Sabiq MTN generalının vurduğu 14 milyonluq ziyan necə ödəniləcək - rəy


 
Hüquqşünas deyir ki, Mövlam Şıxəliyevin xarici banklarda milyonlarla avro pul saxlaması istisna deyil; “Eldar Mahmudovun ailəsinin adına 100 milyon avroluq əmlak üzə çıxıbsa, deməli...”
Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub-E.M.) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini Sahib Ələkbərovun apelyasiya şikayətlərinə baxış yaxın günlərdə baş tutacaq.  
Sabiq MTN-çilərin şikayətinə noyabrın 22-də, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.
Hökmdən narazı qalan təkcə Mövlam Şıxəliyev və suç ortaqları deyil. Ailə üzvləri də, dövlət ittihamçısı da, iş üzrə zərərçəkənlər də apelyasiya instansiyasına şikayətlərini təqdim ediblər. Mövlam Şıxəliyevin tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm sentyabrın 21-də, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsinin alınması üçün ölkə rəhbərliyinə təqdimat da yazılıb. Onun tabeliyində işləmiş hər 3 polkovnikə də uzunmüddətli həbs cəzaları kəsilib. Keçmiş şöbə rəisləri -Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə azadlıqda olan hər 3 polkovnik hökm elan olunanda məhkəmə zalında həbs olunublar.
Hökmdə sabiq MTN-çilərin əmlaklarının müsadirəsi məsələsi də yer alıb. Mövlam  Şıxəliyevin özü və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına 7 milyon manatdan çox dəyəri olan əmlaklar müsadirə olunub. Onların arasında Bakının mərkəzində  - “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Maraqlıdır ki, Mövlam Şıxəliyevlə bərabər onun ailə üzvləri də hökmdən apelyasiya şikayəti veriblər. Onlar müsadirə olunan əmlakları geri tələb edirlər. İddia edirlər ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunmayıb. Şıxəliyevin ailə üzvləri çoxsaylı əmlakların onlara yaxın qohumları tərəfindən bağışlandığını qeyd etməklə geri almaq niyyətlərini apelyasiya şikayətlərində qeyd ediblər. Zərərçəkmişlər vaxtilə MTN-də onlardan alınmış pulların geri qaytarılması tələbi ilə məhkəmə prosesinin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərinin iddiasını qismən təmin edib. Mülki iddialarının qismən təmin olunması zərərçəkənləri hökmdən narazı salan əsas məqamdır. Ümumilikdə isə onlar Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər. Eyni zamanda zərərçəkənlər müsadirəyə götürülmüş əmlakların yenidən qiymətləndirilməsini tələb edirlər. Bildirirlər ki, müsadirə olunan əmlaklara real bazar dəyərindən 2 dəfə ucuz qiymət qoyulub. Onlar alternativ ekspertiza təyin olunmsını da şikayətlərindən tələb edirlər. Sabiq MTN-çilər barəsindəki cinayət dosyesində ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqdan və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.
Göründüyü kimi, Mövlam Şıxəliyev başda olmaqla, zərərçəkənlərə vurulan ziyanın miqdarı müsadirəyə götürülən əmlakın miqdarını 2 dəfə üstələyir.
Bəs yerdə qalan 14 milyon manat hansı hesabdan ödənməlidir? Bunun mexanizmi varmı?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, belə hallarda məhkəmə hökmü ilə zərər vuran qismində tanınan şəxslərin - bu halda MTN-çilərin müsadirəyə götürülməyən əmlakları, ölkə daxilində və xaricdəki bank hesabları araşdırılmalı, müəyyən edilməli, müvafiq addımlar atılmalıdır: “Zərərçəkənlər bunun üçün ölkə daxilində Mövlam Şıxəliyev və digərlərinin əmlakları haqda məlumatlar toplamalı, həmin məlumatlar dövlət orqanlarına verilən sorğularla təsbit olunmalıdır. Bundan başqa, pul köçürmələri ilə məşğul olan beynəlxalq təşkilatlara sorğular ünvanlanmalı, Mövlam Şıxəliyevin və digərlərinin xarici banklarda hesablarının olub-olmaması da aydınlaşdırılmalıdır. Adətən azərbaycanlı korrupsionerlər, cinayət yolu ilə milyonları xaricə ötürən mütəşəkkil cinayətkar dəstə üzvləri SWIFT-dən istifadə edirlər. Bu zaman onların maliyyə ötürmələrinin izləri SWIFT-də qalır. Həmin maliyyənin hansı banka, kimin adındakı hesaba qoyulması, sonrakı hərəkətliliyi də bilinir. Yetər ki, savadlı şəkildə tərtib olunmuş sorğu ilə sorğulanan şəxs barəsindəki məhkəmə hökmünü, onun xarici banka yatırdığı vəsaitlərin mütəşəkkil cinayətkar dəstə şəklində, cinayət törətmək yolu ilə əldə olunması müəyyən olunsun. Həmin vəsaitlər dərhal və qeyd-şərtsiz bloklanacaq”.
Hüquqşünas deyir ki, ötən il  İngiltərədə Mövlam Şıxəliyevin şefi, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladlarının lüks daşınmaz əmlakları, o cümlədən Londonun ən məşhur mağazası olan “Harrods” yaxınlığında 17 milyon funt-sterlinqlik evə sahib olduqları haqda İngiltərə qəzetləri yazmışdı:
““Cayman National Bank”ın məlumat bazasının sındırılması nəticəsində Eldar Mahmudovun ailəsinin Men adasında (Britaniyada taxt-tac ərazisi) təxminən 100 milyon avro dəyərində biznes-əmlak imperiyası yaratdığı ortaya çıxmışdı. Demək olar ki, aktivlərinin hamısı Mahmudovun oğlu Anarın, həmçinin  qızı Nərgizlə əlaqəli şirkətlər hesabına əldə edilib.
