“Qırmızı portfel”, yaşıl “Jaquar”, dovşan ətindən it yemi…- Britaniya kraliçasının sirr kimi qorunan həyatı

“Qırmızı portfel”, yaşıl “Jaquar”, dovşan ətindən it yemi…- Britaniya kraliçasının sirr kimi qorunan həyatı Dünyanın ən məşhur və ən zəngin qadınlarından olan Britaniya kraliçası II Elizabetin gündəlik həyatı çoxları üçün maraqlı olduğu qədər də, sirr doludur. Kraliçanın həyatını sirli edən onun mətbuatdan uzaq durması, daha dəqiqi, heç vaxt müsahibə verməməsidir. Bununla belə, haqqında yazılan kitablar, çəkilən sənədli filmlər sayəsində bu sirr pərdəsini az da olsa, qaldırmaq olur.

Strateq.az xarici mətbuata istinadən Britaniya kraliçasını oxuculara daha yaxından tanıtmağa çalışacaq.

91 yaşlı II Elizabet Britaniya tarixində ən işgüzar monarx kimi tanınır. Yeni il bayramını çıxmaq şərtilə, o, istisnasız olaraq hər gün iş başındadır.

Yuxudan səhər saat 7.30-da oyanır. Ona dərhal farfor fincanda çay (Earl Grey və ya English Breakfast), süd və "Meri" peçenyeləri gətirilir.


Maraqlıdır ki, kraliça çayı heç vaxt qəndlə içmir.

“Qırmızı portfel”, yaşıl “Jaquar”, dovşan ətindən it yemi…- Britaniya kraliçasının sirr kimi qorunan həyatı

Kraliçanın məşhur "qırmızı portfeli"

Saat 9-da şəxsi katibəsi ona məşhur "qırmızı portfel"ini gətirir. Kraliça portfeldəki sənədlərlə tanış olur, lazım olanlarını imzalayır.

Həmin portfeldə parlament və hökumət iclaslarının sənədləri, həmçinin xüsusi xidmət və kəşfiyyat orqanlarının məlumatları saxlanılır.

Bütün rəsmi səfərlərdə bu portfel kraliçanın yanında olur.

Kraliça sənədlərlə tanış olduğu müddətdə həyat yoldaşı Filip səhər yeməyini başa çatdırır. Xanım Elizabet isə adətən səhər yeməyini tək yeyir – saat 9.00-da.

Onun nə yediyini bilmək o qədər də asan deyil. Sarayda işləyən aşpaz və xidmətçilər heç vaxt mətbuata açıqlama vermirlər. Və mediadan mümkün qədər uzaq dururlar.

Lakin saraydan uzaqlaşan işçilər bəzən kiçik də olsa ipucları verirlər.

“Qırmızı portfel”, yaşıl “Jaquar”, dovşan ətindən it yemi…- Britaniya kraliçasının sirr kimi qorunan həyatı

Məsələn, kraliçanın keçmiş aşpazı Daren MakQredi jurnalistlərə bildirmişdi ki, kraliça Elizabetin səhər yeməyində qeyri-adi heç nə olmur – quru meyvə, qaynadılmış yumurta, mürəbbəli tost və südlü çay.

Səhər yeməyi zamanı kraliça qəzetləri gözdən keçirir. Və katibənin xüsusi işarələdiyi məqalələri oxuyur.

Kraliça ailəsi onlar haqda yazılan məqalələrə, xüsusən də çəkilən fotolara xüsusi həssaslıqla yanaşır.

Ailə belə hesab edir ki, xanım Elizabet bütün fotolarda möhtəşəm görünməlidir. Ona görə də fotoların uğurlu alınmasına diqqət edilir. Çəkilən foto qaneedici olmasa, Bukingem sarayı həmin mətbuat orqanına kraliçanın narazılığını çatdırır.

Ailənin media ilə münasibətlərindəki ən çətin günlər şahzadə Çarlzın şahzadə Diana ilə boşanması zamanı olmuşdu.

“Qırmızı portfel”, yaşıl “Jaquar”, dovşan ətindən it yemi…- Britaniya kraliçasının sirr kimi qorunan həyatı

Bu həssaslığa baxmayaraq, kraliça özü ilə bağlı karikaturaları maraqla seyr edir, hətta onlara ürəkdən gülür. Təbii ki, karikatura uğurlu alınıbsa…

Kraliçanın ağıllı və yaxşı zarafatları da sevdiyi deyilir.

Səhər 9 tamamda rezidensiyanın pəncərələri altında kraliçanın sevdiyi musiqilər çalınır. Bu ənənə kraliça Viktoriyanın zamanından var. Çalğıçılar adətən şotlandiyalı peşəkar musiqiçilər olur.

