“Bir ildir gözləyirik ki, şəhid həyat yoldaşımın adı məktəbə verilsin” - ŞİKAYƏT

“Bir ildir gözləyirik ki, şəhid həyat yoldaşımın adı məktəbə verilsin”
“Ötən il Vətən müharibəsi şəhidi kapitan Pərviz Məmmədovun adının əbədiləşdirilməsi ilə bağlı ərizə yazmışıq. Bir ildir gözləyirdik ki, şəhidin adı yaşadığımız rayonda, Ümid qəsəbəsində yerləşən 294 nömrəli məktəbə veriləcək. İndi məlum olub ki, həmin məktəbə başqa şəhidin adını verirlər”.

Siam.az bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya şəhidin həyat yoldaşı Ayşə Məmmədova müraciət edib.

O bildirib ki, həyat yoldaşının adının əbədiləşdirilməsi üçün ailəyə ötən il 4 məktəb təklif olunub: “Yaşadığımız ünvana yaxınlığını nəzərə alıb 294 nömrəli məktəbi seçdik. Biz özümüz də Qaradağda yaşayırıq, 294 nömrəli məktəbin yaxınlığında isə şəhidin atasıgil yaşayır. Lakin bu günlərdə Elm və Təhsil Nazirliyindən Qaradağ RİH-ə bildirilib ki, biz həmin ərizəni geri götürməliyik, digər şəhidin adına yeni ərizə yazılacaq. Rayonda digər orta məktəblər olsa da, şəhid ailələri üz-üzə qoyulur”.

Problemlə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, həqiqətən şəhid P. Məmmədovun adının əbədiləşdirilməsi ilə bağlı ailəsi tərəfindən müraciət olunub və ərizə yazılıb: “Biz həmin ərizə ilə bağlı aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinə və Nazirlər Kabinetinə məktub ünvanlamışıq. Məktəbə şəhid adının verilməsi bu qurumların səlahiyyətindədir. Elm və Təhsil Nazirliyindən bizdə tövsiyə məktubu göndərilib ki, həmin şəhid ailəsi ərizəni geri götürsün və onun əvəzinə digər şəhidlə bağlı ərizə alınsın. Lakin biz belə bir məktub vermədik, çünki şəhid P. Məmmədovun ailəsi bir il əvvəl müraciət edib”.

Elm və Təhsil Nazirliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhəri 294 nömrəli tam orta məktəbə şəhid Məmmədov Pərviz Ələddin oğlunun adının verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Nazirlər Kabinetinin müvafiq dərkənarı ilə 2022-ci ilin fevralında Elm və Təhsil Nazirliyinə daxil olmuş məktubuna baxılıb və Nazirlər Kabinetinə müvafiq cavab məktubu göndərilib.

Qeyd edək ki, şəhid adlarının məktəblərə və küçələrə verilməsi Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə, yəni “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında qərarla təmin olunur. Həmin qərarın 3-cü bəndinin 3-cü müddəasında isə göstərilir ki, şəhid statusuna malik şəxsin adının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün yerli icra hakimiyyəti orqanları Nazirlər Kabineti qarşısında vəsatət qaldırmalıdır. Bundan əlavə, həmin şəhid ya Azərbaycanın Milli Qəhrəmanı olmalı, ya da Vətən uğrunda döyüşlərə görə ən azı iki ordenlə təltif olunmalıdır.

Xatıqladaq ki, Məmmədov Pərviz Ələddin oğlu 1989-cu il avqustun 9-da Tovuz rayonunda anadan olub. Daha sonra ailəsi ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsinə köçüb. 2020-ci il sentyabrın 30-da Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Müharibədə göstərdiyi rəşadətə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Rəşadət” ordeni ilə təltif olunub. Şəhidin 8 yaşlı oğlu yadigar qalıb.
Tarix: 26-12-2022, 14:18
Xəbəri paylaş





Xəbər lenti