"Azza"nın şikayəti əsasında həbs edilən şəxs məhkəməyə müraciət etdi


“Azza Aqro” Qapalı Səhmdar Cəmiyyətini şantaj etməkdə təqsirləndirilən Cavad Əliyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum barədəsində bəraət hökmünün çıxarılmasını istəyir.
 
Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
 
Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 18-nə təyin edilib.
 
İttihama görə, Cavid Əliyev "Azza"nın Nəsimi rayon ərazisində yerləşən mağazasından aldığı tortun içindən milçək çıxdığı iddiası ilə mağazaya şikayət etsə də, araşdırmalar nəticəsində bu, təsdiqini tapmayıb.
 
Bundan başqa, Cavad “Azza”dan şikayətçi olmamaq üçün qarşı tərəfdən 5 min manat pul istəyib. O, əks halda şirkətin nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağını bildirib.
 
“Azza”nın nümayəndəsi şikayətçi ilə Xan Şuşinski küçəsi 62 ünvanında yerləşən baş ofisdə görüşən zaman ona min manat pul verib, qalan pulu da axşam saatlarında gəlib götürməsini deyib. Cavad isə pulu tam götürəcəyini bildirərək axşam qayıdacağını söyləməklə ofisi tərk edib.
 
Bundan sonra “Azza” rəhbərliyinin göstərişi ilə polisə şikayət edilib. Şirkətin şikayəti əsasında C Əliyevin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.
 
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cavad Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Tarix: 4-01-2023, 16:27
Xəbəri paylaş





Xəbər lenti