"Bütün insanlıq günah bataqlığında çırpınır, fəryad edir...-Və hamımız bundan məsuluq..."


"Bu fəlakətdən qaçıb qurtulmaq istəyənlərin, güvənib gələnlərin, qurtarın deyə əl uzadanların etimadını doğrultmaq həqiqi möminin əsl vəzifəsidir..." 
 

Məsuliyyət hissi...
 
(Əvvəli burada://moderator.az/az/ekskluziv/568338/her-kes-mesuliyyetinin-hesabini-verecek-dunen-grduyumuz-isler-bu-gun-bizi-qurtarmayacaq/ )
 
Həzrət Vəhşi və məsuliyyət duyğusu...
 
İslam alimləri səhabələri iman etmələrinə və təbliğdəki roluna görə fərqli dərəcələrə ayırırlar. Səhabələrin ən alt təbəqələrində olanlardan biri də Həzrət Vəhşidir. O, Məkkənin fəthindən sonra müsəlman olmuşdur. Onun müsəlman olması üçün Şəfqət Peyğəmbəri (s.a.s.) bir neşə dəfə cəhd etmişdir. Rəsulullah (s.a.s.) öz düşmənlərinin belə, İslam nurundan istifadəsi üçün şəxsi incikliyini bir tərəfə qoyub, onların etdiklərinin üzərindən xətt çəkərək hər şeyi unutmağa çalışırdı. Vəhşi də bunlardan biridir. Rəsulullah (s.a.s.) ona dəfələrlə məktub yazmış, İslama dəvət etmişdi. Ona “Gəl müsəlman ol” dedikdə Vəhşi: “Mən insan öldürdüm. Zina elədim. Oğurluq etdim. Allahı inkar elədim.” Öz fikrini əsaslandırmaq üçün də “Onlar Allahla yanaşı, başqa bir ilaha yalvarmazlar, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kim bu işləri etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar.”[16] ayələrini yazaraq Peyğəmbərimizə göndərir.
 
Peyğəmbərimiz (s.a.s.) da ona: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!” ayəsi ilə cavab verir. Vəhşi bu ayə ilə də qane olmur. Bu dəfə: “Mən saleh əməl sayılan bir iş görmədim, həqiqi mənada iman etmədim” – deyə xəbər göndərir. Allah Rəsulu (s.a.s.) da
 
قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ
 
“De ki: “Ey Mənim (günah işləməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidinizi üzməyin. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!”[17]ayəsini yazaraq artıq gəlməsini istəyir. Allahın rəhmətinin genişliyini görən Vəhşi inadı buraxaraq Allah Rəsulunun (s.ə.s) hüzuruna gəlir və “lə ilahə illalah Muhammədur rəsulullah” deyərək müsəlman olur. Müsəlman olsa da Allah Rəsulu baxışları ilə sanki Vəhşiyə bu sözləri deyirdi: “Sən əmim Həmzəni şəhid etdin, cəsədini doğradın. Səni gördükcə əmim yadıma düşür, əlimdə olmadan səndən inciyə bilərəm. Mümkündürsə, səni daha az görüm.” İman etdikdən sonra Allah Rəsulundan uzaq qalmaq olardımı? Təbii ki, olmazdı. Ancaq Onun fərmana da boyun əymək lazım idi...
 
Vəhşi bu şəkildə bir-iki il yaşadı. Ancaq Peyğəmbərimiz  minbərin bu tərəfində olanda, o da minbərin o biri tərəfindən mübarək üzünə baxır, gözləri bir təbəssüm axtarırdı. Salam verincə o ləl-gövhər dodaqlardan “artıq görünə bilərsən” sözlərini tökülməsini gözləyirdi. Bu iki il bir yandan müsəlman olmağın səadəti, o biri tərəfdən də Rəsulullahla üz-üzə gəlməməyin kədər ilə keçdi...
 
