Rayonların Bakıya köçünün üç əsas səbəbi: maaş, ev, iş...


Ekspertlərə görə, axın ona görə baş verir ki, iqtisadiyyatın 80, maliyyə resurslarının 85, əmək bazarının isə 75 faizi paytaxtın payına düşür

Azərbaycanda paytaxta axından hamı şikayətlənsə də, bu prosesin qarşısının alınması yönündə ciddi tədbirlər nəzərə çarpmır. Ekspertlərə görə, paytaxta axın ona görə baş verir ki, iqtisadiyyatın 80, maliyyə resurslarının 85, əmək bazarının isə 75 faizi Bakının payına düşür. Yüksək səhiyyə xidməti də paytaxtdadır. Rayonda iş tapmayanlar Bakıya gəlib tikintidə, xidmət sektorunda günəmuzd və ya müqavilə ilə işləyir. Ona görə də  şəhərdə sıxlıq yaranır.
Ölkə ərazisinin 2,5%-ni təşkil edən paytaxt Bakı əhalinin 25%-dən çoxunu özündə cəmləşdirib. Qeyri-rəsmi məlumatlara görə isə bu gün Bakıda təqribən 3 milyondan çox insan daimi yaşayır. Hər gün regionlardan 500 mindən çox insan paytaxta qısamüddətli giriş-çıxış edir. Paytaxtın avtomobil yollarında sutka ərzində 1 milyona yaxın nəqliyyat vasitəsi hərəkətdə olur. İqtisadçılar deyirlər ki, paytaxt Bakıya axının qarşısının alınması regionların hansı sürətlə inkişafına bağlıdır. Əgər regionlarda sosial-iqtisadi inkişaf, rəsmi orqanlara çıxış imkanları, normal gəlir sahələri, səhiyyə xidmətləri olmasa,  Bakıya axının qarşısını almaq mümkün olmayacaq. Bölgələrdən Bakıya axının əsas səbəblərindən biri rayonlarda iş yerlərinin azlığıdır. Rəsmi statistikaya əsasən, rayonlarda əmək haqqı Bakıya nisbətdə iki dəfə azdır, bu da öz növbəsində paytaxta axını sürətləndirir.  Xüsusilə, ipoteka krediti ilə ev almaq üçün regionlardan Bakıya üz tutan əhalinin faiz göstəricisi yüksəkdir. Adi ipoteka faizləri regionlarda yüksək olduğuna görə vətəndaşlar bundan istifadə edə bilmirlər.
Bakıya axının qarşısını almaq üçün nələr etmək lazımdır?
Bizimlə söhbətdə Cəlilabadın Göytəpə qəsəbəsindən olan Nuranə Məmmədova neçə ildir ki, Bakıda kirayə qaldığını bildirir: “Övladlarıma görə Bakıya köçməli olduq. Qəsəbədə təhsil yoxdur, uşaqlar heç məktəbə getmir. Müəllimlər də o səviyyədə deyil. Qızımı piano dərslərinə qoymuşam. Böyük qızım olimpiadada ikinci yer tutub. Özüm müəllimlərin evinə hazırlığa aparıram. Bütün bunlara rayonda nail ola bilməzdik”. 

İqtisadçı-ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bütün dünyada insanlar regionlardan daha çox iri şəhərlərə, paytaxta can atırlar. Bu da onunla əlaqəlidir ki, bəzən regionlarla iri şəhərlər arasında iqtisadi inkişaf qeyri-bərabər olur: “Böyük şəhərlərdə, bizim paytaxtımızda da demək olar ki, 70-80 faiz müəssisələrin sahibkarlığı Bakıda formalaşıb. Həm burada maaşların yüksək olması, həm gəlirlərin çox olması, həm biznes qurmağın daha səmərəli və gəlirli olması baxımından insanlar daha çox Bakıya axın edib. Əlbəttə ki, bu məsələnin qarşısını almaq üçün Bakı ilə regionlar arasında qeyri-bərabər iqtisadi inkişafın qarşısı alınmalıdır. Regionların tarazlı və dinamik inkişafı təmin edilməlidir. Rayonlarda daha çox müəssisələrin, istehsal müəssisələrinin, emal müəssisələrinin açılmasına şərait yaradılmalıdır. Həmçinin kənd təsərrüfatı sahəsində məşğul olan insanları daha həvəsləndirici tədbirlərlə cəlb etmək lazımdır ki, insanlar kənd təsərrüfatı ilə məşğul olsun, bundan bəhrələnsin. Bunun üçün həm stimullaşdırıcı tədbirlər, həm güzəştli kreditlər ayrılmasına böyük ehtiyac var. İkinci məsələ sosial məsələdir ki, burada əsasən insanlar daha çox sosiallaşma, əyləncə və sosiallaşma proseslərindən bəhrələnmək onları daha çox cəlb edir. Bu baxımdan, sözsüz ki, regionlarda da bu məsələlər həllini tapmalıdır. Burada həm sosial müəssisələrin, əyləncə mərkəzlərinin açılmasına böyük ehtiyac var. Eyni zamanda insanların asudə vaxtını daha da cəlbedici keçirməsinə böyük ehtiyac var. Bunun üçün belə bir şəraitin yaradılması lazımdır. Bu baxımdan, əlbəttə, yeni məkanların açılması, Bakıdan regionlara universitetlərin, müəssisələrin, nazirliklərin bəzi şöbələrinin köçürülməsi regionların bərabər və tarazlı inkişafına dəstək ola bilər”.

