Amaşov `XALQIN QƏZETİ`NDƏ GÜL VURUR... - Qəzetçilik kənardan çoxmu asan görünürdü?

Amaşov `XALQIN QƏZETİ`NDƏ GÜL VURUR...
Girişsiz-filansız, birbaşa mətləbə keçmək lazımdır. Söhbət “Xalq qəzeti”nin 16 fevral sayındakı bir məqalədən gedir. Daha konkret desək, yazının başlığından: “Ağcabədi çörəkli rayondur”. Bu başlıq jurnalistlər arasında kəskin tənqidə səbəb oldu. Hətta sosial şəbəkələrdə edilən paylaşımlarda qəzetin oxucuları ələ saldığı barədə fikirlər daha çox üstünlük təşkil etdi. Şərhlərdə o da vurğulandı ki, qəzet rəhbərliyi dəyişsə də, dövlətin media subyekti sovet jurnalistikası ənənəsindən qurtula bilmir, “naftalin iyi” verən başlıqlarla geriyə addım atır.

Uzun illər mediada çalışan, zəngin təcrübəsi olan həmkarlarımız da bilir ki, dövlət qəzetlərində ümumi bir sistem var və məqalə seçimlərində, başlıq və yaımbaşlıqların qoyulmasında trafaretlər mövcuddur. Amma bu, o demək deyil ki, qəzetlərin rəhbərləri sovetlərdənqalma şablonçuluq, copy-paste, köçürməçilik, təkrarçılıq və digər zərərli ənənələri davam etdirsinlər.

Mövzudan hali olmayan oxucuların diqqətinə çatdıraq ki, “Ağcabədi çörəkli rayondur” başlığı altında verilən məqalədə əsasən bu rayonda taxılçılığın inkişafı ilə bağlı rəqəmlər əks olunub, rayon icra hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Muxtar Bağırovun adından darıxdırıcı statistika “göz oxşayır”. Hələ bu azmış kimi yazının yarımbaşlığı “Xalq qəzeti”nin Qarabağ və Şərqi Zəngəzurda təmsilçiliyi işə başladı” kimi təntənəli şəkildə təqdim edilir. İnandırım ki, istənilən oxucu, hətta Ağcabədi sakinləri üçün belə bir yazının heç bir mənası yoxdur. Çünki artıq dövr o deyil, əgər tərif və ya təbliğat üsuludursa, yenə də alınmayıb. Çünki üslub köhnəlib, arxiv iysi verir, əks effekt yaradır. Əgər bir rayonun inkişafından söhbət gedirsə, burada yeni piar texnologiyaları, reportajlar və digər janrlardan məharətlə istifadə etmək olar.

Məsələ burasındadır ki, biz həmin məqalənin dərc edilməsinə niyə bu qədər diqqət ayırırıq? İlk növbədə ona görə ki, “Xalq qəzeti”nin rəhbərliyi yeni dəyişib. Açığı, biz yeni təyin olunan, əvvəllər Mətbuat Şurasının sədri işləmiş, sabiq millət vəkili Əflatun Amaşovdan heç bir yenilik gözləmirdik və bunu dəfələrlə qeyd edirdik. Lakin həmkarlarımın haqlı iradları bu olurdu ki, tələsmək lazım deyil, ola bilsin Amaşov özünün pozitiv, həlim, bir qədər də ağıllı görünən siması ilə xeyli dəyişiklik edəcək. Allah üçünə edir. Kollektivdəki ağır mühiti xeyli yaxşılaşdırıb, əvvəlki baş redaktor Həsən Həsənovun buraxdığı ciddi, kobud səhvləri aradan qaldırır və s. Və ilaxır. Fəqət bu nöqtədən tərpənə bilmir. Qəzetin hər nömrəsini səhifələdikcə, istənilən qəzetçi nöqsanları seçə bilər. Məsələn, qəzetin bugünki nömrəsində “Türkiyədə zəlzələ baş verdi. Bəs Ermənistanda?..” başlıqlı yazı dərc edilib. Oxucu həmin başlığa nəzər salanda ilk ağılına gələn bu olur ki, axı bu Türkiyədə baş verən zəlzələ niyə Ermənistanda baş verməyib? Bu, lap “Bəyin oğurlanması” filmindəki Əjdaha söhbətinə oxşadı.

