“O jurnalistin evində həbs olunması əməliyyatını mən pozdum... İndi vicdanım rahatdır...”

“O jurnalistin evində həbs olunması əməliyyatını mən pozdum... İndi vicdanım rahatdır...”
“Sabiq nazirlə görüşüb olub-keçənlər haqda xeyli söhbət etdikdən sonra dedim ki, məni bağışlayın, vaxtilə sizə tabeliyinizdə olmuş bir əməkdaş kimi böyük bir xəyanət etmişəm...
O, cavab verdi ki, Mehman, bu artıq xəyanət deyil. Əksinə, sağ ol ki, sən o durumda öz ləyaqətini də, abır-həyanı da, bizim də, orqanların da, ölkə rəhbərliyinin də ləyaqət və abır-həyamızı qorudun. Bizi bir böyük günahdan qurtardın...”
Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, istefada olan polis polkovniki Mehman Mehmanov Moderator.az əməkdaşıyla söhbətində 1990-cı illərin əvvəllərində yaşadığı növbəti ibrətamiz bir olaydan bəhs edib:
 
“Səhv etmirəmsə, 1992-ci ilin payızı idi... Sabunçu rayonunda  polis kapitanı rütbəsində polis rəisinin müavini vəzifəsində çalışırdım. O zaman daxili işlər naziri mərhum İsgəndər Həmidov idi. Rəhmətlik sabiq daxili işlər naziri Abdulla Allahverdiyev isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində işləyirdi. Bir gün yuxarıdan göstəriş gəldi ki, Sabunçu rayonu ərazisində yaşayan və həmin dövrdə Nemət Pənahlının təsisçilik etdiyi “Meydan” qəzetinin baş redaktoru olan tanınmış jurnalist və şair-publisist, hazırkı Xalq artisti Azər Zeynallının atası Zeynal Vəfa o vaxtkı hakimiyyəti tənqid etdiyi hansısa məqaləsinə görə “qara siyahı”ya düşüb, ona görə də yaşadığı mənzildə axtarış aparılmalı və “ciddi əsaslarla” tutulmalıdir...  Bakı Şəhər Baş Polis İdarəsi cinayət-axtarış şöbəsinin rəisi Eldar Babayev mənə dedi ki, Abdulla müəllim məsləhət görüb ki, bu işi Mehman Mehmanov təşkil etməlidir. Çünki jurnalistlərlə münasibəti var, həm də dövlətə, dövlətçiliyə sadiq adamdır.  Qeyd edim ki, həmin olaydan bir müddət öncə - mən Daxili İşlər Nazirliyinin orqanı olan “Mübariz keşikdə” qəzetində müxbir işləyərkən Abdulla Allahverdiyev də Nazirlikdə çalışdığından məni yaxşı tanıyırdı...  
 
Çox düşündüm-daşındım, götür-qoy etdim, belə nəticəyə gəldim ki, bir insan və polis məmuru olaraq heç bir cinayətə yol verməmiş, sadəcə, qəzetdə hansısa tənqidi fikirlər ifadə etmiş bir qələm adamının heç bir əsas olmadan, özü də mənim əlimlə həbs edilməsinə razı ola bilmərəm. Bundan sonrakı vicdan əzabıyla ömür boyu yaşamaq çox ağır olar... Axı mən polis kimi çalışsam da, özüm həm də qələm adamıyam... Bu minvalla əməliyyatdan az öncə Zeynal Vəfanın evinə zəng etdim və dəstəyi qaldıran həyat yoldaşına dedim ki, Zeynal bəyə mənim adımdan bir kəlmə çatdırın ki, evdədirsə, evdə olmasın... Nəticədə  əməliyyat baş tutmadı və “Meydan” qəzetinin baş redaktoru Zeynal Vəfa həbs olunmadı...
 
