Tağıdan 2 milyon alan tutuldu, bəs Tağı 2 milyonu hardan almışdı?

Tağıdan 2 milyon alan tutuldu, bəs Tağı 2 milyonu hardan almışdı?

Bakı Ağır Cinayətlər Məhkəməsində cəmiyyəti yaxından maraqlandıran bir proses başa çatdı. Hakim Zeynal Ağayev bu gün hökm çıxardı. Bəlkə də Zeynal müəllimin imzaladığı sənədin mürəkkəbi hələ qurumayıb. Bəlkə də müttəhim hökmün şokundan çıxmayıb...
Nə isə, çox uzatmayıb mətləbə keçək. 
Əminəm ki, Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovu bu ölkədə hamı tanıyır. Tanımayanlar da səsli-küylü məhkəmə prosesi başlayanda tanıdılar. Bir müddət əvvəl məlum oldu ki, bir dələduz Tağı müəllimi aldadaraq, ondan sələmə 2 milyon manat pul alıb. Nahaq deməyiblər ki, quş dimdiyindən tələyə düşür. Tağı müəllim də iştahından tələyə düşmüşdü. Düşünürdü ki, 2 milyonun üstündə azı 200 min də alacaq. Amma nəinki faizni, heç əli ilə verdiyi pulun özünü də geri ala bilmədi. Bundan sonra işi məhkəməyə, adı isə dillərə düşdü...
Tağı Əhmədov "yeraltı dünyasının kralı" sayılırdı. Hər dəfə yerin üstünə çıxanda bir "quş" uçurdurdu. Öz təbirincə desək, "burcudurdu". İnternet versurslarında onun jurnalistlərlə maraqlı diaoloqlarını əks etdirən çoxsaylı videolar var. Bunlar öz yerində. Amma bundan da maraqlı məqam var. 
Bilirsiniz, nədir? 
Yuxarıda bəhs etdiyimiz məhkəmə prosesinin məntiqi nəticəsi olaraq Tağı Əhmədova qarşı dələduzluq edən şəxs - Səadət Xəlilov bu əməlinə görə 9 il müddətinə azadlıqdan məhrum edildi. Şanlı hüquq-mühafizə orqanlarımız Səadət bəyin Tağı Əhmədovdan 2 milyon manat alıb öz səadətinə qovuşmasına imkan vermədi. Düz elədi. Amma məni başqa məsələ maraqlandırır: Görəsən, istintaqçılar bu işi araşdıranda, məhkəmə istintaq materialalrını ələk-vələk edəndə bir adamın yadına düşdümü Tağı Əhmədovu da sorğu-sual eləsin. Mən demirəm ki, cild-cild qovluqlar hazırlasınlar. Mən deyirəm ki, ona bircə sual versinlər: Tağı müəllim, Səadət Xəlilova sələmə verdiyiniz 2 milyon manatı hardan almışdınız?
Təxminlərimə görə, Bakı Metropoliteninin rəisi işlədiyi dövrdə Tağı Əhmədovun maaşı 600-700 manat olub. Əgər Tağı müəllim ilboyu bir tikə çörək yeməyib, bir qurtum su içməsəydi belə o pulun yarısının yarısının yarısını da yığa bilməzdi. Amma xarici görkəminə baxanda ac qalıb pul yığan adama qətiyyən oxşamır...
Bəs o 2 milyon manat hardandır?
Bu sual cavabsız qaldığı üçün Azərbaycanda məhkəmə sisteminin ədalətinə heç kim inanmır...
yenisabah.az
Tarix: 18-11-2022, 15:36
Xəbəri paylaş





Xəbər lenti