BƏXTİYARIN KOMPROMATI. NƏ DÜŞÜNƏK?


Çingiz Sultansoy
Bəxtiyar Hacıyev günahı var? Bəli. Qınamalıyıq onu? İndi yox. Müdafiəsini davam etməliyik? Bəli! Niyə? Ona görə ki, Bəxtiyar qadınlarla davranışda yol verdiyi aşağılayıcı ifadələrə, münasibətə, buraxdığı səhvlərə, elədiyi günahlara, seks əməllərinə görə deyil, hakimiyyəti TƏNQİD etdiyinə görə həbs edilib. Şərlənərək həbs edilib.
İstənilən saxta ittihamlı belə həbsə etiraz etmək lazımdır. Bəxtiyarın müdafiəsini davam etməliyik. Mən Bəxtiyarı azadlığa çıxandan sonra qınayacam, lap ittiham da edəcəm. İndi yox. İndi qınamaq təkərə düşmək, fitvaya getməkdir, hakimiyyətin çaldığına oynamaqdır. Oynayan oynasın, mən elə naiv deyiləm.
Toplumda Bəxtiyara münasibətin birdən-birə belə dəyişməyin, dəstəyin kəskin belə azalmasının səbəbi kompromatdır – adına çıxarılan, yayılan yazışma, screen-shotlar, səs yazıları, foto və videolardır. Onlara istinad edərək üzü dönənlər unudurlar ki, yazışma, foto, videoların bir qismi həqiqi olsa da, ən biabırçı, qıcıqlandırıcı kiçik qismi saxta, şər-böhtan ola bilər. Ağıllı-savadlı adam bunu istisna eləməz. İstisna eləmək olmaz da.
Bilirəm, yazışmaların xeyli hissəsi, foto və, ola bilsin, video təsdiq olunub. Hətta çox qismi də. Deyirlər ki, dostları susur – deməli həqiqətdir. Ola bilər. Olsun! Amma bu o demək deyil ki, HAMISI real və həqiqidir. Unutmayın, məharətlə düzəldilmiş deza 90-95% həqiqi faktlardan, 5-10% yalan olur. Lap məharətli dezoda yalanın faizi 2-3 olur, həlledici 2-3%! Toplum da rahatülhülqum kimi udur. İnanır.
Bəxtiyarın bu yolla da şərlənməsini istisna edənlər ya sadəlövh, naivdir, ya da çağdaş texnologialardan, KGB-nin və bənzər qurumların geniş imkanlarından xəbərsizdir. “Avatar” filminə baxmamısınız? Ekranda gördüyünüz kuklalar, multfilm deyil, real insanabənzər məxluqlardır. Qaçırlar, tullanırlar, ov edirlər, döyüşürlər, sevişirlər. Tam real. Cəmi-cümlətanı 237 milyon dollara başa gəlib, dəqiqəsi 1,43 milyon dollara. Davamı olan “Avatar. Su yolu” filmi isə 350 milyona. Birincisi onüç ilə 3 milyard dollar gəlir gətirib, ikincisi təzə çıxıb, artıq 2,3 mlrd.
Fotoşopun, insanın səsini dəyişən səs redaktoru proqramlarının, animasionun, kömpüter qrafikasının, komüter dizaynının imkanlarından xəbərsizsiniz? Bilmirsinizsə, bilin və ağah olun, Bəxtiyarın və hansısa qadının iştirakıyla 15-20 saniyəlik saxta yataq videosu çəkmək heç 20 000 dollar da eləməz. Maksimum! Bu puldu möhtərəmlər üçün? Semiçkaplu. Amma Bəxtiyarı müdafiə edən Azərbaycan toplumunu sarsıtmaqda, birliyini pozmaqda həlledici rol oynadı. 20 000 dollar ha… 
Kimə inanırsınız? Bəxtiyarı bir dəfə şərləyib həbsə atan hakimiyyətə? İndi də seks foto və videonu, məlumatları sizə sırıyan həmin möhtərəmlərə? Vətəndaşlarının yataq otağına gizli kamera qoyub yataq görüntülərini çəkən, sonra da arsız-arsız telekanalizasiyalarla praym-taymda, Youtubla yayan, sonra milli dəyərlərdən dəm vuran adamlara? Avropadan onu söyən blogeri susdurmaq üçün bacısının əriylə yatağında çəkib yayan, şantaj edən adamlara? Təkrar edirəm – heç bir təqsiri olmayan qadını, bacısını! Halalcə əriylə! Yatağında!!
Özlərinin eləmədiyi hansı əxlaqsızlıq, o..aşlıq qalmadı ki, onlara inanıb Bəxtiyara əxlaqsız deyirsiniz? Onda elə Bəxtiyarın xuliqan oilmağına da inanın da, meymunluq edən məhkəməyə hörmətsizlik etməsinə də. Videosu da var, diqqətlə baxın. Onda elə AzTV-nin dediyi düşük yalanlara da inanın da.
İnanmaq istəyən inansın, mən yox.
Çoxdan heç nəyə təəccüb eləmirəm. “Nil admirari!” kəlamı 2 000 – 2 300 il öncə deyilib. Amma təəccüblənə bilsəydim, hakimiyyətin bu kompromatına yox, ona inanan vətəndaş cəmiyyəti üzvlərinə təəccüblənərdim…
P.S. Şəmşad Ağa demiş, ölkədə seksual inqilabı dəliqanlı gənclər yox, guya mühafizəkar olan hakimiyyət edəcək. Mən isə deyirəm, edib artıq. İndi də edir.
Tarix: 4-03-2023, 21:57
Xəbəri paylaş





Xəbər lenti