Prezident Administrasiyasının qəbul qadağaları


İşgəncəgörən Qarabağ qazisinin Fuad Ələsgərovun, Gündüz Kərimovun qəbuluna qadağa qoyulub

Nizami polisinin 24-cü Polis Şöbəsinin 66 yaşlı 1-ci dərəcəli Qarabağ qazisinə qoluqandallı işgəncə verib, 9 qabırğasını sındırmasına, ağ ciyərində hematoma əmələ gətirməsinə, açıq-qapalı kəllə beyin travması kimi ağır xəsarətlər yetirməsinə, tibbi yardıma, astma dərmanından belə istifadə etməsinə qadağa qoymasına şikayətini və ekspertiza rəyini alan Nizami prokurorluğu, hərəkətsizliyindən şikayət verilən yuxarı prokurorluq orqanları nəinki hüquqi qiymət verir, əksinə, cinayəti ört-basdır edirlər. Elə Ombudsman kimi. Elə bil nə mən olmuşam, nə məhkəmə qərarı olmadan izlənmişəm, nə qatı cinayətkar kimi barəmdə sahə müvəkkili Elçin İslamov “donos” yayıb, nə 2 sutka yaralı durumda işgəncə kamerasında saxlanmışam, nə evimdən kompüter oğurlanıb . Heç müstəntiq Qalib Kərimli də olmayıb, işgəncə kamerasına Xətai məhkəməsinin keçmiş hakimi Raziyə Ataşovanı da gətirməyib, bu başabəla hakim də müstəntiqlə birlikdə yazdıqları üzləşmə protokolunda üzümə durmayıb ki, mənə icra vərəqi verməyib, axı icra vərəqi tələbkara yox, ( Xətai və Nizami ) icra şöbələrinə verilir. Raziyə Ataşovanın ikiqat məsuliyyət daşıması – həm yalan ifadə verməsi, həm də məhkəmə qərarı olmadan həbsdə saxlanmağım cinayətini bilib xəbər verməməsi “xüsusatları” da təsdiqini tapmayıb. Heç indiki hakim Nigar Qədirli də, ona əmlakımı oğurlamağa təqdimat yazan prokuror Pərviz İbayev də olmayıb. İşgəncəgörən 1-ci dərəcəli Qarabağ qazisinin qoluqandallı rentgen müayinəsini həyata keçirən Sabunçu rayonu, 3 saylı xəstəxanada olması da uydurmadır, DİN-in qospitalında rentgen müayinəsindən keçməsi də. Heç Səhiyyə Nazirliyinin Nizami rayon məhkəmə-tibbi eksperti də prokurorluğa ağır xəsarətlər barədə rəy verməyib. Hamısı yalanmış, “xüsusatlar”ın təsdiqini tapmadığını” Bakı şəhər Baş Polis İdarəsinin təşkilat inspektor idarəsi (Bəkir Sarıyev), Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “təsdiq edib”.
Bəs ölkənin 1-ci şəxsləri, bəs baş prokuror, Prezident köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov nə deyirlər? İşgəncə kamerasından çıxan kimi PA-nın 1111 çağrı mərkəzinə cavab olaraq Prezident köməkçisinin qəbul limitinin ildə iki dəfə, yəni altı aydan bir olduğunu dedilər. Aprel ayında qəbulda olduğumdan, lap işgəncə olmasın, ölüm olsun, Fuad Ələsgərovun qəbul limiti bitib! (?) 1111-dən məktubla müraciət etməyimi məsləhət gördülər.
