“Tələbələrimiz restoranlarda qarson, ofisiant kimi işləyirlər” — Təhsil eksperti


“Ölkəmizdə tələbələrin təcrübə keçmək imkanları zəifdir. Onlar yalnız sonuncu kursda təcrübəyə qoşulurlar ki, bu da 2-3 aylıq bir dövrü əhatə edir. Ümumiyyətlə, onların tələbə ikən işləmək imkanı demək olar ki, məhduddur. Müvafiq müəssisələr var ki, onlar işçi işə götürərkən diplom tələb edirlər. Nəticə etibarilə də tələbələr diplomları olmadıqları üçün müvvafiq yerlərdə çalışa bilmirlər. Onun üçün də məcbur olub restoranlarda qarson, ofisiant kimi, yaxud da təmir-tikinti yerlərində fəhlə kimi çalışırlar. İstisna hallarda bəzi tələbələr universitetin müvafiq pillələrində oxumaqlarına baxmayaraq öz ixtisasları ilə bağlı iş tapıb işləyə bilirlər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Ekspertin sözlərinə görə, xarici ölkələrdən fərqli olaraq bizdə tələbələr iş tapmaqda çətinliklərlə üzləşirlər

“Təbii ki, bu sahədə ciddi işlərin görülməsinə ehtiyac var. İlk növbədə bu məsələdə universitetlərin özü maraqlı olmalıdır. Universitetlər istər dövlət, istərsə də özəl şirkətlərlə əməkdaşlıq etməlidirlər. Tələbə ixtisaslı kadr mübadiləsini həyata keçirməlidirlər. Bununla bağlı aralarında anlaşma saziş olmalıdır ki, tələbələr müvafiq kursa çatdıqda həmin şirkətlərlə işləyə bilsinlər. Amma bugünkü günün reallığı ondan ibarətdir ki, bu mümkün deyil. İstisna universitetlər var ki, onlar bu sahədə daha təcrübəlidirlər və daha çox iş görürlər. Qalan dövlət universitetlərin böyük əksəriyyəti bu məsələdə maraqlı deyil. Ölkədə 50-dən çox hazırda ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bunun paralel də kollecər fəaliyyət göstərir. Bunun içərisində tək-tük kollec var ki, tələbələrinin iş təminatını düşünürlər, digərlərində isə bu məsələ yoxdur. Şirkətlər də bu sahədə maraqlı olmalıdırlar. Dövrün əmək bazarında daha çox tələbat olunan ixtisaslar üzrə təhsil alan tələbələr ki var onların müvafiq kurslarda daha potensiallı olanları seçib işlə təmin edə bilərlər. Bu sahədə müvafiq işlər aparılarsa, tələbələr restoranlar, yaxud digər sahələrdə deyil, konkret öz ixtisasları üzrə işləyə bilərlər. Həmin sahə üzrə daha çox peşəkar mütəxəssis olaraq formalaşa bilərlər, çünki peşəkar kadr olmaq üçün təkcə nəzəri biliklər deyil, praktik təcrübə daha böyük faktordur”.
Tarix: 1-11-2022, 17:01
Xəbəri paylaş





Xəbər lenti