üz qabıqları dəyişilərək, başqa-başqa insanların adıyla çap olunub. Mən bunu dəqiq bilirəm və siz də bir balaca araşdırma aparsanız, bunun da şahidi olacaqsınız.

- Məlum araşdırmada deyilir ki, Fəzail Ağamalı dövlət başçısının hakimiyyətə gəlməsinin 19-cu illiyinə aid olan məqaləsini həmkarı Elman Nəsirovdan götürüb. Maraqlıdır, əgər belədirsə, bəs Elman Nəsirov kimdən götürüb, sizcə?

- Mən insanlar üzərindən fokuslanmaq istəmirəm, lakin dövlət qəzetlərinin “podşivka”larını vərəqləsəniz, görərsiniz ki, hansısa populyar olmayan deputatlar, ayrı-ayrı nazirlər, komitə sədrləri, icra başçıları, polis rəisləri və digərlərinin adından da məqalələr çıxır. O insanların özləri belə bilmir ki, bu məqalə illər ərzində 10 adamın adından çap olunub. Burada adlarını çəkdiyiniz şəxslərlə yanaşı digərlərinin də bundan xəbəri yoxdur. Hazırlayıb ona göstərirlər, o da oxuyur, bəyənir, razılıq verir və məqalə çap olunur. Lakin xəbərləri olmur ki, bu məqalə bir neçə il qabaq başqa bir adamın adından çap olunub. Hətta kitablar çap edirlər ki, üz qabığı, giriş və sonluqda müəyyən kosmetik dəyişiklər edilir və yekunda çapa göndərilir.

- Siz millət vəkili olduğunuz dönəmdə belə bir şeylə qarşılaşmısınızmı? Daha açıq desək, sizin də mirzəniz olubmu?

- Allaha şükür, mən özüm yazılar yaza bilirəm. Axtarsanız, bəlkə də mənim də yazılarımı öz adına çıxara bilənlər olacaq. Amma mənim əvəzimə heç kəs yazı yaza bilməz, çünki Etibar Hüseynovun qələmini heç kəs əvəz edə bilməz. Mənə belə təkliflər olmayıb, ola da bilməz.

Yenə deyirəm, adlarını çəkdikləriniz bir az tanınmış insanlardır. Xüsusən tanınmamış, danışıq və yazı yaza bilmək qabiliyyəti olmayan deputatlar, komitə sədrləri, icra başçıları var ki, onların adından belə yazılar təqdim olunur. Qısacası, mənim üçün bu, yenilik deyil.
Tarix: 18-10-2022, 21:20
Xəbəri paylaş





Xəbər lenti