Vəhşinin içində doğan ümid günəşi artıq qürub etmişdi. Onun daxili dünyasını zülmət bürümüşdü. O, çox düşünürdü: “Görəsən, məna aləmində Rəsulullah artıq gəl deyərmi?” Bununla yanaşı müharibələrdə iştirak edirdi ki, bəlkə şəhid olar və birdəfəlik bu ağır yükdən qurtular…
 
Tabeunun böyük imamı Həsən Bəsri onu bu sözlərlə tərifləyir: “Ömər ibn Əbdüləziz kimi Raşid xəlifələrin beşincisi saylan o böyük insan Vəhşinin atının burnunda bir toz ola bilər.” Bəli, Vəhşi belə bir insan idi. İman etməklə həqiqi  məsuliyyət hissinin fərqinə varmışdı. Allahın aslanı Həmzəni şəhid etmiş, Uhudda nəticəsinin dəyişməsində həlledici rol oynamışdı. Müsəlman olduqdan sonra da “gözümə çox görünmə” sözü ilə məzəmmət olunmuşdu.
 
Bir gün Yəmamədə peyğəmbərlik iddiasında olan Yalançı Müseyləmənin tərəfdaşları ilə müsəlmanlar arasında çox çətin mübarizə başladı. Vəhşi də həmin mübarizədə iştirak edirdi. Burada şəhid olacağını düşünürdü. “İnşallah, Salimin şəhid olduğu, Hüzeyfənin doğrandığı, Əbu Aqilin parçalandığı yerdə Allah mənə da şəhadət nəsib edər” düşüncəsi ilə Yəmaməyə qədər gəlmişdi. Yalançı peyğəmbər Müsəyleməni Allah onun qarşısına çıxarmışdı. O gün yanında Həmzənin sinəsinə sapladığı mizraq vardı. O mizraq Müseyləmənin sinəsinə saplanacaqdı. Fürsətini tapıb əlində mizrağı atdı və Allah düşmənini öldürdü. Mizraq və sahibi öz işini yerinə yetirdi. Bu vaxt Vəhşi alnını yerə qoyaraq: “Artıq sənə görünə bilərəmmi, ya Rəsulullah?  Kafir olarkən müsəlmanların ən xeyirlisini şəhid elədim, müsəlman olduqdan sonra isə kafirlərin ən şərlisini öldürdüm. Görəsən, hüzuruna çıxa bilərəm?” – deyirdi. Vəhşiyə bunu etdirən məsuliyyət hissi, vəzifə şüuru idi. Allah bizə də məsuliyyətimizi bu şəkildə idrak etməyi nəsib eləsin.
 
Bəkka
 
Tabeun nəslindən bir nümunəyə də nəzər salaq. Məhəmməd ibn Münkədir tabeunun böyük alimi, demək olar, hər bir hədis aliminin müraciət etdiyi bir insandır. Çox ah, nalə çəkdiyi üçün “Bəkka” ləqəbi ilə tanınır. Allaha qorxusundan elə ağlayıb sızlayardı ki, onu gözünün qabağında böyüdən anası: “Ay övladım, uşaqlığını bilməsəydim, deyərdim ki, yəqin nə isə bir günahın var, ondan ötrü gözlərinin qorasını tökürsən. Bilərəm ki, belə bir şey yoxdur, elə isə niyə bu qədər ağlayırsan?”  deyərdi. Amma Məhəmməd ibn Münkədir üçün ağlanılası çox şey vardı. Allah məhabəti, Allahın böyüklüyü qarşısında insanın kiçikliyi, bir gün əməllərin hesabını vermək,  öldükdən sonra həşr olunmaq, əməl dəftərini sağdan və ya soldan almaq, Cəhənnəmin alovları arasından Sirat körpüsünü keçmək məcburiyyəti, bəli, bunlardı onun göz yaşlarını selə döndərən. Bəşəriyyət onun iniltilərini Davudun (ə.s.) mizrabından eşitmişdi, o, sanki ikinci Davud idi. Huşunu itirənədək Məhəmməd ibn Münkədirin fəryadı kəsilmirdi. Bir gün dostları soruşdu: “Nədir bu fəryadın səbəbi?” “Bir ayənin hökmünə tuş gəlməkdən qoxuram! – dedi və ayəni oxudu,
 
وَبَدَا لَهُمْ مِنَ اللّٰهِ مَا لَمْ يَكُونُوا يَحْتَسِبُونَ
 
“Və (o zaman) Allah onların güman etmədikləri (gözləmədikləri şeyləri) qarşılarına çıxardı.”  O: “Qorxuram ki, Rəbbin dərgahında ummadığım şeylər əleyhimə ola!” – deyirdi.
 
