Məktəblilərə bahalı telefonların verilməsi məqsədəuyğun deyil- Sosioloq


"Məktəblilərə telefon vermək lazımdır, çünki bunu günün şərtləri tələb edir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. O qeyd edib ki, ancaq uşaqlara bahalı telefonların verilməsi məqsədəuyğun deyil:

"Təbii ki, bahalı telefonlarla bağlı istisna hal var. Məktəbliyə 300-500 manatlıq telefonu əlinə verib məktəbə göndərməyin özü də etimadsızlıqdır. Təbii ki, bu kimi hallarda bıçaqlanma, qarət halları da baş verəcək. Üstəlik, məktəblinin fikri dərsdən yayınacaq. Hesab edirəm ki, məktəbliyə telefon verilməlidir, lakin telefon primitiv imkanlara malik olmalıdır. Valideynlə əlaqə saxlamaq üçün ki, başqa alternativə gərək duymasın".

Sosioloq əlavə edib ki, bir çox özəl məktəblərdə giriş zamanı şagirdlərdən telefon alınır, çıxış zamanı isə yenidən özlərinə qaytarılır:

"Bunun üçün həmin məktəblərdə xüsusi saxlama kameraları var, amma dövlət məktəblərində buna etinasız yanaşırlar. Maksimum sinif rəhbəri sinifdə yığa bilər, o da çox vaxt valideynlər və uşaqlar buna etiraz edir. Müəllimlərin də qanunla bu kimi haqqı olmadığına görə, telefon uşağın özündə qalır. Hesab edirəm ki, sinif rəhbərlərinə bu hüququ vermək lazımdır. Yəni, məktəblər öz daxili nizannamələrinə uyğun belə bir bənd də əlavə edə bilərlər və uşaqlardan telefonu dərs ərəfəsində yığa bilərlər. Müəllimin nömrəsi bütün valideynlərdə olur, problem yaranarsa onunla əlaqə saxlamaq olar. Amma bütün hallarda şagirdə bahalı və funksiyası geniş imkanı olan telefondan istifadə etməməlidir".
Tarix: 2-03-2023, 09:09
Xəbəri paylaş





Xəbər lenti