Vəzifəsi, varı-pulu olanlar dövlətin sərvətini, kasıblar isə bir-birinin ətini yeyir...


Azərbaycanda maraqlı hadisə baş verib. Bu gün oxudum ki, evində tort bişirib satan qadının başına qəribə iş gəlib. Deməli, şad gününü qeyd etməyə hazırlaşan bir nəfər həmin xanıma tort sifariş verib. Qadın, müştərinin arzusunu yerinə yetirmək üçün canı-dildən çalışıb, əlləşib, əziyyət çəkib, nəhayət, gözəl bir tort ərsəyə gətirib. Sonra da həmin tortu taksi ilə müştərinin ünvanına göndərib. 
Bilirsiniz sonra nə baş verib? 
Bilənlərlə işim yoxdur, bilməyənlər üçün yazıram: taksi sürücüsü həmin tortu yeyib üstündən də iki stəkan pürrəngi çay içəndən sonra telefonunu bağlayaraq qeybə çəkilib... 
Bu hadisəni eşidən hər kəs gülür. Əvvəl mən də güldüm, sonra isə düşündüm. Oxucunu intizarda qoymaq adətim olmadığı üçün nə düşündüyümü yazıram:görəsən, necə olub ki, taksi sürücüsü başqasına aid olan tortu yeyib? 
Bu situasiyada sürücünün zavallı qadının etibarından sui-istifadə etməsi məsələnin bir tərəfidi. Məsələnin bu tərəfini həmin adamın vicdanına buraxaq. Onsuz da etibarımızdan sui-istifadə edən o qədər adam var ki... Yaxın ətrafımızın xəyanəti ilə  üzləşdiyimiz bir zamanda yad, tanımadığımız adamlardan nəsə gözləmək əbəsdir. 
Keçək günün sualına: Azərbaycanda bəzi insanlar niyə əllərinə keçəni yeməyə, mədələrinə təpişdirməyə həvəslidirlər? Onlar bunu kimdən öyrəniblər? 
Həmin taksi sürücüsünün neçə yaşının olduğunu dəqiq bilmirəm. Amma dəqiq bilirəm ki onun ətrafındakı adamların çoxu gözdəki iki kiprikdən birini çəkməyə meyllidirlər. Əminəm ki, heç vaxt əllərinə düşən fürsəti fövtə vermirlər. Çünki gözlərini açıb belə görüblər. Bura Azərbaycandır axı! Kimin əlinə vəzifə keçirsə dövlətin sərvətini talayır. Vəzifəsi, varı-pulu olanlar dövlətin sərvətini, olmayanlar isə bir-birinin ətini yeyir. Və bu əməlinə görə heç kim cəzalandırılmır, əksinə, mükafatlandırılır. Bu gün bilmişəm ki son 27 ildə qeyri-qanuni yolla 30 milyard vəsaitə sahib olan Vasif Talıbovun almadığı orden-medal qalmayıb. Vasif xan həmin orden-medalları yaxasına taxsa, pencəyinin bir tərəfi əyilib dizinə düşər... 
Yəqin həmin taksi sürücüsü özgəsinin malını yeməyi nazir olduğu dövrdə iş adamlarına qan uddurub onların varidatını ələ keçirən Eldar Mahmudovdan öyrənib. Hansı ki, həmin Mahmudov indi ayda 6 min manat pensiya alır. Həmin 6 mini ordan-burdan çapıb-taladığı pulların üstünə qoyub xımır-xımır yeyir... 
On beş-iyirmi manatlıq tortu yediyi üçün dilə-dişə düşən taksi sürücüsünün bu əməli Tərtərdə dəhşətli işgəncələrə göz yumub qanunları ayaq altına atan sabiq baş prokuror Zakir Qaralovdan da öyrənməsi mümkündür. Bu "xidmətlərinə" görə ayda  5 min manat pensiya alan yoldaş Qaralov da Eldar Mahmudovun yolu ilə gedir. Yəni o da başını aşağı salıb yığdığlarını xımır-xımır yeyir... 
Bu yazını məşhur bir lətifə ilə bitirmək istəyirəm. Bir azərbaycanlı, bir yəhudi və bir rus üç gün ac-susuz dolaşdıqdan sonra səhrada bir boşqab halva tapırlar. Amma nə qədər çalışsalar da, həmin halvanı üç yerə bölə bilmirlər. Sonda qərara gəlirlər ki yatsınlar. Kim maraqlı yuxu görsə halvanı da o yesin. Səhər yuxudan oyananda rus deyir ki, peyğəmbərimiz gecə məni qonaq aparmışdı, masanın üstündə 999-cür nemət var idi. Səhərə kimi donuz kababından yeyib araqdan içmişəm... 
Yəhudi də buna oxşar bir hadisə danışır. Məlum olur ki onu da Musa peyğəmbər "qonaqlığa" aparıb. O da yuxuda səhərə kimi dadlı təamlardan yeyib doyunca quş südü içib. 
Növbə azərbaycanlıya çatır. Həmyerlimiz yazıq bir görkəm alıb belə deyir: "Gecə  peyğəmbərimiz gəlmişdi. Dedi ki, sənə qonaqlıq verməyə imkanım yoxdur. Al, bu bir boşqab halvanı da sən ye". 
Heç kim inciməsin, özümüzün uydurduğu bu lətifədən də görünür ki, biz əlimizə keçəni yeməyə həvəsliyik. İmkanı olan beş min manatlıq kürü, imkanı olmayan da beş-on manatlıq tort yeyir... 
Seymur VERDİZADƏ 
Tarix: 4-02-2023, 22:21
Xəbəri paylaş





Xəbər lenti