Deputatların maaşı kəsilsin, “uşaqpulu”na yönəldilsin, hər uşağa min manat verilsin - TƏKLİF


“Gələcək nəsillərimizi, soyumuzu, kökümüzü təmin etmək üçün əlimizdən gələn hər şeyi etməliyik. Demoqrafik inkişafı təmin edək, insanları vətənpərvər ruhda, əxlaqla, mənəviyyatla, elmlə, dinimizə uyğun formalaşdıraq. Uşaqlarımız hərtərəfli təmin olunmalıdır. Çünki gələcəyimiz, dövlətimiz, dövlətçiliyimiz – hamısı onlardan asılıdır. Bir deputat deyirsə ki, “uşaqpulu”nu artırsaq, sonra çoxlu uşaq doğarlar, dövlət borca düşər... Belə bir adam parlamentdə hansı haqla otura bilər? Bu, nə yanaşmadır? Gülüncdür. Bu ölkə, dövlət xalqındır, xalqın da gələcəyi onun övladıdır. Necə olur ki, həmin deputatın özü yağ-bal içində yaşayır, ailəsi kef edir, amma uşaqları bu Vətən üçün bir dənə güllə atmır? Hamısı xaricdə istirahət edir, Bakıda bahalı mənzilləri, maşınları var. Millət üçün qanını tökən, canını verən, bütün həyatını məhv edən uşaqlarımız isə dilənçi kimi yaşamalıdırlar? O deputat niyə yeddi min maaş almalıdır? Getsin işləsin də. Elə yeddi mini ver, Azərbaycanın uşaqları böyüsün. Ümumiyyətlə, parlamentdə oturana niyə maaş verirlər, başım çıxmır. Orda nə ilə məşğuldurlar? İctimai əsaslarla oturub işləsinlər, ya da zavodda, fabrikdə gedib işləsinlər”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti, kinorejissor Əbdül Mahmudov deyib.

O bildirib ki, deputatların bəziləri istisna olmaqla, digərləri Ramiz Mehdiyevin əli ilə təyin olunublar: “Bunu hamı bilir. Həmin beş-on nəfər isə gözəl ziyalılar, Azərbaycanın mənəvi dəyərləri, ruhu ilə yaşayan insanlardır. Guya özləri bilmirlər? Elə bilirlər ki, millət axmaqdır. Necə yəni, millətin sərvətini, var-dövlətini özünə vermirlər. Kimlərsə gəlib bizə “xozeynlik” edir... Millətin sərvəti millətindir, millətin gələcəyi isə onun övladıdır. Kimdir bunlar? Mədəniyyət naziri Anar Kərimovu çıxardılar getdi, haqqında bir məlumat yayılmışdı ki, guya Bakıda xanımına iki milyonluq mənzil alıb. Həmin vaxt da demişdim ki, bu məsələnin müsbət bir tərəfi var: sağ olsun, cənab nazir Azərbaycanda qazandığını heç olmasa Azərbaycana xərcləyib. Gedib xaricdə adalarda milyonlar xərcləmir. Çünki onda it də gedir, ip də. Altından qırmızı xətt çəkərək deyirəm, bu gün Azərbaycanda heç bir deputatdan, iş adamından, biznesmendən söhbət gedə bilməz. Bu gün Azərbaycanda biznes strukturu var, onun da adı “vəzifə”dir, vəssalam. Vəzifənin başında da məmurun milçək qana yığılan kimi qohum-əqrəbası, qudası, kirvə uşaqları, baldızı və s. yığılıblar. Bu biznes strukturu dağılmalıdır. Azərbaycanda dövlət səviyyəsində son üç-dörd ayda neçə nəfər vəzifəlidən milyonlar, milyardlar tutuldu. Deputatlara üz tutub deyirəm: cənab deputatlar, bu pullar kimindir? Hardan yığılıb? Niyə bu pullar məmurların ciblərində, xarici banklarda, evlərindədir? Azərbaycanda 10 milyon əhali var, ildə bayramda bu adamların hərəsinə yüz dollar vermək nə böyük şeydir? Bunlar xalqın pulunu özünə qaytarmaq istəmirlər. O nazirlərdən, icra başçılarından tutulan milyonlardan bu uşaqlar üçün 100-200 milyon ayırsınlar də. Uşaqlar müsibət, zillət içində böyüməsinlər. Normal böyüsünlər, lazım gələndə cənnət məkan Azərbaycan üçün qanlarını da töksünlər. Necə ki tökdülər, tökəcəklər! Yeraltı, yerüstü sərvətlərimiz bu xalqı dolandırmağa bəs edir. Dükana gedib bir-iki kilo meyvə, göyərti almışam, məndən 20 manat çıxıblar. Qiymətlər nəyə görə 200% qalxır, amma təminat 10-15%? İşıqpulu, qazpulu niyə ləğv olunmur? Axı biz bunu istehsal edirik, baha qiymətə satırıq. Xalqa vermirsiniz, heç olmasa xalqın uşaqlarına verin. Hansı ki bu uşaqlar sizə əsgər kimi lazımdırlar, gedib yenə döyüşdə qan tökəcəklər. Elə deyirlər “bu mənim, o mənim, o birilərin əzizləri ölsün”. Azərbaycanın demoqrafik inkişafdan narahat olan deputatlara deyirəm ki, Allahın izni ilə bağrınız çatlayacaq! Ağıllarını başlarına yığsınlar, xalqın gələcəyini, kökünü məhv etmək barədə düşünməsinlər. Onsuz da kal armud kimi hamısı boğazlarında qalacaq, axıra kimi yeyə bilməyəcəklər, necə ki yeyə bilmirlər, gözümüzün qabağındadırlar. Gör nə qədər qudurublar ki, həbsxanadan qorxan yoxdur. Ar olsun o deputatlara! Dost deputatlara isə müraciət edirəm ki, gələcəkdə Vətən yolunda ölməyə əsgər istəyiriksə, təcili sürətdə uşaqlar “uşaqpulu” ilə təmin olunmalıdırlar. Deputatların maaşları kəsilməli, Azərbaycanın körpələrinə verilməlidir. Öz də beş-on manat yox, beş yüz-min manat hər bir uşağa pul verilməlidir. Bunun üçün yetərincə imkan var. Cənab Prezident, havaya qalxan “dəmir yumruq”unuzun kölgəsinə kasıb balaları gəldilər, bir nəfər məmur uşağı gəlmədi. Cənab Prezident, xalqın uşaqlarının gələcəyini təmin edin, xahiş edirəm”.
Tarix: 10-01-2023, 12:31
Xəbəri paylaş





Xəbər lenti