Şeyxin qudası: “Ağasif Şakiroğlu üzümə dedi ki, məni Rəsul Quliyevin qucağında sünnət ediblər, kirvəmdir…”


“Məhkəmə hakimləri Bilgəhdəki bağ evi ilə bağlı məsələni bir-birilərinin üstünə atırlar. Biri deyir ki, xəstələnmişəm, biri deyir... Hakim Tahirə Əsədova üç dəfə bu işə baxıb, dördüncüdə dedi ki, daha baxmıram, başqa hakimin üstünə atdı. On bir hakim dəyişib, amma hələ bir qərara gələ bilmirlər. Bu, bir daha göstərir ki, Hacı Qalib düzdür. Hacı Qalib düzgün deyilsə, biri arayış çıxarıb desin ki, “bilirsən nə var, həci, sən düzgün deyilsən...” Amma onlar bilirlər ki, Rəsul Quliyevi bu cür açıq surətdə müdafiə etmək, yanıma müxtəlif adamlar göndərmək, “bağı bizə sat” dedirtmək... Bağı satmıram. Deyirəm ki, 25 milyon dollar ver, bağı verim. Utanmırlar, mənimlə danışıqlara hələ adam göndərirlər, deyirlər ki, bağı bizə sat, alaq. Rəsul Quliyev-filan bəhanədir. Rəsul bilər, mən bilərəm, siz kimsiniz?”
 
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qudası Qalib Salahzadə Bilgəhdəki mülk çəkişməsindən danışarkən deyib.
 
“Ağasif Şakiroğlunu da atıblar ortaya, o da guya partiya sədridir. Hakim gəlib baxış keçirir, şəxsən Ağasifə deyirəm ki, sənin Rəsul Quliyevlə nə əlaqən, nəvəsi yerindəsən... Ağasif üzümə dedi ki, beş yaşım olanda məni Rəsul Quliyevin qucağında sünnət ediblər, kirvəmdir. Gör, indi bu adamlar nə gündədirlər ki, Hacı Qalibin qabağına avaranın birini atıblar. Siz kimsiniz? Hakimlərin gücü çatır, amma onlara tapşırırlar, göstəriş verirlər, məhkəmə işçilərini şirnikləndirirlər. Rəsul Quliyevin özü nə gündədir ki, qardaşı, qardaşı balaları, Zəminə Dünyamalıyeva da yanıma gəlib. Rəsul Quliyev Ağasif Şakiroğluna möhtac olub, guya Ağasif də onun üçün burda iş düzəldəcək”, - Q.Salahzadə bildirib.
 
O, bağ evi ilə bağlı sonuncu məhkəmə prosesi barədə də məlumat verib: “İşə baxan sonuncu hakim Həqiqət Mahmudova dekabrın 23-də baxış keçirməli idi, guya o da xəstələnib. Zəng edib dedilər ki, hakim xəstələnib. Məhkəmə nə vaxta qaldı, bilinmir. Apellyasiya Məhkəməsinin hakimi İlham Kərimlinin də vəzifəsini böyütdülər, Nizami Rayon Məhkəməsinin sədri oldu. Apellyasiya da başlı-başına qalıb, görək işi kimə verəcəklər. Bunlar hamısı məhkəmə oyunlarıdır. Burada nə var, “iki vur iki”dir. Həmin ərazi də, evlər də mənimdir. Başqa söhbət ola bilməz. Bunların iddia etdikləri torpaq sahəsidir, Sabunçu rayonunun ərazisidir. İndi bəzi adamların bu bağa gözləri düşüb. Kişilikləri çatmır, gəlib desinlər ki, mənim gözüm düşüb, ver…”
Tarix: 11-01-2023, 14:42
Xəbəri paylaş





Xəbər lenti