1-ci vitse-prezidentin katibliyindən sayğı ilə davranıb, yaralı durumda qəbula gəlmək əvəzinə, məktubla Prezident Administrasiyasına müraciət etməyi dedilər. 12 sentyabr 2022-ci ildə həm 1-ci vitse-prezidentə, həm də Prezidentə (köməkçisi Fuad Ələsgərova) xəbərnaməli məktub göndərib, sentyabrın 14-də məktubun çatdırılması barədə bildiriş teleqramı aldım. Sən demə, bu “xüsusatlar” da təsdiqini tapmayıbmış”. 14.12.2022-ci ildə 1111-ə zəng edəndə həm Prezidentin (köməkçisi Fuad Ələsgərovun ), həm də 1-ci vitse-prezidentin katibliyindən sentyabr ayında onlara məktub daxil olmadığı bildirildi. Bu necə ola bilər, axı məktubun PA-ya çatdırıldığını poçt şöbəsi təsdiq edib! ? Belə çıxır, məktub PA-ya çatandan sonra itirilib, aidiyyəti üzrə verilməyib. Görəsən, polis işgəncəsini gizlədib “ayı xidməti” göstərən sənədlərlə və müraciətlərlə iş şöbəsinin müdiri Süleyman İsmayılovun özüdür, yoxsa köməkçiləri? Nə bilim?
13.12.2022-ci ildə online rejimdə PA-nın saytı ilə Fuad Ələsgərovun 15 dekabrda olacaq qəbuluna yazıldım. 1111-ə zəng edəndə isə əks-əlaqə ilə qəbula yazılmaq təsdiqlənməsə, PA-nın Vətəndaşların qəbulu mərkəzinə getməyi məsləhət gördülər . Mərkəzin 39-cu zalında adını deməkdən imtina edən xanım (qeydiyyat otağında Səmayə Əliyeva olduğunu açıqladılar) qəbula bir gün qalmış yazılmaya qadağa qoyulduğunu deyib, 1111-i suçladı. Nə qədər əlillərin növbədənkənar qəbul olunduğunu desəm də, limitin dolduğu əsası ilə qəbula qadağa qoyuldu. Hətta yazılı müraciətimi də qəbul etmədi ki, poçtla göndərməliyəm. Poçtla göndərilənlərin it-bata salındığını deyəndə, başqa “xüsusatlar”ın mümkün olmadığı cavabını aldım. PA Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimovun 23 dekabrda olacaq qəbuluna da anonimliyini inadla saxlayan xanım Səmayə Əliyeva qadağa qoydu ki, qanunvericiliyə və hüquqa tüpürməklə bağlı şikayətlərin Gündüz Kərimova aidliyi yoxdur. Belə başa düşdüm ki, polis özbaşınalığından şikayətləri qəbul şöbəsi kiminsə göstərişi ilə ört-basdır edir. Kimin? Nə bilim?
Bəs VK -nın intizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilovun DİN-dən əməkhaqqı almasına, məhkəmələrlə qeyri-prosessual münasibətə girərək, 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə təminatı hüququna qadağa qoymasına kim baxmalıdır? DİN -də vəkil ştatı var? Əlirza Həbilovun etibarnaməsi olmadan DİN-in vəkili və nümayəndəsi kimi məhkəməyə təzyiqinə hüquq qiymətini kim verməlidir? PA-nın qanunvericilik və hüquq siyasəti şöbəsinin müdirinin vəkil-məhkəmə dələduzluğuna baxmadığı cavabı ilə yola salındıq. Heç sosial təminat hüququna inzibati-məhkəmə qadağasına da Aparatda baxan olmadığı, ƏƏSM nazirinin qəbuluna getməyi məsləhət verməklə cavab verildi. Bir daha qanunsuzluğun başında hüququn “başına çatı salan , oyun açan” PA-nın dayandığına əmin oldum. Bir daha əmin oldum ki, polis istənilən yerdə, istədiyi anda qollarımı qandallayıb işgəncə verər, sorğu-sual edən də olmaz.
Yaxşı ki, 1-ci vitse-prezident, xanım Mehriban Əliyeva var! 1111-ə 1-ci vitse-prezidentin katibliyinə zəng edib, qısa bilgi verən kimi, anında qəbula yazdılar və dinləyib 10 günə tədbir görüləcəyini dedilər. Gözləyək. ..
MƏĞRUR BƏDƏLSOY
Tarix: 22-12-2022, 19:57
Xəbəri paylaş





Xəbər lenti