“Uşağı müəllimin başına çıxır, partanın üstündə hoqqalar verir...”


Təhsil problemlərindən danışılanda üstündə daha çox durulan məsələ valideyn, şagird və məktəb üçbucağıdır. Hamımız müəllimin valideynlə əl-ələ verərək cəmiyyət üçün vətəndaş hazırlamalı olduğunu bilirik. 
Amma di gəl ki, bu məsələ heç cür baş tutmur: ya valideynin günahından, ya da məktəbin, yəni müəllimin. Bir sözlə, valideynimiz məktəbə gəlmir, məktəbdən qaçır, məktəb onun üçün bir yükə çevrilib, məktəb ona əlavə qayğılar və problemlər yükləyir.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış fitnes məşqçisi Kamil Zeynallının sözlərinə görə, valideynlərin çox az hissəsi məsuliyyəti dərk etsə də, böyük hissəsi azyaşlı şagirdlərin təlim-tərbiyəsini təkcə məktəbin və müəllimin üzərinə düşən vəzifə hesab edir, prosesdə yaxından iştirak etmir: 
“Bu gün əsas yük valideynlərin üzərinə düşür. Valideyn övladını nəzarətdə saxlamalıdır. Uşaq məktəbə nə vaxt gedir, nə vaxt çıxır maraqlanmalıdır. Görüntülü zəng etməlidir. Müəllimlərlə sıx əlaqədə olmalıdır, övladı məktəbdə nə edir maraqlanmalıdır. Siniflərdə kameralar olmalıdır ki, valideynlər görsünlər ki, övladları sinifdə özlərini necə aparır, evin tərbiyəsini necə göstərir. Qoy öz gözləri ilə görsünlər ki, tərbiyə verdikləri uşaq sinifdə necə müəllimlərin başına çıxır, partanın üstündə nə hoqqalar verirlər, nə videolar çəkirlər.
Sonra da nazirliyi qınayırlar. Düzdür, hər iki tərəfin üzərinə məsuliyyət düşür, amma daha çox qınanılmalı tərəf valideyndir, ailədir. Hamı uşağını evdə göndərir ki, təki getsin. Amma bilmirlər ki, uşaqları məktəbdə nə hoqqa çıxarır. Bu gün təhsilimiz çox acınacaqlı durumdadır. Hamı oturub sosial şəbəkələrdə vəziyyətin ciddiliyini dərk etmirlər”. 
İdmançı mövcud problemdən çıxış yolu kimi təklif edib ki, bütün siniflərə kameralar quraşdırılsın. Onun sözlərinə görə, sinif otaqlarında kameraların olması həm də baş verən xoşagəlməz hallarda konkret günahkarın müəyyənləşməsinə imkan yaradacaq: 
“Bizim vaxtımızda mənim valideynimi məktəbə çağıranda dəli olurdum ki, görəsən, məndən nə şikayət olunacaq. İçimdə o qorxu var idi. Bu gün isə vəziyyət heç də ürəkaçan deyil. Müəllim bir dəfə uşağın qulağını çəkən kimi, bir şillə vuran kimi qıraqdan videoya çəkirlər və müəllimi “xalq düşməni” elan edirlər. Hərçənd ki, o müəllim 30 il əziyyət çəkib, nə qədər şagird yetişdirib. Bir şillə vuran kimi aləm dəyir bir-birinə ki, müəllim uşağı döydü. Bəs sən valideyn, bir övladının özbaşınalığına dözə bilmirsən, əsəblərin tab gətirmir, müəllim isə eyni anda 25-30 nəfərə nəzarət edir. Bunların qarşısının alınması üçün siniflərə kamera qoyulmalıdır ki, sabah sübutla valideynə göstərilsin”. 
Tarix: 6-03-2023, 15:03
Xəbəri paylaş





Xəbər lenti