"İmam Mehdi"yə 71 min pul verdiyini deyən şəxs: "Namazı bitirəndən sonra çevrilib dedi ki..."



"İmam Mehdi"yə 71 min pul verdiyini deyən şəxs: "Namazı bitirəndən sonra çevrilib dedi ki..."Aqil Babayev

Özünü "zühur etmiş 12-ci imam Mehdi" kimi təqdim edərək, adamları aldadıb, onlardan zəkat, yardım adıyla illərlə pul toplamaqla dələduzluq etməkdə ittiham olunan Aqil Babayevlə bağlı 30-dan artıq adam zərərçəkmiş qismində tanınıb. Onların da hərəsi ona imam kimi inanmasını bir cür izah edir.

Bizimyol.info xəbər verir ki, noyabrın 15-də Aqil Babayevin məhkəməsində Aydın Niftəliyev və Elnur Mehdiyev dindirilib. Onlar da "İmam Mehdi"yə pul verdiyini iddia edən şəxslərdir.
Aydın Niftəliyev bildirib ki, əvvəllər Aqil Babayevin ilahi qüvvə olduğuna şübhə ilə yanaşıb. Lakin sonradan onun "möcüzəsini” görüb və inanmağa başlayıb. Onun sözlərinə görə, günlərin birində birlikdə namaz qılırdılar, həmin vaxt Aqil Babayev ondan irəlidə dayanmışdı: "Namazı bitirəndən sonra qəfildən çevrilib dedi ki, sən mənə şəkk gəririrsən? Diqqətlə gözümün içinə baxmağa başladı. Bu vaxt ayaqlarım yerdən üzüldü, havaya qalxdım. Onda yanımda olan qaynım ikiəlli məndən yapışdı. Mənə dedi ki, hara qalxırsan sən? Məni tutub aşağı salmasaydı, qalxırdım göyə. Bundan sonra ona inanmağa başladım. Onunla dəfələrlə görüşmək istəsəm də, qəbul etmirdi. Ancaq futbol oyunlarında rastlaşırdıq. Hər oyundan sonra adamları ayaqlarını massaj edirdilər”.
Aydın Niftəliyev əlavə edib ki, Aqil Babayevin başqa möcüzələrini də eşidib. Məsələn, onun alovun üstündə oturub, qanad çıxarmasını: "Deyilənə görə odun üstündə çıxardığı qanadlar onun mələkləri olub. Həmin anın şəkilləri də var”.
Aydın Niftəliyev iddia edir ki, "İmam Mehdi"yə inanıb, nəticədə ona 71 min manat ziyan dəyib. Onun sözlərinə görə, evini satıb, "İmam Mehdi"yə o pulu vermişdi: "Mənə dedi ki, "evini sat, gəl qibləyə". Soruşanda ki, “qiblə haradı?” Deyirdi, Binəqədi.
Məhkəmədə dindirmə zamanı Aqil Babayevlə Aydın Niftəliyev arasında mübahisə yaranıb. Zərərçəkmiş Aqil Babayevi təhqir edib.
Digər zərərçəkmiş Elnur Mehdiyev isə Aqil Babayevlə 2004-cü ildə tanış olduğunu deyib. O bildirib ki, verdiyi müxtəlif suallara Aqil Babayevin müdrik cavabları onda inam yaradıb. Elnur Mehdiyev iddia edir ki, ona 65 min manat ziyan dəyib.
Həmin pulu "İmam Mehdi”yə xeyriyyə məqsədilə verdiyini deyən Elnur Mehdiyevin sözlərinə görə o ərəfədə böyük bir iş götürmüşdü, yaxşı gəliri vardı. "İmam" da ona deyib ki, gəliri varsa, özü də xeyriyyəçilik eləməlidi: "Bu səbəbdən 2011-2014-cü illərdə hər ay1500-2000 pul vermişəm”.
Məhkəmə prosesi noyabrın 29-da davam edəcək.
Aqil Babayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Lakin o, ittihamı qəbul etmir. O bildirib ki, “Shaurma N1” restoranlar şəbəkəsinin şəriklərindən biri olub və oradakı payını, pullarını ələ keçirmək üçün absurd ittihamla həbs olunub.
Onun sözlərinə görə, 2021-ci il iyulun 8-də bağ evində bir qrup şəxs tərəfindən döyülüb, əl-qolunu bağlayıb, ondan pullarını və payını tələb ediblər. Daha sonra həmin şəxslər Əhmədli qəsəbəsində yerləşən evə gələrək, oradan təxminən 9 milyon manata yaxın pul və 2 milyon dəyəri olan qızıl külçələri götürüb aparıblar. Ertəsi gün Aqil Babayev baş verənlərlə əlaqədar polisə şikayət edib: “Mənim şikayətimi araşdırmaq əvəzinə özüm haqqında absurd cinayət işi başladılar”.
Tarix: 16-11-2022, 08:09
Xəbəri paylaş





Xəbər lenti