"O həbs olunacaq `JEK` işçisinə yazığım gəlir..." - ETİRAZ


 "Mənim yaşadığım bina (Sarayev 13, Əhmədli, "Bakı" kinoteatrı ilə üzbəüz) 22 blokdan, 396 mənzildən ibarətdir. 1-ci mərtəbədəki, 44 mənzildən 43-ü mağaza və ofis kimi istifadə olunur. Yəni birinci mərtəbədə bir çox konstruksiyalar çoxdan sökülüb. Zirzəmilər isə başqa aləmdir". DİA.AZ bildirir ki, bu barədə tanınmış jurnalist Rasim İsmayılov özünün "facebook" səhifəsində paylaşım edib.
R.İsmayılov yazır: "Əksər zirzəmilər ortadan divarla kəsilib. Yəni küçə tərəfdən ən azı özül betonları sındırılıb və qapılar açılıb. Blok tərəfə olan hissə isə kanalizasiya üçün "saxlanılıb". Bütün zirzəmilər (blok tərəfdə) illərdir ən azı bir metr su ilə doludur. Yəni 45 ilin binası 20 ildir Allah ümidinə durur. Fövqəladə Hallar Nazirliyindən öyrəndim. Dedilər gərək birinci yerli icra hakimiyyətinə müraciət edəsiniz. Yəni Xətai Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasına müraciət edilməlidir."Azərsu"da bir tanışa dedim, həmin rayon üzrə rəhbərə dedi guya 2 il əvvəl. Çifayda.
353 mənzildə yaşayan ən azı 1000 nəfər insan illərdir Allah ümidinə yaşayır. Sabah Allah eləməsin bir zəlzələdə bu bina gedəcək və hamı başlayacaq banlamağa ki, təbii fəlakətdir. Yəqin "JEK" işçisindən zaddan birini tutub "günah keçisi" kimi damlayacaqlar.
Təbii ki, həm birinci mərtəbədəki obyektlər, həm də zirzəmidəkilər rayon icra hakimiyyətinin icazəsi olmadan bunları edə bilməzlər. Amma icra orqanı susur. Səbəbini yəqin özləri açıqlayar. Hələ deyəsən, Əhmədli Bələdiyyəsi adlı bir qurum da var.
İndi hamı deyir Türkiyədəki zəlzələ təbii fəlakətdir. Razıyam. Amma bələdiyyəyə seçilmək üçün Türkiyədə hətta tayfa düşmənçiliyinə qədər gedilir. (Bizdən fərqli olaraq orada bələdiyyənin böyük səlahiyyəti var.) Əgər o binalar dözümsüz idisə niyə çarə axtarılmırdı? Bir neçə gün sonra hər şey bəlli olacaq.
Nə isə... Başınızı çox ağrıtmayım. 2000-ci il zələzələsində binamız kişi kimi dözdü. Amma indi dözəcəyinə inanmıram. Həm bina 20 il qocalıb, həm də onda binanın birinci mərtəbəsi və zirzəmisi 80 faiz sökülməmişdi. Düzdür, nə Xətai rayon icra hakimiyyətindən, nə Fövqəladə Hallar Nazirliyindən, nə də "Azərsu"dan müsbət cavab-zad gözləmirəm. Onda soruşa bilərsizin ki, bəs vaxtımızı niyə alırsan?
İndi deyim eşidin. O həbs olunacaq "JEK" işçisinə yazığım gəlir. Biz o dağıntıların altında qalıb ölüb gedəcəyik o yetim bizi söyə-söyə illərlə boş yerə yatacaq".
Məsələ ilə bağlı Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 6-02-2023, 16:28
Xəbəri paylaş





Xəbər lenti