“Narkoticarət artıq genefondumuzu təhdid edir” - Hüquq müdafiəçisindən SOS


 

Novella Cəfəroğlu: “Polis meşələrdəki narkoplantasiyaları dronla aşkarlayır deyə, meşələri yandırırlar...”

“Azərbaycanda elə rayonlar var ki, icra başçıları narkotik plantasiyaları salıblar. Mən bunu bölgələrdə apardığımız monitorinqlərə, araşdırmalara əsasən deyirəm”.
Bu sözləri tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu dünən keçirilən “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, keçirdiyi monitorinqlərin nəticələrini müvafiq dövlət qurumlarına təqdim edəcək: “Amma çox maraqlıdır, həmin rayonlarda hüquq-mühafizə orqanları o narkotik plantasiyalarından doğrudanmı xəbərsizdir? DİN nümayəndələri bizimlə regionlara getsinlər, biz onlara o plantasiyaları göstərə bilərik. Quru sərhədlərimiz bağlıdır. Narkotik vasitələri Azərbaycana necə gətirilir?”
Novella Cəfəroğlu xüsusən cənub rayonlarında vəziyyətin həddən artıq ağır olduğunu əlavə edib.
Hüquq müdafiəçisinin icra başçıları ilə bağlı dedikləri kifayət qədər ciddi ittihamdır. Eyni zamanda, burada DİN-in yerli qurumlarına irad əksini tapıb. Lakin DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib ki, Cəfəroğlunun iddiaları faktsızdır və şəxsi mülahizələrdir: “Bu barədə Novella xanımla müzakirəmiz oldu. Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli görülən işlər onun diqqətinə çatdırılıb”.
“Yeni Müsavat”a açıqlama verən Novella Cəfəroğlu bildirib ki, daxili işlər naziri Vilayət Eyvazov narkotiklərin qanunsuz dövriyyəsinə qarşı sərt mövqe sərgiləyir:

