Hamımız təhdid altındayıq - RAZİ ABASBƏYLİ YAZIR

Hamımız təhdid altındayıq - RAZİ ABASBƏYLİ YAZIR

Səhər 06:30-da yuxudan oyanırsan mobil telefonu açırsan və gələn ilk mesaj: "Hörmətli müştəri, "Kapitalbank"a olan borcunuzu gün ərzində ödəməsəniz müqaviləyə xitam veriləcək və məhkəməyə müraciət olunacaq". Başqa bir sms daha ardından gəlir: "Balansınızı artırmasanız xəttiniz ikitərəfli bağlanacaq"...
Mətbəxə keçirsən qaz sobasını açırsan qaz gəlmir. Qapıya çıxırsan və görürsən qaz bitib. Məcbur kredit götürüb geri dönmək istəyirsən ki, qapıya taxılmış əl boyda bir kağız parçası və iri hərflərlə "XƏBƏRDARLIQ" başlıqlı bir yazı - "Hörmətli müştəri 15.02.2023 tarixinə qədər Azərişıqa olan borcunuzu ödəməsəniz mənzilinizə elektrik enerjisinin verilməsi dayandırılacaq".
Geri mətbəxə gəlib çaydanın altını qalayırsan. Çay dəmələyb içirsən. Uşaqları oyadırsan və dərsə getmək üçün hazırlanırsan. Uşaqlardan biri kədərli halda "Ata mən bu gün məşğələyə getməyəcəm" deyir. Soruşursan niyə? "Ata müəllimə dedi ki, məşğələ pulunu verməyənlər gəlməsin sabahdan".
Bir söz tapıb ümid verirsən övladına. Ardından evdən çıxıb uşaqları da götürüb dərsə getmək istəyirsən. Nə zamansa 3-4 il öncə məhkəmədə haqqını müdafiə edib qələbə qazanıb təzminatla aldığın köhnə avtomobili işə salırsan. Yanacaq bitir. Son xəbərdarlıq işıq siqnalı işə düşüb.
Yola düzəlirsən tıxac, əsəb. Beynini "bu gün hardan pul qazana biləcəm görəsən" sualı yeyib bitirir.
Təhdid altında, qorxu altında uşaqları məktəbə düşürüb işə yollanırsan.
İşdən əmək haqqından avans almaq haqda düşünürsən və ağlına gəlir ki, artıq az qala iki ayın maaşını almısan avansla.
Saat 10:00 və "Lombard"dan "Günün sonuna qədər faizlər üzrə ödənişi etməsəniz girovunuz satışa çıxarılacaq" mesajı gəlir. Evdəki sonuncu üzüyü də "Lombard"a girov qoyaraq qaz, su, elektrik ödənişi etmişdik...
Evdən gətirdiyin yeməyi gizlincə masa arxasında yeyirsən. Günorta oldu. Ümid verəcək heç nə baş vermədi. Lənətə gəlmiş qış aylarında hava tez qaralır. Gün tez bitir...
Hər günü beləcə yola verərək yaşayarkən, üstəlik də düz söz desən, yaltaqlanmasan, susmasan da başına nələr gələr deyə fikirlər yeyir bitirir beynimizi... O zaman o övladlarına kim ən azı sevgi verəcək, kim onların umudu olacaq? ....
Hər günümüz təhdid altında yaşayırıq.
Və bir qədəh axtarırsan. İçib-içib keyləşmək. Özünü aldadıb, özünü unutmaq. İyrəndiyin o özündən qaçıb başqa bir saxta adamla yaşamaq istəyirsən...
Tarix: 15-02-2023, 11:10
Xəbəri paylaş





Xəbər lenti