Bəlkə özümüzü qıdıqlayaq… - ELDƏNİZ QULİYEV YAZIR


Deyəsən yavaş-yavaş meymunlaşırıq...
Qazın, işığın pulunu ödəyə bilməyənnən, üzü Marsa tərəf qalxan qiymətlərlə dalaşıb məğlub olannan, ailəmizi dolandırmağa iş yeri tapmayannan, əyin-başımıza geyim, qarnımıza yemək almaq imkanımız olmayannan, təpəmizə qapaz, yumşaq yerimizə təpik vuran məmurlarla bacarmayannan sonra...
...istər-istəməz, öz ibtidai ilkinliyimizə, yəni bir başa qədim əcdadlarımıza tərəf qayıtmağa məcbur qalırıq!..

Və addım-addım, asta-asta, ehmal-ehmal qayıdıriq da!
Amma tərslikdən burada - qayıtdığımız yerdə də bizləri dübarə dişdəm-dişdəm eləyən problemlərlə üzləşirik...
Yəni baxırıq və görürük ki, bu zəhrimar  məmləkətdə zəbt olunmamış bir meşə və ya meymun üçün dırmaşmağa bir cüt - iki tək ağac qalmayıb!..
Həə, ən pisi - banan da bahadı... Ağacsız və banansız isə...  meymunların yaşayışı, əlbəttə ki, it günündə olar!
İt günündə olan millətin isə lap gözünü də çıxararlar, hələ üstəlik dənizini də göz görə-görə oğurlayıb hasarlayarlar, meşələrini ağac-ağac, hektar-hektar qamarlayıb çəpərləyərlər, neftini barel-barel sümürüb yağmalayarlar...
Bəlkə səhv deyirəm?..
Uzaq başı, donquldanarıq... deyinərik!..
Və sonda mat-məəttəl, key-key baxıb da qınımıza çəkilərik... 
Çünki qorxuruq!
...Heysiyyatımızı, qürurumuzu, dinimizi, dilimizi təhqir edir, mədəniyyətimizi, mənəviyyatımızı şübhəli "məngənələrdə" sıxıb-sıxışdırır eybəcər hala salır, əxlaqımıza zəhərli TV və Media piratları qısqırdırlar...
Xoflanarıq!
Lal olurıq.
Kor oluraq.
...Gözümüzü bağlayar, qulağımızı tıxayar, ağzımızı qıfıllayıb-kilidlərik.
Qorxudan sarımızı udarıq!
...Təhsilimizi, səhiyyəmizi, demokratiya, azadlıq istəklərimizi, ləyaqətli yaşam haqqımızı,  gün-güzəranımızı it gününə qoyur, milləti (oxu: rəiyyəti) çörəklə imtahana çəkir, gözünə kül üfürür, başında turp, ürəyində yalan əkirlər, - yenə də cınqırımızı çıxarıb “mıqq” eləyə bilmirik...
Dözürik!
Əzmlə, inadkarcasına elə hey dözürik!..
Çünki qıdığımız gəlmir...
Eldəniz QULİYEV
Tarix: 11-12-2023, 15:44
Xəbəri paylaş





Xəbər lenti