ZAHİD ORUC BƏRDƏ ŞƏHİDLƏRİNİ UNUTDU: BAŞ ONA QARIŞIB Kİ...


 Oktyabrın 28-i Bərdə üçün tarixdə şanlı qəhrəmanlıq səhifələrindən biridir. Çünki bu qədim Azərbaycan şəhəri Vətənin azadlığı uğrunda döyüşlər gedərkən erməni terrorçularınln hədəfinə tuş gəlsə də, qorxmadı, çəkinmədi. Günün günortaçağı şəhərin mərkəzini kassetli bombalarla terror etdilər: şəhərin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak oldu, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Bərdə mərdi-mərdanə bu erməni terroruna, erməni xainliyinə sinə gərdi, əhali  şəhəri tərk etmədi, Ordumuzdan qələbə xəbərləri gözləməyə davam edərək arxa cəbhədə dəstəyini davam etdirdi. Bu tarixdən iki il ötür və Bərdə terrorunun qurbanları hər 28 oktyabrda yad edilir. Əslində təkcə o tarixdə deyil, hər zaman xatırlanmalıdır. Lakin məsələnin təəssüf doğuran tərəfi budur ki, Bərdənin deputatı, Strateji Tədqiqatlar Mərkəzinin sədri, çıxışları həmişə seçilən, intellekti ilə diqqət çəkən hörmətli Zahid Oruc 28 oktyabr günü Bərdəyə gəlməmişdi. 

SİAM.Az məlumat verir ki, Zahid Oruc belə vacib günü unuda bilməzdi. Əgər unudubsa, bu bir ayıb, unutmayıb Bərdədə tədbirlərdə iştirak etməyibsə, bu da ikiqat ayıb. Yəni heç bir izah vermək olmur. Hətta dəqiqləşdirmək lazım gəlirsə, o tarixdə deputatın nə səhhətində problem olub, nə üzrlü səbəbi olub, əksinə, STM-də öz kabinetində işinin başında imiş. O zaman hörmətli Zahid Oruc millət vəkili olduğu Bərdəyə niyə getməyib, nə üçün terror qurbanlarını, Bərdə şəhidlərini yad etməyib? O demək deyil ki, STM rəhbəri bilərəkdən hörmətsizlik edib, amma o deməkdir ki, diqqətsizlik və laqeydlik nümayiş etdirib. Bu da Bərdə ictimaiyyətinə toxunmamış deyil. Çünki gözlər tədbirlərdə, qulaqlar çıxışlarda, terror qurbanlarının yaxınlarının diqqəti iştirakçılarda və... belə bir vaxtda Zahid Oruc gözə görünmür. Hətta səbəbi də açıqlanmır. Yerli əhali də bu haqda xeyli danışıb: sosial şəbəkələrdə, ictimai müzakirələrdə, Bərdənin çayxanalarında, bazarlarında...Axı Zahid müəllim 28 oktyabrda harada olub? Bundan əlavə, deputatın vəzifəsi seçildiyi bölgəyə tez-tez baş çəkmək, problemlərini öyrənmək, parlamentdə qaldırmaq, müvafiq orqanlara çatdırmaq olmalıdır. Ancaq Zahid Orucun başı ictimai rəy sorğuları keçirməyə o qədər qarışıb ki, Bərdədə ictimai rəyi öyrənmək yadına düşmür. Halbuki elə ölkənin siyasi rəhbərliyinə ilk növbədə deputat olduğu Bərdədəki sosial-iqtisadi vəziyyətlə bağlı məruzə etməli, bu şəhərdə sorğu keçirilməli idi, bərdəlilər də problemləri dilə gətirməliydilər. Bu məsələdə də hörmətli Zahid Oruc Bərdə camaatının arzularını ifadə etmir. Yəni nə terror qurbanlarının yad edilməsi tədbirlərində iştirakı var, nə bölgənin problemləri ilə maraqlanır.
Şahin Əhmədov,
Siam.az
Tarix: 12-12-2022, 22:17
Xəbəri paylaş





Xəbər lenti