Amaşov `XALQIN QƏZETİ`NDƏ GÜL VURUR...

Yəni bir qədər yumorla yanaşsaq, belə çıxır ki, “Xalq qəzeti” təbiətin ayrı-seçkiliynə ikilistandartlar kimi yanaşır. Vallah, yenə də sual vermək yerinə düşər: “Ay başlıq qoyan redaktor, axı bununla sən nə demək istəyirsən, bəlkə biz yaxşı başa düşmədik, necə yəni bəs Ermənistanda? Bəlkə belə demək istəmisiniz: Seysmik diplomatiya işə düşdü. İnsafən yarımbaşlıq sizi tam biabırçılıqdan qurtarır. “İndi bütün yollar… Ankaraya aparır” deməklə başlıqdakı xəcalətli ritorikanı ört-basdır etməyə çalışmısınız. Qəzetçilikdə bu çatışmazlıqlar bağışlanmazdır. Xüsusən də dövlət qəzetlərində. Çünki qəzetin bütün nömrələri arxivləşdirilir, gələçək nəsillər üçün çağdaş dövrümüz haqqında əsas mənbələrdən birinə çevrilir. Təsəvvür edin ki, 100 il bundan sonra hansısa araşdırmaçı sovet jurnalistikası ilə müstəqil medianın vəziyyətini təhlil etmək istəyir və beləcə xoşagəlməz müqayisələr meydana çıxır. Dərdim 100 il sonrakı da deyil. Heç olmasa, indi abunə olan qurum rəhbərlərinə, müxtəlif səviyyəli təşkilatların abunəçilərinə yazığınız gəlsin. Axı onların masalarının üstündə göz deşən “Türkiyədə zəlzələ baş verdi. Bəs Ermənistanda?…” cümlələri sanki bəsit qarğış ritorikasını anladır!

Bu hələ harasıdır?!

Amaşov `XALQIN QƏZETİ`NDƏ GÜL VURUR...

“Xalq qəzeti”nin elə həmin sayında “Köməksiz kəndin amansız qətliamı” adlı yazı da monitorinqimizin hədəfindən yayınmadı. Biri mənə izah eləsin ki, qətliam amanlı ola bilərmi? Yəni qətliamı təyin etmək üçün amansız sözü yerində işlədilibmi? Əlbəttə ki yox. Elə vikipediada qətliam sözünün tərifinə diqqət yetirək: Qətliam – özünü müdafiə etmək imkanı olmayan çox sayda insanın amansızlıqla öldürülməsi hadisəsi. Diqqətlə baxın? Amansızlıqla öldürülməsi-Yanı Qətliamın əvvəlində amansız sözünün işlədilməsi qeyri-peşəkarlıqdan, ən yumşaq halda desək, məsuliyyətsizlikdən irəli gəlir.

Olmazdı ki, “Dünyanı silkələyən ağır Qaradağlı qətliamından 31 il ötür” cümləsi ilə başlayan məqalədə köməksiz kənd əvəzinə “Qaradağlı qətliamı – Qanlı faciənin şahidi danışdı” kimi verilərdi.

Qəzetin bu qədər bəsit və və mənasız başlıqlarla, darıxdırıcı tərtibatla verilməsi, göründüyü kimi, Əflatin Amaşovun öz işinin öhdəsindən gəlməməyinin nəticəsidir. Bir də ona görə ki, Amaşov da özündən əvvəlkilərinin ənənəsinə uyğun olaraq çörəkli rayon axtarır.

Fadil Paşayev,
KONKRET.az
Tarix: 18-02-2023, 13:54
Xəbəri paylaş





Xəbər lenti