“Rza Talıbovun qayını illərdir burada işləyir, üzünü görən yoxdur” – “Şahin Nəbiyev ona xəyanət edib vəzifədə qaldı...”


Bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikasında (NMR) son illərin ən böyük anti-korrupsiya əməliyyatlarından biri keçirilir. Dövlət Təhlükəsizliyi Xitməti (DTX) tərəfindən həyata keçirilən əməliyyatda külli miqdarda dövlət vəsaitinin məmimsənilməsi aşkara çıxarılıb və bir neçə yüksək vəzifəli məmur Bakıya gətirilərək həbs ediliblər.
Anti-korrupsiya əməliyyatının Naxçıvanın bütün sahələrini əhatə etdiyini nəzərə alsaq, yeni həbslərin olacağı ehtimalı da yüksəkdir. Azərbaycan qanunlarının heçə sayıldığı Naxçıvanda nazirlər, xidmət rəisləri, komitə sədrləri uzun illər tabelikdə olan qurumları özlərinə xas qayda-qanunlarla idarə ediblər.
Qanunlarımızın işləmədiyi qurumlardan biri də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətidir. Xidmətin rəisi, general-mayor Şahin Nəbiyev də digər səlahiyyət sahibləri kimi dövlət idarəsini öz qanunları ilə idarə edib. MR-dəki mənbənin sözlərinə görə, Xidmətin əməkdaşları sözün əsl mənasında qul kimi işlədilirlər. Ev üzünə həsrət qalan Xidmət işçiləri nəinki bayram günlərində işə çıxır, hətta məzuniyyətə belə buraxılmırlar. Nürəddin Əzimov adında işçi var, amma üzünü görən yoxdur...
Mənbə qeyd edir ki, kiçik bir səhv etdiyinə görə Xidmətin binasında işçini “dubinka” ilə döyən Nəbiyev, özünü MR-dəki hakim ailənin ən yaxın adamı kimi göstərməyə çalışır: “Burada onlarla adı olub, özü olmayan işçi var. Bu şəxslərdən tanınmışı Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimovun oğlu Nürəddin Əzimovdur. İllərdir bu idarədə işləyir, ancaq nə işə gəlir, nə də üzünü görən var. N.Əzimov da öz növbəsində yaxın adamı Rəfael Salmanovu burada işə düzəldib. O da Əzimov kimi idarənin yolunu tanımayanlardandır”.

Mənbə deyir ki, N.Əzimova Miqrasiya Xidmətindəki bu imtiyaz, ilk baxışdan zənn edildiyi kimi, atasının hesabına verilməyib. Belə ki, o, hakim ailənin yaxın qohumudur - Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun böyük oğlu, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi Rza Talıbovun qayınıdır. 
Bəs Şahin Nəbiyev hakim ailə, yəni Talıbovların gözünə girməyi necə bacarıb?
Araşdırmamız zamanı məlum oldu ki, əslində, Ş.Nəbiyev sələfi Fazil Ələkbərovun adamı olub. Deyilənlərə görə, uzun illər Sədərək Gömrük İdarəsində Ələkbərovun pulyığanı işləyib. Daha sonra Naxçıvan DTX-ya rəis təyin edilən F.Ələkbərov özündən sonra Miqrasiya Xidmətinə Nəbiyevin rəis təyin edilməsinə nail olub. Vaxtında Ələkbərovu yerə-göyə sığdırmayan, hətta onun qarşısında iki qatlanan Ş.Nəbiyev isə Talıbovlarla münasibətləri pozulan F.Ələkbərovu sataraq, ona xəyanət etmiş olub. Bu xəyanətin mükafatı olaraq o vəzifədə saxlanılıb və müəyyən imtiyazlar əldə edib.
“AzPolitika”
Tarix: 5-12-2022, 17:32
Xəbəri paylaş





Xəbər lenti