“Biz bilirik ki, cənab nazir bu məsələləri daim diqqətdə saxlayır və narkotiklərə qarşı mübarizə bir an olsun dayanmır. Bununla belə Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi də var. Mən o fikri elə-belə demirəm. Bəzi rayonlarda icra başçıları narkoplantasiyalar saxlayırlar. Həmin narkoplantasiyalar əsasən meşələrdə salınır. Polis həmin ərazilərdə yoxlamalara başlayarkən dərhal meşələrdə yanğınlar törədilir və yanğın yolu ilə narkoplantasiyalar məhv edilir. Polis orqanlar dronlarla meşələrdə monitorinqlər aparıb və dediklərim təsdiqini tapıb”.
Hüquq müdafiəçisi deyir ki, Azərbaycanın quru sərhədləri bağlı olsa da, ölkədə narkotiklərin qanunsuz dövriyyəsi azalmır:
“Sual edirəm ki, quru yollar bağlıdırsa, ölkəyə bu qədər narkotik necə daxil olur? Kimdir bu işlərin arxasında dayanan? Sərhədlər açıq olanda, düşünürdük ki, narkotiklər ölkəyə yük maşınları ilə daşınan yüklərinin içində keçirilir. Bəs indi bu necə baş verir? Narkotiklərin qanunsuz dövriyyəsi o həddə açıb ki, artıq genefondumuz təhlükə altındadır. Bu sahəyə göstərilən diqqət artırılmalı, mübarizə daha yüksək səviyyəyə qaldırılmalıdır”.
Hüquq müdafiəçisi deyib ki, hüquq-mühafizə orqanların apardığı mübarizənin nəticələri var və davamlı şəkildə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə olmalıdır.
Novella Cəfəroğlu monitorinqin nəticələrinə dair hesabatı Daxili İşlər Nazirliyinə təqdim etdiyini bildirsə də, konkret hansı rayonlardan söhbət getdiyini açıqlamayıb.
Yada salaq ki, 2022-ci ilin avqust ayında Şamaxı, Yardımlı rayonları ərazisində, Ağsu rayonunun Gəgəli kəndinin (Bakıdan 153 kilometr qərbdə) şimal-qərbində, “El yeri” adlanan dağlıq ərazinin yaxınlığında, Qəbələ, İsmayıllı rayonları ərazisindəki meşələrdə, Şabran rayonu ərzisində Xəlfələr, Zöhrəmli kəndlərində yanğınlar meydana gəlib.
Meşələrdə yanğınlar zamanı Ağsunun Maşadqanlı kəndində də Tahir Əliağa oğlu Vəlidova məxsus sahədə şiddətli yanğın baş verib. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində yanğının qəsdən törədildiyi aydınlaşıb. Yanğını törətmiş şəxs də müəyyən edilib. Belə ki, hadisənin 42 yaşlı Yusif Vidadi oğlu Ağayev tərəfindən törədildiyi aşkar edilib və vətəndaş əməlini etiraf edib. Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
2022-ci ilin sentyabrında isə Zaqatala rayonunun Axaxdərə kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın meydana gəlib. FHN, ETSN, Rayon Polis Şöbəsinin əməkdaşları, eləcə də yerli sakinlər tərəfindən yanğın söndürülüb, daha geniş əraziyə yayılmasının qarşısı alınıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində yanğını törədən şəxsin rayon sakini Abdulla Qurbanov olduğu müəyyən edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Fəqan Şahverdiyev 2022-ci ilin ilk 6 ayı ərzində ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq mövzusunda hesabat xarakterli məqalə ilə çıxış edib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının saytında yer alan məqaləsində qeyd edir ki, 2022-ci ilin 6 ayı ərzində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5 min 778 cinayət faktı aşkarlanıb. Onlardan 2053-ü narkotik vasitələrin qanunsuz satışı, 3463-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 206-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 56-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 418 kq 320,92 qr və 24650 həb narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 497 kq 266,592 qr-nı heroin, 1 ton 028 kq 428,674 qr-nı marixuana, 198 kq 089,061 qr-nı tiryək, 20 kq 547,544 qr-nı həşiş, 199 qr-nı kokain, 115 kq 821,557 qr-nı digər narkotik vasitələr və 557 kq 968,492 qr psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 1 kq 485,4 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə, 56958 ədəd narkotik xassəli çətənə bitkiləri qanunsuz dövriyyədən götürülüb.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4091 nəfər cəlb edilmişdir ki, onlardan 16-18 yaşadək 7 nəfər, 18-25 yaşadək 306 nəfər, 26-29 yaşadək 710 nəfər, 30 yaş və ondan yuxarı isə 3068 nəfər təşkil edir. Həmin şəxslərdən 3980-i kişi, 111-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 54 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş 54 xarici ölkə vətəndaşından 22-i İran İslam Respublikası, 7-si Gürcüstan, 8-i Türkiyə, 1-i Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 1-i Ukrayna və 13-ü Rusiya vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 936 kq 422,285 qr və 4078 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.
2022-ci ilin 6 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 134 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 704 kq 776,032 qr və 2048 ədəd kapsul müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 166-sı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 073 kq 648,3 qr və 7558 həb narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib.
1461 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 365 kq 983,5 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib.
Fəqan Şahverdiyev yazır ki, 2022-ci ilin ötən 6 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 3 ton 418 kq 320,92 qr, narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 113 milyon 847 min manat kimi qiymətləndirilir.
Fəqan Şahverdiyev məqaləsinin bu yerində meşələrdə müəyyən olunan narkotik tərkibli bitkilərin sayı, çəkisi və məhv edilməsini də qeyd edir. Yazır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 486,707 hektar sahədən çəkisi 115 ton 570 kq olan 244 min 445 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə 2022-ci ilin 5-6 may tarixində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının məhv edilməsi prosesi həyata keçirilib.
Təhlil göstərir ki, 2021-ci ilin I yarımilliyi ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1647, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 560, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1072, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 15 fakt, qaçaqmalçılıq faktlarının sayı 27 fakt artmış, bu kateqoriyadan olan digər cinayətlərin sayı sabit qalıb. Həmçinin qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 48 kq 275,552 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1739 nəfər, qadınların sayı isə 43 nəfər artmış, qrup halında törədilmiş cinayətlərin sayı isə 15 fakt azalıb.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən cari ilin yanvar-iyun ayları ərzində bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 41 min 576 nəfər istiqamətləndirilib.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1694 nəfərindən 1224-nün istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin olunub.
Hesabat dövründə 2947 nəfər stasionar müalicədə olmuşdur. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 942 xəstə müalicə alır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34 min 602 nəfər təşkil edib. Həmin şəxslərdən 27 min 106 nəfəri dispanser, 7 min 496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24 min 850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9 min 752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2021-ci ildə müvafiq diaqnozla 5 min 603 nəfər qeydiyyata götürülüb, 4 min 789 nəfər isə qeydiyyatdan çıxarılıb.
Hazırda cəzaçəkmə müəssisələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cəza çəkən məhkumların sayı 7 min 56 nəfər təşkil edir. Eyni zamanda istintaq təcridxanalarında saxlanılan (istintaq altında olanlar) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə həbs olunmuş şəxslərin sayı 2 min 700 nəfər, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 4 min 662 nəfərdir.
Tarix: 2-12-2022, 21:38
Xəbəri paylaş





Xəbər lenti