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı dedi ki, bunun əsas səbəbi bütün iqtisadi, mənəvi, siyasi, ictimai işlərin Bakıda və Abşeronda cəmlənməsindən irəli gəlir. Burada yalnız iqtisadi, yaxud iş yerləri məsələsi deyil: “Düzdür, bunlar vacib amildir. Amma insanlara sosial infrastruktur da lazımdır. Rayonlarda yaşayan insanların mədəni həyatı, onların hansısa bir formada mədəni infrastrukturdan istifadə etməsi, müəyyən dərəcədə asudə vaxtlarının normal keçirilməsi, bundan başqa, işıq, qaz, su problemlərinin həlli-bunların hamısı bir-birinin üzərinə gəlir, vətəndaşlar da Abşerona köçməyə məcbur olur. Çünki heç olmasa, bu fürsətlərdən yararlanmağa imkanları olur. Ona görə də əhalinin az qala yarısı Abşeron yarımadasına cəmləşib. Bu çox böyük bir disbalansdır və ciddi problemdir. İqtisadi münasibətlərin qeyri-proporsional paylanması gələcəkdə daha ciddi problemlər yaradacaq. Bunun çıxış yollarına gəlincə, inzibati üsullar var. Bakı şəhərindən bəzi dövlət orqanlarının regionlara köçürülməsi vacibdir. Misal üçün, Kənd Təsərrüfatı Nazirliyi, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi kimi dövlət orqanlarının regionlardakı şəhərlərə köçürülməsi daha məntiqlidir. Yeri gəlmişkən, Gürcüstan parlamenti Kutaisiyə köçürüldü, bundan sonra Kutaisi inkişaf etməyə başladı, əhali sayı artdı. Bundan başqa, universitetlərin regionlarda filiallarının yaradılması çox vacibdir, bu zaman iqtisadi fürsətlər yaranır. Universitet  tək elm ocağı deyil, həm də bu sahədə işləyənlər, çalışanlar, tələbələr üçün infrastrukturun yaradılması, kafelər, restoranlar, müəyyən əyləncə mərkəzləri-bunlar çox vacibdir. İnsanlar tək yemək haqqında düşünmür, həm də sosiallaşmaq istəyir. Bəli, inzibati addımlar da atılmalıdır, eyni zamanda iqtisadi-sosial təminat olmalıdır. Azərbaycanda iqtisadi azadlıqlar, investisiya mühitinin yaradılması və digər məsələlərlə bağlı problemlər həllini tapmalıdır ki, insanlar regionlarda rahat şəkildə bizneslə məşğul olsunlar. Eyni zamanda yerli icra hakimiyyət orqanları ləğv edilib, bələdiyyə institutunun önəmi artırılmalıdır. İnsanlar özləri seçdikləri bələdiyyələr vasitəsilə idarə olunanda daha rahat olurlar. Həmin şəxslərin onlar qarşısında məsuliyyətini görürlər və vətəndaşlarla daha məsuliyyətli şəkildə rəftar etməyə məcbur olurlar. Bütün bu kompleks məsələlər həllini tapmalıdır ki, regionlara qayıdış baş versin, insanlar özləri getməyə maraqlı olsunlar. Müxtəlif rəqəmlər səsləndirlir, mən bir mənbədə oxumuşdum ki, ən azı 300-400 min insan kirayədə yaşayır. Bunlar regionlardan gəliblər. Bu qədər insanın geri dönüşü Bakıda xeyli insanın azalmasına səbəb ola bilər”.
Qeyd edək ki, son dövrlər dağ kəndlərindən də əhalinin köçünün sürətləndiyi bildirilir. AMEA-nın Coğrafiya institutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov da mediaya açıqlamasında deyib ki, insan miqrasiyası çoxaldıqca həm kəndlərdə, həm də şəhərlərdə ciddi problemlər yaranır: “Bu gün biz bu problemin mövcud olduğunu qəbul etməli və həlli yollarını axtarmalıyıq. Aparılan müzakirələrdə miqrasiyaya səbəb olan problemlər dilə gətirilməli və həll edilməsi üçün konkret işlər görülməlidir. Bizim məqsədimiz miqrasiyaya səbəb olan ekoloji problemləri araşdırılmaqdır, lakin buna səbəb olan digər problemləri də müəyyən etməliyik”.
Tarix: 1-03-2023, 09:56
Xəbəri paylaş





Xəbər lenti