Quşun ricası...
 
Ovçular quşu yaralamışdılar. Yaralı quş uçur, ovçular da aman vermədən qovurdular. Hara gizlənsə, hansı budağa qonsa görür, əl çəkmirdilər.
 
Quşun ürəyi sürətlə döyünürdü. Nəfəsini dərmək istəyəndə tüfəngin lüləsinin özünə tuşlandığını gördü. Ovçuların quşu buraxmaq fikri yox idi. Bu qaçaqaç onu çox yormuşdu. Ovçuların ürəklərində isə mərhəmət qalmamışdı. Yaralı quşun acizliyi, çarəsizliyi, çırpınışları ovçuların vecinə deyildi. Rəhm etmədən quşu ələ keçirənə qədər mübarizə aparacaqdılar. Quş ölümün astanasında idi. Onun üçün matəm təbili çalınırdı. Yazıq quşun uçmağa macalı  qalmamışdı. Sonuncu dəfə bütün gücünü toplayaraq havalandı. Uzaqlıqda bir qrup insan gördü. Ortada bir şeyx oturmuşdu. Ətrafındakı müridləri ilə zikr edirdilər. Quş onların məclisinə qədər var gücü ilə uçdu. Qorxunun təsiri ilə yaydan çıxan ox kimi sürətlə uçub şeyxin kaftanının altında gizləndi. Quş şeyxə inanır və təhlükəsiz yerə sığındığını düşünürdü. Kaftanın altındakı hərəkətliliyi görən şeyx bir anlıq həyəcanlandı. Təlaşla əlini oraya saldı. Şeyxin əli sürətlə dəydi və yaralı quş oradaca öldü. Şeyx özü də bilmədən yaralı quşu öldürmüşdü. Mənəvi aləmdə məhkəmə qurulmuşdu. Quş şeyxi şikayət etmişdi. Şeyx bilərək və istəyərək etmədiyi üçün məsul olmadı. Özü də quşun öldüyünü görüncə çox təəssüfləmişdi. Quşa son sözü soruşulanda belə dedi:
 
– Bir arzum var. Mən, o kaftana və sarığa güvəndiyim üçün altına sığındım. İstəyirəm ki, bundan sonra o güvəni boşa çıxaran heç kəs həmin kaftanı geyinməsin. Mənim başıma gələnlər başqalarının da başına gəlməsin...
 
Nəticə
 
Yaşadığımız dövrdə bir çox insan insafsız “ovçuların” toruna düşməmək üçün sığınacaq yeri axtarır. Ailələr çarəsizdir. Fərqində olmadan bəzən yağışdan qaçıb yağmura düşürlər. Bütün insanlıq günah bataqlığında çırpınır, fəryad edir. Hər kəs uzadılacaq yardım əli gözləyir. Artıq bu fəryadlar sərhədləri aşıb. Bütün dünyada dil, rəng, millət fərqi olmadan bu böhran hökm sürür. Dəyərlər alt-üst olub… Həbsxana, küçə, xəstəxana, məktəb… imdad deyərək fəryad edir. İntihar, sui-qəsd, zərərli vərdişlərin qurbanı olmuş zavallıların sayı günbəgün artır...
 
Bunların düzəlməsi üçün kimsə qolunu çırmalamalıdır. Çünki hamı bundan məsuldur. Bu yönü ilə vəzifə ağır, məsuliyyət isə böyükdür. Bu fəlakətdən qaçıb qurtulmaq istəyənlərin, güvənib gələnlərin, qurtarın deyə əl uzadanların etimadını doğrultmaq həqiqi möminin əsl vəzifəsidir. Üzərimizdəki iman libasını da çıxara bilmədiyimiz üçün əlimizdən gəldiyi qədər kaftanın haqqını verməyə çalışmalıyıq...
 
Mənbələr:
 
[16] Furqan, 25/68-69.
[17] Zümər, 39/53.
 
Meneviyyat.az
Tarix: 12-11-2022, 08:10
Xəbəri paylaş





Xəbər lenti