Vahid Əhmədov: “Bu nazirliklər vətəndaşları işə götürmür”


 
“Milli Məclisin komitə iclaslarının birində “İşsizlikdən Sığorta Fondunun  büdcəsi”nin müzakirəsində cənab Sahil Babayev də iştirak edirdi. Mən orada məsələ qaldırdım, dedim ki, ictimai işlərlə məşğul olanlara ayda 300 manat maaş veririk, amma siz İşsizlikdən Sığorta Fonduna 53 milyon qənaət etmisiniz”.
Bu fikirləri deputat Vahid Əhmədov Musavat.com-a açıqlamasında söyləyib.
Millət vəkili bildirib ki, ictimai işlərlə məşğul olanların əmək haqqını artırmaq olar: “Niyə o insanlara 300 manat veririk? 500-600 manat verin, insanlar dolana bilsinlər, çünki inflyasiya, qiymət artımı gedir. Mən bu təklifə də cavab ala bilmədim. Amma hesab edirəm ki, bu məsələ həll oluna bilər. O insanların çoxu soyuq havada, çətin işlərdə çalışır. Biri var maaş artırmağa vəsait olmasın, biri də var ki, sən İşsizlikdən Sığorta Fondunda 53 milyon manat qənaət edirsən. Niyə qənaət edirsən? Ümumiyyətlə, bu qənaət məsələsi çox ciddi müzakirə obyekti olmalıdır. Mən qənaəti başa düşə bilmirəm. Bəzən baxırsan ki, o qədər vakant yerlər var, amma işə götürmürlər, niyə? Gedirsən məşğulluq idarəsinə deyirlər iş var, 200-250 manat maaş. Bu maaşa kim gedib işləyər?”
Vahid Əhmədov digər vacib məsələyə də diqqət çəkib: “Elə nazirliklər var ki, kifayət qədər vəzifələr vakantdır, yaxşı maaşı da var, amma vətəndaşları işə götürmürlər. Əvvəllər yaxşı idi, regionlardakı idarələr həll edirdilər, indi elə deyil, hamısını mərkəzə birləşdiriblər, məsələ mərkəzdə həll olunmalıdır. Biz mərkəzdən regionlara səlahiyyət verməliyik ki, onlar işləsinlər. Bizdə Naxçıvan da daxil olmaqla 15 iqtisadi ərazi var. İqtisadi rayonların 15 rəhbəri olmalıdır. Onlara səlahiyyət vermək lazımdır ki, maliyyə məsələsini özləri həll etsinlər, investisiya cəlb etsinlər”.
Tarix: 14-12-2022, 21:49
Xəbəri paylaş





Xəbər lenti