Təhlükəsizlik Şurasında “toqquşdular”

Təhlükəsizlik Şurasında “toqquşdular” Rusiya Suriya hakimiyyətinin münaqişədə kimyəvi silahlardan istifadəsi ilə bağlı hazırlanmış BMT sanksiyasına veto qoyub. Bu qətnaməni ABŞ, Britaniya və Fransa dəstəkləyirdi. Rusiyanın ötən çərşənbə axşamı qoyduğu veto son altı ildə Moskvanın 7-ci vetosudur.

“The Telegraph” yazır ki, Rusiya bu müddət ərzində BMT Təhlükəsizlik Şurasındakı daimi üzv yerindən Suriya prezidenti Əsədin hakimiyyətini müdafiə üçün istifadə edib.
O da qeyd edilir ki, Çin də Rusiyanın vetosuna qoşulub, lakin bunun özünün spesifik səbəbi var. Belə ki, bu veto Çin helikopterlərinin Suriya hökumətinə satışını qadağan etmiş olardı.
Qərb ölkələrinin ittihamlarına görə Əsəd rejimi xlor qazı ilə dolu çəlləkləri məhz belə helikopterlərdən atırdı. Bu da qeyd olunur ki, sözügedən qətnaməyə görə BMT Təhlükəsizlik Şurasındakı mübahisə, Tramp Ağ Evə gələndən bəri Kreml və Vaşinqton arasındakı ilk qarşıdurmadır.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley deyib ki, BMT-də bir üzv ölkənin başqa bir ölkənin öz əhalisini qırması faktını müdafiə etməsi kədərlidir. O bildirib ki, belə hərəkətlər dünyanı daha təhlükəli yerə çevirir. Rusiyanın BMT-dəki səfir müavini Vladimir Safronkov qərbin Moskvanı tənqid etməsini “hiddət doğuran hal” adlandırıb. O, qərb nümayəndələrinə müraciətlə “qoy Allah hakiminiz olsun” deyib. Safronkov deyib ki, Qərb nümayəndələri Rusiyanı veto hüququndan istifadəyə məcbur etməklə təxribat törədiblər. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bu qətnaməni tamamilə qeyri-məqbul adlandırmış və Cenevrədə keçirilən Suriya sülh danışıqlarını pozacağı ilə hədələmişdi. Lakin Rusiyanın bu qətnaməyə veto qoyacağı əvvəlcədən məlum olsa da, Çinin vetodan istifadəsi təəccüb doğurub.

azadliq.info
Tarix: 1-03-2017, 10:30
Xəbəri paylaş





Xəbər lenti