Erkən nikahlar, məişət zorakılığı, feministlər... – Parlamentdə həyəcan təbili çalındı



Komitə sədri deputatlar qarşısında hesabat verdi: Bahar Muradova millət vəkillərindən kömək istəyib
Milli Məclisin bu gün keçirilən iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı" müzakirə edilib. Sənəd barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib. Komitə sədri ölkədə il ərzində gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlər haqqında danışıb. B.Muradova bildirib ki, il ərzində rayonlarda təlimlər keçirilib, əhali təlimlərə və tədbirlərə cəlb edilib. Eyni zamanda, təhsildən yayınma hallarının qarşısının alınması barədə məlumat verilib.
“Bizdə bəzən 17 yaşında olanlara ailə qurmağa icazə verilir”
Bununla yanaşı, komitə sədri bildirib ki, qanunvericilikdə gender ekspertizasının aparılması qaydası müəyyən edilməlidir: “2021-ci ildə respublikada qadınlara qarşı zorakılıqla müşayiət olunan 2197 cinayət qeydə alınıb. Ötən il verilən mühafizə orderlərinin sayı da artıb, 10 600 qısqanclıq zəminində cinayətin qarşısı alınıb. Təsəvvür edin, bunun qarşısı alınmasaydı, nə qədər cinayət qeydə alına bilərdi”.

“Bizdə bəzən 17 yaşında olanlara ailə qurmağa icazə verilir. Amma biz 18 yaşdan aşağı olanların ümumilikdə nikaha girməsinin qadağan edilməsinin tərəfdarıyıq”, - deyən komitə sədri vurğulayıb ki, qanunvericilikdə nikah yaşı birmənalı 18 qəbul edilməli, heç bir istisna olmamalıdır: “Mən sizdən istisna halların aradan qaldırılması ilə bağlı dəstək istəyirəm. Bizdə uşaq nikahı və erkən nikah ifadəsi var. Biz 17 yaşa tətbiq edilən istisna hallarını aradan qaldırsaq, erkən nikah ifadəsi dilimizdən çıxarılacaq”.
“Ölkədə 100 qıza 115 oğlan düşür”
Müzakirə zamanı deputat Qənirə Paşayeva Azərbaycanda cinsi seleksiyanın artdığını deyib. Millət vəkili bildirib ki, bu, gələcəkdə ciddi problemlər yaradacaq: "İndiki statistikaya görə, ölkədə 100 qıza 115 oğlan düşür. Bu çox ciddi problemdir. Biz qanunverici və icraedici orqanlar olaraq, bu məsələ haqqında düşünməliyik. Düşünməliyik ki, bunun qarşısını almaq üçün daha nələr edə bilərik. Hesab edirəm ki, marifləndirici tədbirlər davam etdirilməlidir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, ölkədə erkən nikah halları qalmaqdadır: “Bu nikahlar haqqında statistik məlumatları 15-17 yaşlı qızlar tərəfindən doğulan uşaqların sayına görə təxmini müəyyən etmək olur. Düşünürəm ki, nəzarət funksiyaları gücləndirilməlidir”.
“Doğulan uşaqlar arasında cinsi ayrı-seçkilik halları da mövcuddur. Bu və digər hallar gender əsaslı və məişət zorakılığı cinayətlərinə səbəb olur. Əfsuslar olsun ki, hər birimiz bu cinayətlərin ağır fəsadlarını görürük”, - deyə Hüseynova əlavə edib.
“Qadının iqtisadi müstəqilliyinin aşağı olması boşanma hallarına səbəb olur”
Deputat Fazil Mustafa hesab edib ki, məişət zorakılığının törədilməsinin əsas səbəbi mentalitetlə bağlı olan dəyərlərdir. Onun sözlərinə görə, bu, həm də qadının məşğulluq problemləri ilə bağlıdır: “Qadının işsizliyi və iqtisadi həyatdan kənara çəkilməsi onun ailəsinə də yansıyır. Qadının iqtisadi müstəqilliyinin aşağı olması boşanma hallarına səbəb olur. Mən yalnız qadınların məktəbdə, bağçada direktor və rəhbər vəzifələrdə olmasını yüksək qiymətləndirmirəm. Çünki demək olar ki, burada bir nəfər belə kişi yoxdur”.
“Digər vacib problem isə odur ki, ölkədə narkomanların əksəriyyətini həbsxanaya göndəririk. Çünki bununla bağlı reabilitasiya mərkəzləri yoxdur. Həmçinin, yardıma ehtiyac olanlar üçün də sığınacaq yoxdur. Bizdən qat-qat zəif vəziyyətdə olan ölkələrdə bir çox sığınacaqlar var. Bizdə isə bu sığınacaqların sayı 2-3-dür. QHT-lər bu məsələləri öz üzərinə götürməldir. Bunun üçün onlara şərait yaradılmalıdır. Bu baxımdan qanunvericilikdə köklü dəyişikliklər edilməsi vacibdir", - deputat qeyd edib.

Deputat: “Feministlər gənc qızları xoşagəlməz istiqamətə yönəltməyə çalışırlar”
 “Bu gün Azərbaycanda ailə institutuna kənardan çox ciddi müdaxilələr var”, - deyən deputat Fəzail Ağamalı bildirib ki, ailə institutunun zəifləməsində feministlərin rolu getdikcə artmaqdadır: “Bu təşkilatlar gənc qızları xoşagəlməz istiqamətə yönəltməyə çalışırlar, bəzən yönəldə bilirlər. Biz qanunvericilikdə bunun qarşısını almalıyıq. Ciddi qanunvericilik aktlarının qəbuluna ehtiyac var”.
Komitə sədrindən təklif: “Doğulan qızlara görə sosial müavinətin ver”lsin"
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında doğulan qızlara görə sosial müavinətin verilməsini, Ailə Məsələləri Nazirliyinin yaradılması təklif edilib. Onun sözlərinə görə, dövlətin ailə siyasətinə yenidən baxılmalıdır.
Deputat bildirib ki, 2025-2050-ci illər üçün Ailə Strategiyası hazırlanması vacibdir: “Oğlan uşaqlarının sayının çoxalması, demoqrafik natarazlığın qarşısının alınması üçün doğulan qızlara görə sosial müavinətin verilməsi gərəkdir. Hazırda dövlət siyasətini həyata keçirən rəsmi dövlət qurumunun – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərini yeni vəzifələrə və tələbələrə uyğunlaşdırmaq, bu sahədə dönüş yaratmaq üçün Ailə Məsələləri Nazirliyinin yaradılması vacibdir”.
“Bununla yanaşı, hesab edirəm ki, “Ailə psixoloqu” mütəxəssislərinin hazırlanması da vacib məsələdir. İntihar hallarının qarşısının alınması, uşaqların psixi sağlamlığı, ailələrdə stressin idarə olunması, zorakılığın azaldılması ilə məşğul olan sosial işçilər, psixoloqlar korpusunun formalaşdırılması da ilk addımlar sırasında olmalıdır. Bu tədbirlərlə biz ailələrimizi xilas edə bilərik. Gələcək üçün cəmiyyətə faydalı vətəndaşlar vermək lazımdır. Bu institutda problemlər çoxdur və qarşısınəın alınması, həlli yolları da mövcuddur”.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Tarix: 20-12-2022, 21:11
Xəbəri paylaş





Xəbər lenti