“Nazirlik imtahanlara yox, müəllim hazırlığına daha çox fikir verməlidir” - Sona Əliyeva

“Nazirlik imtahanlara yox, müəllim  hazırlığına daha çox fikir verməlidir” -  Sona Əliyeva
Ötən həftə Müəllimlərin işə qəbulu müsabiqəsində həyata keçiriləcək bir neçə yeniliklər açıqlandı. Dünən elm və təhsil naziri Emin Əmrullayev də çıxışında MİQ-də imtahan vaxtının müddətinin artırılacağını bildirib.
 
Yay aylarında start götürəcək MİQ müsabiqəsinin test imtahanı mərhələsində başqa hansı yeniliklər tətbiq olunmalıdır?
 
Tanınmış pedaqoq, sabiq millət vəkili Sona Əliyevə  Moderator.az-a açıqlamasında imtahan vaxtının uzadılmasını yüksək qiymətləndirib. Onun fikrincə,  vaxtın uzadılmasından daha çox sualların optimallaşdırılmasına ehtiyac var:
 
“Ümumilikdə, Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı görülən işləri yüksək qiymətləndirirəm. İmtahan vaxtının yarım saat artırılması nəticəsində  müəllimlərin sualları həll etmək üçün daha  çox vaxtları olacaq. Eyni zamanda, düşünürəm ki, vaxtın uzadılmasından daha çox sualların optimallaşdırılmasına ehtiyac var.  Nəzərə alaq ki, orta məktəb müəllimləri universitet yox, ümumtəhsil proqramına görə dərs deyirlər. Onların ümumtəhsil proqramı səviyyəsində bilik və bacarıqlarının olması kifayətdir. 10-20% müəllim daha üstün bilik və bacarəqlara sahib ola bilər.
 
MİQ-də qanunvericiliklə bağlı sualları salmamaq da olar. Təhsil qanununvericiliyi ilə bağlı müddəaları  bir çox müəllim bilir. Ehtiyac yarandıqda özləri onu tapıb oxumağı da bacarırlar.
Ümumilikdə metodika ilə bağlı suallarda çox da detallara girilməyin tərəfdarı deyiləm. Onsuz da müəllimlər daim təhsil şöbələri tərəfindən metodik köməklik alırlar.
 
Müəllimlərin imtahanlarını asanlaşdırmalıdırlar. Ümumiyyətlə, müəllimləri imtahan etməkdənsə,  onları praktik cəhətdən hazırlamaq lazımdır. Necə ki, qəbul imtahanında yüksək nəticə göstərən abituriyent univeristetdə oxumaqda çətinlik çəkirsə, yüksək balla universitet bitirən tələbə çox da yaxşı həkim olmaya bilir, eynilə, müəllimlərdə də bu kimi hallar mövcuddur. İmtahandan keçmək artıq vərdiş halını alıb. Mən belə fikirləşirəm ki , Elm və Təhsil Nazirliyi müəllim hazırlığına daha çox fikir verməlidir, nəinki, müəllimlərin imtahanlardan keçməsinə”.
Tarix: 1-03-2023, 09:26
Xəbəri paylaş





Xəbər lenti