Bir neçə təşkilatın jurnalistləri - “Organized Crime and Corruption Reporting Project”, “Finance Uncovered and Transparency International”  tərəfindən aparılan birgə araşdırma isə göstərirdi ki, Eldar Mahmudovun övladlarının “əlaqəli şirkətlər” vasitəsilə əldə etdikləri obyektlərin arasında İngiltərənin sahil kurort şəhərlərində - Pul və Bornmutda ümumi dəyəri 13,5 milyon funt-sterlinq olan iki ofis binası var. Mahmudovlar ailəsi Malyorka, Lüksemburq və Litvadakı əmlak və şirkətlərə də sahibdirlər.
Bu, Mahmudovların üzə çıxan əmlakları haqda məlumatlardır. Bəllidir ki, 100 milyon avroluq əmlak Eldar Mahmudovun sərəncamında nazir işlədiyi zaman Azərbaycan sahibkarları, iş adamları, büdcə vəsaitlərinın ələ keçirilməsi hesabına formalaşıb. Həmin pulların ələ keçməsində MTN-in İstintaq Baş İdarəsinin 10 il rəisi olan Mövlam Şıxəliyevin rolu olubmu? Həmin pulların əldə edilməsindən Mövlam Şıxəliyev özü nə qədər pul  qazanıb?
Mövlam Şıxəliyevin 7 milyonluq mülkləri üzə çıxdı - ŞOK SİYAHI
Bu gün Mövlam Şıxəliyev və digərlərinin cinayət işində olan, müsadirəyə götürülən əmlakların siyahısına baxanda hər şey aydın görünür. Əgər Eldar Mahmudovun, onun ailə üzvlərinin adına xaricdə dəyəri 100 milyonlarla avro ilə ölçülən əmlaklar varsa, Mövlam Şıxəliyevin, onun övladlarının adına xarici banklarda nə qədər vəsait, xaricdə əmlak var?  Bu məsələləri aydınlaşdırmaq üçün qeyd etdiyim kimi, müvafiq sorğular tərtib olunaraq beynəlxalq maliyyə təşkilatlarına göndərilməlidir". 
Hüquqşünas SWIFT sistemi ilə bağlı da geniş məlumat verib. Deyib ki, SWIFT - məlumat mübadiləsini aparan və ödənişləri həyata keçirən eyni adlı banklararası sistemə nəzarət edən beynəlxalq təşkilatdır: “Dünyada bir neçə beynəlxalq banklararası sistem mövcuddur, SWIFT isə onlardan ən geniş yayılmışıdır. O, fərqli ölkələrdən olan təşkilatların ödənişlərini bir-birinə sürətli, etibarlı və nisbətdən aşağı komissiya ilə köçürməyə imkan verir.SWIFT - "Society for Worldwide Interbank Financial Telecommunication" (dünya miqyasında banklararası maliyyə kommunikasiyaları icması) kimi açılışı olan abreviaturadır. SWIFT internetdə eyni prinsiplə işləyən xüsusi SWIFTNet şəbəkəsi vasitəsilə pul köçürmələri, ödənişlər və qiymətli kağızların mübadiləsi haqqında məlumatların ötürülməsi üçün ən sürətli və təhlükəsiz kanaldır. “Visa” və ya “Mastercard” kimi ödəniş sistemlərindən fərqli olaraq, SWIFT yalnız banklararası səviyyədə istifadə olunur. Burada bəzi nüanslar da var. SWIFT icmasının üzvləri iki zonaya bölünür: Avropa və Transatlantik. Sonuncunun maliyyə institutları ABŞ-da, Avropa zonasındakı üzvlər isə Hollandiyada fəaliyyət göstərir. Texniki baxımdan SWIFT bankların və digər istifadəçilərin qoşulduğu beynəlxalq korporativ şəbəkədir. İştirakçılar arasında qarşılıqlı əlaqə strukturu başlıqdan, mətndən və xüsusi koddan ibarət olan mesajların göndərilməsinə əsaslanır. Əgər bank başqa bir banka ödəniş və ya əməliyyat təsdiqini göndərməli olursa, o, mesaj hazırlayır, şifrləmə aparır və xüsusi terminallardan istifadə edərək məlumatları məxfi SWIFT şəbəkəsi vasitəsilə əməliyyat mərkəzinə göndərir. Qarşı tərəf sənədi qəbul edir, şifrəni açır, məlumatların düzgünlüyünü təhlil edir və mesajın sonrakı taleyini müəyyənləşdirir: o, ya ünvana ötürülür, ya da geri qaytarılır.
SWIFT 1973-cü ildən mövcuddur. Onun köməyi ilə ilk maliyyə əməliyyatı 19 oktyabr 1977-ci ildə Belçika şahzadəsi Albert tərəfindən həyata keçirilib.
Sovet İttifaqında SWIFT sistemi 1989-cu ilə fəaliyyət göstərməyə başlayıb. Bu gün ondan 11 mindən çox təşkilat istifadə edir. Hər gün SWIFT şəbəkəsi vasitəsilə ümumi dəyəri 5-6 trilyon dollar olaraq qiymətləndirilən milyonlarla ödəniş əməliyyatı həyata keçirilir. Bununla belə SWIFT üzərindən həyata keçirilən hər bir əməliyyatın izi qalır və ötürülən vəsaitlərin cinayət yolu ilə əldə edilməsi məhkəmə hökmü ilə təsbit olunursa, həmin vəsait bloklanır, sonrakı araşdırmalarla zərərçəkənlərə qaytarıla bilər".
Elşən MƏMMƏDƏLİYEV
Tarix: 17-11-2022, 23:04
Xəbəri paylaş





Xəbər lenti