Cinayətlərin artmasının səbəbi əhalinin ağır sosial durumudur

Cinayətlərin artmasının səbəbi əhalinin ağır sosial durumudur

Son zamanlar ölkədə qətllər, cinayət hadisələrinin sayı artır. Bunu əksər mütəxəssislər əvvəlcə pandemiyadan sonrakı dövrlə izah edirdilər. Ekspertlər belə hesab edirdi ki, pandemiya dövründə məhdudiyyətlər insanların psixikasına təsir etdiyi üçün onlar aqressiyalarını belə çıxırlar.

Amma telekanalların efirində cinayət hadisələri ilə bağlı hazırlanmış proqramlarda cinayətkarın “peşman deyiləm” deməsi və yaxu törətdiyi cinayəti qürur hissi ilə izah etməsi sübut edir ki, bu aqresiya təkcə pandemiya zamanı tətbiq edilən məhdudiyyətlərin nəticəsi deyil. Səbəb nədirsə, düzü, çox maraqlıdır.
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son dövrdə qətl və təcavüz hallarının artması həm statistikada, həm də müşahidələrdə açıq görünür. Qətllər artıq ailə daxilinə keçib. Təəssüf ki, bu hallar cəmiyyətdə sosial və psixoloji-mənəvi vəziyyətin necə acınacaqlı olduğunu göstərən faktlardır.

Sosioloqun fikrincə, bunun səbəbləri sosial vəziyyətin ağırlaşması, psixi gərginliyin və stressin artması, televiyaların apardığı psixotron terror və mənəvi deqradasiyadır. “Sosial vəziyyətin ağırlaşması, işsizlik, stresli həyat insanlarda qəzəb hissi və güclü neqativ psixoenerji yaradır. Yığılan bu enerji hardasa çıxmalıdır və ilk uyğun qığılcım yarandıqda bu “bomba” partlayır. Bu səbəbdən də sosial problemlərin həlli üçün çalışılmalıdır. Sağlam ailə, sağlam uşaq, sağlam cəmiyyət üçün xüsusi proqramlar həyata keçirilməlidir. Belə halların qarşısının alınması üçün sosial problemlər aradan qaldırılmalı, mənəvi deqradasiya dayandırılmalıdır”,- deyə o əlavə edib.
Mütəxəssis təəssüflə qeyd edir ki, ailədaxili cinayətlərin çoxu xəyanət halları ilə bağlıdır. Belə ki, əgər bu əxlaqi çökmə prosesi dayanmasa, namus cinayətləri və ailələrin dağılma sayı artacaq.
Onun sözlərinə görə, “xalqımızın ən böyük düşməni” olan özəl televiziyalar sərt cəzalandırılmalıdır.
Çünki onların cəmiyyətə, xüsusən də gənclərə qarşı açıq-qaşkar apardıqları əxlaqsızlıq təbliğatı, mənfi meylləri nümunə kimi göstərmə hərəkətləri və həyata keçirdikləri psixtron terror dayandırılmalıdır. Sosial şəbəkələrə nəzarət gücləndirilməlidir.
“Bəzi cinayətlər də psixi problemli adamların çoxalması ilə bağlıdır. Əvvəllər belələri psixi dispanserlərdə müalicəyə cəlb olunurdular, indi isə sadəcə ortalıqda gəzirlər. Yaxşı olar ki, bütün əhali psixi müayinədən keçirilsin, cəmiyyət üçün təhlükəli vətəndaşlar aşkar edilərək məcburi müalicəyə cəlb olunsunlar”-deyən sosioloq qeyd edir ki, bu tədbirlər kompleks şəkildə həyata keçirilməsə, vəziyyət getdikcə ağırlaşacaq.
P.S. Yeri gəlmişkən, qeyd edək ki, “Space” TV -sinin efiri dünən 3 saatlıq dayandırıldı. Buna səbəb isə, "Space TV" kanalının efirində noyabrın 14-də saat 12:00-14:45 arası yayımlanan "Gəl danış" proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsi olub.
Tarix: 19-11-2022, 10:32
Xəbəri paylaş





Xəbər lenti