İnzibati həbsxana pislik etmək yeridir

Rüstəm İsmayılbəyli
Tofiq Yaqublu saxlandığı inzibati həbsxananın idarəsinə etiraz olaraq dünəndən aclıq aksiyasına başlayıb.
2 dəfəyə 30 gün orada qalmış biri olaraq bu mövzuda bir şey yazmalı olduğumu düşünürəm.
Bineyi-qədimdən bilirik ki, istənilən avtokratiya pis niyyətlidir, xüsusilə də, avtokratiyanın düşmənlərinə qarşı. İstənilən avtokratiya qulluqçusu özündə demokratlara mane olmaq vəzifəsi hiss edir.
Məsələn, Rüstəm etiraz aksiyasına çıxanda onu həbs edir, işgəncə verir, ağır bir şey yazanda yenə hansısa yolla cəzalandırır və s.
Bunlar tam qanunsuzdur, əxlaqsızdır, amma hardasa bilirik ki, avtokratiyanın demokratlara qarşı müdafiə mexanizmidir. Qorxurlar ki, cəzalandırma olmasa, zəifləyə, devrilə bilərlər.
Amma bu inzibati həbsxana deyə bildiyimiz İHOSM-nin qaydaları əlavə pis niyyətə sahibdir. Yəni, heç bir avtokratiyanın müdafiəsindən söz gedə bilməz. Məqsəd sadəcə, onsuz da, narahat olan məhbusu daha da narahat etməkdir.
Məsələn, yemək söhbəti.
İnzibati həbsxanada mən hər 15 gündə 2,5-3 kilo arıqlamışam. Az qala, aclıq aksiyasından bir az aşağı səviyyədir. Hələ fikirləşin ki, mənim bir az pulum var idi deyə hər gün orada “market” deyilən anlayışdan əlavə Cola sifariş edirdik ki, bir az artıq kalori alaq.
Çünki həqiqətən oradakı 3 yeməyi birləşdirəndə heç 1000 kalori də etmir.
Yaxşı, bu korrupisyadır, əxlaqsız və qanunsuz davranışdır, amma avtokratiyanın primitiv yaşayış formasıdır. Bəs onda bu adamlara nə mane olur ki, məhbusun öz cibindən ala biləcəyi, ya kənardan gələ biləcək yeməyə icazə vermirlər? Əvvəl həmin o “market”dən dönər istəmək olurdu, sonradan o da yığışdırıldı.
Bunun avtokratiyaya hansısa xidməti olsa, buna təcridxanada da icazə verilməz. Yoxdur. Bu məhz əlavə pis niyyətdir.
Ya da görüş məsələsi.
2020-də, karantin başlayanda deyildi ki, vəkil xaric heç kimlə görüşə icazə verilmir. Amma artıq 3 il keçib, ölkə daxilində heç bir tədbir qalmayıb. Görüş qadağasına davam etməyin nə mənası var? Heç nə. Ancaq və ancaq əlavə pis niyyət.
İndi Tofiq Yaqubluya hətta vəkil və telefonla görüşə də mane olurlar.
Bəyəm Tofiq Yaqublu kimləsə görüşəndə avtokratiyaya zərbə dəyəcək? Yox. Sadəcə bu adamlar Tofiq Yaqubludan şəxsən intiqam almaq istəyirlər. Bu istəklə, bu niyyətlə avtokratiyanın tələb etdiyindən daha da artıq qadağalar gətirirlər.
İHOSM-nin daxili qaydaları ciddi şəkildə problemlidir, Azərbaycanın tərəf olduğu və həbsxanaları, saxlanma mərkəzlərini tənzimləyən beynəlxalq qaydalara heç bir şəkildə cavab vermir.
Və açığı deyim ki, onsuz da, 15-20 gün yatıb çıxırıq düşüncəsi ilə özümün də daxil olduğu xeyli adam bu məsələ ilə bağlı çox da danışmayıb, nəsə etməyə çalışmayıb.
Ona görə də, Tofiq Yaqublunun bu aclıq aksiyası yalnız onun öz azadlığı və şəraitindən də daha böyük bir əhəmiyyət daşıyır.
Çünki Azərbaycanda nəyi isə dərk edə bilən bir sosial şəbəkə istifadəçisinizsə, hər gün ora düşmək ehtimalınız var. Biz dostlarla bir stolda oturanda orada qalmamış adamlar stolun azlıq hissəsini təşkil edirlər.
Buna görə də, bu aclıq aksiyasının nəyə isə təsir etmək ehtimalı belə, hamımız üçün vacibdir.
Tofiq Yaqublu azad edilməlidir. Azərbaycanda həbsxanaların və saxlanma mərkəzlərinin qayda-qanunları tamamilə dəyişdirilməlidir.
Tarix: 9-01-2023, 08:06
Xəbəri paylaş





Xəbər lenti