“İcra başçısı qəbul etdi, dedi, baxarıq, amma heç nə olmadı“ - Şikayət


Neftçala rayonunun Mirqurbanlı kənd sakini Rahim Həsənov işsizlikdən şikayətçidir.
Yenisabah.az-a danışan şikayətçinin sözlərinə görə, ailə vəziyyətinin ağır olması və iş tapa bilməməsiylə bağlı Yenisabah.az-ın redaksiyasına müraciət edib.
Şikayətçinin sözlərinə görə, hazırda işləmir:
“Ailə vəziyyətimiz çox pisdir. Oğlumun biri əsgəri xidmətdədir, biri gələn il, o birisi isə növbəti ildə əsgərliyə gedəcək. Həyat yoldaşım da Hepatit-C xəsətliyindən əziyyət çəkir.
Artıq həyatımdan da bezmişəm. Neftçala rayon İcra Hakimiyyətinə müraciət etmişəm, İH əməkdaşlarının qəbuluna düşmüşəm. Bir ay qabaq isə rayon icra başçısı Mirhəsən Seyidova müraciət etmişdim, qəbul etdi, dedi, baxarıq, amma heç nə olmadı. 
İnanın, vəziyyətimiz o qədər pisdir, artıq əsəbdən ağlayıram, dözə bilmirəm. İcra işləyənlərin qohum-əqrəbası, hamısı işləyir. Mən neçə ildir can çəkişirəm, işsizlikdən, yoxsulluqdan ürəyim partlayır. 
Düzdür, sosial müavinət alıram, amma övladımın biri də xəstədir, revmatizmi var. Pulu ancaq onun dava-dərmanlarına və Bakıya aparıb gətirməyimə pulu sərf edirəm. Deyirəm, özüm acından ölüm, amma balam şəfa tapsın”.
Neftçala rayon İcra Hakimiyyətinə şikayətlə bağlı zəngə cavab verən olmadı. Rayon Məşğulluq Xidmətində də suallara cavab verəcək rəsmi şəxs tapılmadı.
Tarix: 10-12-2022, 13:46
Xəbəri paylaş





Xəbər lenti