Mülk davası: Ata vəfat edəndən sonra övladlar arasında məhkəmə çəkişməsi başladı - "Soruşmadılar ki, ay ata, bəlkə, köməyə ehtiyacın var?"


“Barattson” MMC-nin Bakının Bəxtiyar Vahabzadə 5 ünvanında fəaliyyət göstərdiyi binaya ödədiyi icarə haqqı 7 dəfə az göstərilib.
 
Bu barədə Pravda.az-a özünü şirkətin sahiblərindən biri kimi təqdim edən Ukrayna vətəndaşı İlham Məmmədov məlumat verib.
 
O iddia edir ki, icarə müqaviləsində şirkət binasının yerləşdiyi 1202 kvadrat-metr üçün qiymət 7 dəfə aşağı göstərilib: “Şirkət 20 min manat icarə haqqı olan yerə cəmi 3057 AZN qeyd edib, aylıq 17000 AZN-i gizlədərək vergidən yayınırlar”.
 
İ.Məmmədovun sözlərinə görə, 23 Avqust 2022-ci ildə sözügedən obyektin sahibi Mürşüd Məmmədov (İlham Məmmədovun atası-red) rəhmətə gedəndən sonra aydın olub ki, mərhumun qardaşı Zaman Muxtar oğlu Zamanov ona verilən etibarnamədən sui-istifadə edərək, 2021-ci ildə pul mənimsəmə və vergidən yayınmaq üçün “Barattson” MMC ilə əlbir olaraq icarə müqaviləsində rəsmi məbləği 3057 AZN kimi  göstərib: “Mərhumun vərəsələri dəfələrlə bu səhvi düzətlmək üçün danışıqlar aparıb, heç bir nəticə olmayıb”.
 
Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən İlham Məmmədovun əmisi Zaman Zamanov isə qardaşı oğlunun dediklərini təkzib edib: “Bu, İlham Məmmədovun öz fikridir. Vergi məsələsi məhkəmədədir. Martın 6-da məsələyə baxılacaq. Mən İlhamın atasının böyük qardaşıyam. “Barattson” MMC ilə müqavilə 2021-ci ildə qardaşım sağ olanda, onun razılığı ilə bağlanıb. Pul alınıb, Kiyevə göndərilib. İlham da, bacısı da atasından imtina edib. Bakıya köçüb gəlmişdilər. “Gənclik” metrostansiyasının yaxınlığında beşotaqlı evləri var. Evin də yarısı qardaşıma məxsusdur. Ukraynada İlhamın ukraynalı qadından iki qardaşı da yaşayır. Onların da payı var. Uşaqların dördü də bir qərara gəliblər. Atası rəhmətə gedəndən üç gün sonra bunlar iddia qaldırıb, ev bölüşdürdülər. İş məhkəmədədir, məhkəmə özü həll edəcək. 17 min alsaydım... Nə bilim, vallah. Anası Bakıda yaşayır, bacısı da şirkətdə işləyir. İkisini də atası Londonun Oksford Universitetində oxudub, orada magistraturanı da bitiriblər. Bakıya gələndən sonra dedilər ki, Londona köçək. Bunun üstündə anaları ilə ayrıldılar, atalarından da imtina etdilər. Gəlib mənim iş otağımda dedilər ki, atadan imtina edirik. Beş il ataları dializdən xəstə yatdı. Böyrəkləri dəyişilməli idi. Qardaşımı həyata qaytarmaq üçün nə əziyyətlər çəkdik, alınmadı. O, rəhmətə gedəndən sonra bunlar indi əl-ayağa düşüb, Ukraynada da, burda da var-dövlət bölürlər. Bölsünlər... Qardaşım məndən 22 yaş kiçik idi. 58 yaşında rəhmətə gedib. Onun adı gələndə bütün bədənim əsir”.
 
Z.Zamanovun sözlərinə görə, İlham Məmmədovun Ukraynadakı qardaşları Bakıdakı vəkilin vasitəsilə varislər kimi işi məhkəməyə veriblər: “İnzibati-İqtisadi Məhkəməsində martın 16-da bu işə baxılacaq. Qardaşımın ukraynalı qadından olan uşaqları Samir Məmmədov və Ruslan Məmmədov İlham Məmmədov və bacısını məhkəməyə veriblər. İlhamgil notariusda vərəsəlik açanda qardaşımın Ukraynadakı uşaqlarını gizlədiblər. Vərəsəliyi bacı-qardaş öz adlarına açmışdılar. Ruslanla Samir onları məhkəməyə verdilər. Ruslan hazırda Ukraynada müharibədə iştirak edir, zabitdir. Ataları Ukraynada oxuyanda ilk uşaqları onlar olublar. Qardaşım sonra təyinatla Azərbaycana gəlmişdi. Anaları isə gəlmədi. Qardaşım burda evləndi. Ordakı uşaqları bizdən gizlətmişdi. Azərbaycanlı qadından olan uşaqları Ukraynaya aparmışam, orda ev almaqlarında da iştirak etmişəm. Ağsaqqal kimi hamısını idarə edirdim. Atalarından ayrılandan sonra mülklə bağlı məhkəmələr başladı. İş Ali Məhkəməyə qədər gedib çıxdı, amma uduzdular. Atanın üçü çıxmamış bunlar vərəsəlik açıblar, nə deyim? Qardaşım dörd il ağır xəstə oldu, bacı-qardaş heç biri zəng edib atasından soruşmadılar ki, ay ata, bəlkə, bir köməyə ehtiyacın var? Qardaşım onların həsrəti ilə öldü, iş adamı idi, gözəl insan idi. Mənə çox ağır gəlir. Hər yerdə adımı çəkir. Teatr Xadimlər İttifaqının müəssisə müdiriyəm. Uzun müddətdir, işləyirəm. Uşaq deyiləm, 81 yaşım var. Pula ehtiyacım yoxdur, dünya görmüş, ağsaqqal adamam. Hamıya yol göstərirəm, bu iki uşaq isə ortaya düşüb. Hələ varis olub-olmayacaqları da bəlli deyil. Loru dildə desək, qabaqdangəlmişlik edirlər”.
Tarix: 21-02-2023, 10:08
Xəbəri paylaş





Xəbər lenti