“Mirzə Cəlillə iş adamı arasında dava düşdü, heykəlimi də uçurdu, Şahbaz Xuduoğlu ilə Niyazi Mehdinin heykəlinə dəymədi”


Moskvadan bir iş adamı mənə zəng etmişdi. Bir-iki saat danışdı. Deyir, sənin bütün yazılarını oxuyuram, çıxışlarına qulaq asıram. Sən bizim müasir Mirzə Cəlilimizsən. Heyif ki, sənin qədrini bilmirlər. Dedim, qədrimi bilib neyləyəcəklər ki? Özümü o qədər önəmli adam hesab etmirəm. Qayıtdı ki, yox, öləndən sonra sənə heykəl qoyacaqlar. O heykəli mən indidən qoyuram. Məni necə təriflədisə, az qala özüm də inanacaqdım. Axırda qayıtdı ki, sənə nə qulluq edim? Dedim, sağ olun, ehtiyac yoxdur. Yenə dirəndi ki, nə maddi problemin var, de, həll eləyim. Dedim, sağ olun, ehtiyac yoxdur. Əl çəkmədi. Axırda dedim ki, Qanun Nəşrlər Evini tanıyırsan? Dedi, Şahbazın yeri deyil? İndi də Şahbazı tərifləməyə başladı. Şahbaza da heykəl qoyandan sonra filosof Niyazi Mehdidən söz düşdü. Niyazi müəllimə də bir heykəl qoydu. Söhbət nə qədər uzandısa, Şahbazı tanıyıb-tanımadığımı ondan nə üçün soruşduğum yadımdan çıxdı.
 
Təzədən qayıtdı ki, sənə nə quluq edim? Dedim, kitablarımı Şahbazın Nəşriyyatında nisyə çap etdirir, küçələrdə satırdım. Xırda-xırda satdıqca pul da xərclənirdi deyə məcbur olub Şahbazın borcunu bir az gec ödədim. İndi kitablarım qurtarıb, təzə əsərlərim də var. Nisyə çıxarmaq üçün Şahbaza deməyə utanıram. Şahbazla danış, kitablarımı çap etsin, pulunu da sponsor kimi birbaşa nəşriyyata ödəyin, mənə verməyin. Sonruşdu ki, kitabların siyasi mövzuda deyil ki? Dedim, əvvəla, siyasi mövzuda olsa belə problem görməməlisən. Amma səni başa düşürəm. Narahat olmayın, siyasi mövzuda deyil. Dedi, mən buna necə əmin ola bilərəm? Dedim, kitabları PDF variantını göndərim, oxuyun. Qayıtdı ki, yox, yox, mənim kitab oxumağa səbrim və həvəsim yoxdur.
 
Bilmədim nə deyəm, axırda qayıtdım ki, deyirəm, kitab siyasi mövzuda deyil, inanmırsan. Deyirəm, göndərim oxuyun, deyirsən, mütaliə etməyə səbr və hövsələm yoxdur. İndi mən neyləyim, varyox söyüşü söyüm ki, əsərlərim siyasi mövzuda deyil?
 
Sözüm xətrinə dəydi və telefonda Mirzə Cəlillə iş adamı arasında bir dava düşdü, bir dava düşdü ki, gəl görəsən. Axırda beyni çöndü, Mirzə Cəlili mənə qatdı, məni Mirzə Cəlilə, ikimizə də ağzına gələni söylədi, heykəlimi də uçurdub dedi ki, sən bir qəpiklik adam deyilsən.
 
Sağ olsun, Şahbaz Xuduoğlu ilə Niyazi Mehdinin heykəlinə dəymədi.
 
Kəramət Böyükçöl
 
Yazıçı
Tarix: 18-11-2022, 23:11
Xəbəri paylaş





Xəbər lenti