Bir müddət sonra, 1993-cü ilin aprelində Abdulla Allahverdiyev daxili işlər naziri oldu... Hətta həmin il may ayının sonunda məni çağırıb idarə rəisi vəzifəsi də təklif etdi, lakin razılıq vermədim ki, çox sağ olun, mən hələ belə işə hazır deyiləm. O halda cənab nazir mənə DİN orqanı olan “Mübariz keşikdə” qəzetinin baş redaktoru vəzifəsini təklif etdi...  Ancaq  az sonra 4 iyun 1993-cü ildə məlum Gəncə qiyamı baş verdi, Abdulla müəllim də vəzifəsindən azad edildi... 
 
Aradan on illər ötdü... Mən artıq DİN-də idarə rəisi kimi çalışanda  Abdulla müəllimin həyat yoldaşı dünyasını dəyişmişdi.  Hüzn məclisində iştirak etdim... Sabiq nazirlə görüşüb olub-keçənlər haqda xeyli söhbət etdikdən sonra dedim ki, Abdulla müəllim, məni bağışlayın, vaxtilə sizə tabeliyinizdə olmuş əməkdaş kimi böyük bir xəyanət etmişəm. Cənab generalın siması dəyişib xeyli sərt ifadə aldı və soruşdu ki, necə xəyanət etmisən, başa düşmədim. Zeynal Vəfa ilə bağlı olayı ona danışdım və dedim ki, o zaman həmin jurnalistin evində həbs olunması ilə bağlı əməliyyatı mən pozdum... Keçmiş nazirin “Bəs niyə belə etdin?” sualına bu cür cavab verdim: 
 
“Abdulla müəllim, vallah, o vaxt düşündüm ki, heç bir cinayəti olmayan bir qələm adamının, jurnalistin, şairin evində məhkəmə orderi-filan olmadan, özü də ailəsinin, övladlarının gözü qarşısında axtarış aparmaq və sonda onu heç bir qanuni əsas olmadan həbs etmək heç Allaha da xoş getməz. Jurnalistin, yazıçının, şairin əlindən nə gəlir ki? Düzdü, jurnalist də, qələm adamı da digər vətəndaşlar kimi hansısa cinayət törədə bilər. Lakin əgər doğrudan da hansısa qələm adamının bir cinayəti varsa,  öz yazısında, qəzetində kimisə təhqir edibsə, kiməsə böhtan atıbsa, bunu digər vətəndaşlara da münasibətdə olduğu kimi, sivil qaydada məhkəmə vasitəsilə həll etmək mümkündür... Bir sözlə, mən belə bir qanunsuz əməliyyatı nə bu boyda paytaxtın Baş Polis İdarəsinin rəisi kimi sizin adınıza, nə Daxili İşlər Nazirliyinin, nə də bu yenicə yaranan  müstəqil(!), azad(!), demokratik(!) Azərbaycan dövlətinin adına yaraşdıra bilmədim, öz vicdanıma, mənliyimə də sığışdıra bilmədim. Və bu minvalla mən sizə beləcə xəyanət etməli oldum... Əvəzində bu gün vicdanım rahatdır, Allah qarşısında alnım açıqdır... ”   
 
Məni sonadək diqqətlə dinləyəndən sonra rəhmətlik özünəməxsus tərzdə ağıryana güldü və cavabında belə dedi:
 
“Mehman, bax, bu artıq xəyanət deyil. Əksinə, sağ ol ki, sən o durumda öz ləyaqətini də, abır-həyanı da, bizim də, orqanların da, ölkə rəhbərliyinin də ləyaqət və abır-həyamızı qorudun. Bizi bir böyük günahdan, cinayətdən qurtardın...”
 
Vəzifədə olanda da, olmayanda da daim bir insan kimi şəxsiyyətinə, bir kişi kimi mərdliyinə, sözübütövlüyünə görə hörmət bəslədiyim general Abdulla Allahverdiyevin bu cavabından sonra “Çox sağ olun, Abdulla müəllim, mən elə sizdən məhz belə bir cavab gözləyirdim”,- deyib, bir vicdan, can rahatlıyığıyla əlimi ürəyimin üstünə qoydum..."
 
Təqdim etdi: Sultan Laçın
Tarix: 7-12-2023, 21:48
Xəbəri paylaş





Xəbər lenti