“İcra hakimiyyətləri biz təbil çalandan sonra xəbər tutur” — Gülayə Səfərova


“Erkən nikahlarla bağlı bölgələrdə maarifləndirmə işləri aparırıq. Televiziyalarda, mətbuatda dəfələrlə erkən nikahların qarşısının alınmasıyla bağlı təbliğatlar aparmışıq. Lakin buna baxmayaraq erkən nikahlar bu gün də var. Düşünürəm ki, bu sahədə valideynlərin düşüncələrdə bir inqilab etmək lazımdır”.

Siam.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova deyib. O əlavə edib ki, qurum olaraq hər zaman bunun nəticəsini yox, səbəbini axtarırıq.

“Bəzi bölgələr var ki, onlarda qızı tez ərə vermək adətdir. Bəziləri düşünür ki, yaxşı elçi düşüb və qızımı verim getsin. Həm də bununla bəzi kasıb ailələr iqtisaid yükünü azaltmağa çalışır. Düzdür, erkən nikahlar əvvəllər daha çox idi və o illərə nisbətən hazırda azalma müşahidə olunur. Bilirsiniz ki, əvvəllər yaşı nikaha düşməyən şəxsləri kəbinlə evləndirirdilər. Bununla bağlı dövlət tərəfindən qaydalar sərtləşdirildi və rəsmi nikah olmadan dini nikah kəsilməsinə icazə verilmədi. Bu da qismən erkən nikahların sayının azalmasına gətirib çıxardı”.

G.Səfərova bu işdə daha çox icra hakimiyyətinin günahını olduğunu qeyd edib. 

“Mən burada ən çox icra hakimiyyətlərini qınayıram. İcra hakimiyyətlərinin bütün qəsəbələrdə və kəndlərdə nümayəndəlikləri var. Biz, hətta eşitmişik ki, həmin nümayəndəliklərin özləri də toy məclislərində iştirak edirlər. Onu ictimailəşdirəndən sonra üzə çıxır ki, rayonda belə bir hadisə baş verib. Qəsəbə nümayəndəliyi bunu görmür? Niyə bunun qarşısını almırlar? İcra hakimiyyətləri biz təbil çalandan sonra xəbər tutur. Yəni, bu baxımdan boşluqlar, məsuliyyətszliklər var və bunların qarşısı aradan qaldırılmalıdır.  Bu yalnız dövlətin işi deyil, hər bir vətəndaş bunu qınaq obyektinə çevirməlidir. Ümumiyyətlə, internet də sözün açığı gəncləri korlayıb. Gənclər internetdən özlərinə lazım olan informasiyanı deyil, çox vaxt tanışlıq üçün internetə daxil olurlar. Bu gün “tik-tok” da gənclərin bir əyləncə məkanına çevrilib. Belə qərara almışam ki, mən də “Tik-tok”da bir səhifə açım və təbliğatımı orada aparım. Başqa çıxış yolu yoxdur”.

O qeyd edib ki, erkən nikahlar barədə çox danışılsa da, onun fəsadları barədə bir o qədər təbliğat aparılmır.
“Hesab edirəm ki, həmin şəxslərin sonrakı talelərinin işıqlandırılmasında fayda var. Bunu da daha çox televiziyalar etməlidir. Televiziya məkanı belədir ki, insanlar onu daha çox izləyir. Onların sonrakı taleyi işıqlandırılsa, bu digərlərinə də dərs olar. Bəzən erkən nikahın qurbanı olan qadınlar pis yollara düşürlər. Təhsili olmayan qadınlar ya kiminsə əlinə düşür kafedə işləyi, ya insan alverçilərinin əlinə, pis insanların əllərinə düşür. Valideyn də onu uşağıyla qəbul etmir və o da uşağını saxlamaq üçün başqa yollara əl atmağa məcbur olur. Yəni, erkən nikahların fəsadları çoxdur”. 
Tarix: 18-11-2022, 10:03
Xəbəri paylaş





Xəbər lenti