Onlar saraydakı bəzi rəsmi tədbirlərdə də kraliça üçün ifa edirlər.

Sənədlərlə işini başa vurandan sonra kraliça məktub yazmağa başlayır. Bunlar əsasən təşəkkür məktubları olur.

Xüsusi kağızın üzərinə mürəkkəbli qələmlə yazılan məktublarda hədiyyələrə, verilən ziyafətə və qonaqlığa görə minnətdarlıq ifadə olunur.

“Qırmızı portfel”, yaşıl “Jaquar”, dovşan ətindən it yemi…- Britaniya kraliçasının sirr kimi qorunan həyatı

II Elizabet qonaqpərvərliyi və qayğını yüksək qiymətləndirir. Bu səbəbdən də onu qonaq çağıranlara, xarici səfərlər zamanı bir neçə gün onu qulluq və qayğı ilə əhatə edənlərə şəxsən təşəkkür etməyi sevir.

Bu işdə ona sarayda çalışan xanımlardan biri kömək edir. Bu xanım bütün səfər və qəbullarda kraliçanın yanında olur.

Bu arada, kraliça bu vaxta qədər 120-dən çox ölkəyə səfər edib. Ən çox da Kanada (27 dəfə) və Avstraliyaya (18 dəfə).

Ən sıx səfər qrafiki isə 1970-də olub – il ərzində 48 ölkəyə 73 səfər.

Kraliça ona ünvanlanan məktubları da bir-bir oxuyur. Məktublar əsasən minnətdarlıq xarakterli olsa da, bəzilərində saray mətbəxində hazırlanan yeməklərin tərifini bölüşmək xahiş olunur.

Ənənəyə görə, kraliça 100 yaşı tamam olan hər Böyük Britaniya vətəndaşına şəxsən öz adından təbrik məktubu göndərir.

“Qırmızı portfel”, yaşıl “Jaquar”, dovşan ətindən it yemi…- Britaniya kraliçasının sirr kimi qorunan həyatı

Adi günlərdə kraliça itləri ilə zaman keçirməyi, onlarla oynamağı sevir.

Deyilənə görə, itlərin yeməyini şəxsən kraliça özü hazırlayır – toyuq və dovşan ətindən.

İtləri gəzintiyə də özü çıxarır. Təbii ki, saray əməkdaşlarının əhatəsində.

Elizabetin sevimli məşğuliyyətindən biri də at minməkdir. Onun at çapmaqda olduqca peşəkar olduğu bildirilir.

“Qırmızı portfel”, yaşıl “Jaquar”, dovşan ətindən it yemi…- Britaniya kraliçasının sirr kimi qorunan həyatı

Kraliça Elizabet Ronald Reyqanla

Bəzən qonaqlarını da at gəzintisinə dəvət edir. Belə qonaqlardan biri ABŞ prezidenti Ronald Reyqan olmuşdu – 1982-ci ildə.

Kraliça eyni zamanda avtomobildə – sükan arxasında olmağı sevir. Düzdür, indi belə gəzintilərinin sayı azalıb. Amma yenə də öz yaşıl "Jaquar"ı ilə kiçik səyahətlərə çıxmağa davam edir.

Əsasən London yaxınlığındakı, Norfolk qraflığındakı və Şotlandiyadakı qəsrlərə öz avtomobili ilə və həyat yoldaşıyla birgə gedir.

Elizabet Edinburq hersoqu Filiplə 1947-ci il noyabrın 20-də ailə qurub. Həmin vaxt onun 21 yaşı var imiş. Cütlük 70 ilə yaxındır bu evliliyi davam etdirir.

Elizabet həm də Britaniya tarixində “brilyant toyunu” qeyd edən ilk monarxdır.

“Qırmızı portfel”, yaşıl “Jaquar”, dovşan ətindən it yemi…- Britaniya kraliçasının sirr kimi qorunan həyatı

Kraliça və həyat yoldaşı

Kral ailəsinə məxsus atlar illərdir Britaniyadakı bir çox rəsmi mərasimlərdə iştirak edir. Eləcə də bir çox yarışlarda qalib olurlar.

Məsələn, Dartmut adlı at ötən il Askotdakı yarışda qalib gələrək 130 min funt sterlinq qazanmışdı.

Şahzadə Çarlz anasından fərqli olaraq atlara maraq göstərmir. Bacısı Anna və kraliçanın nəvəsi Zara Tindal isə əksinə, gözəl at çapır və onların hər ikisi Olimpiya oyunlarının iştirakçısı olublar.

Kraliça həm də balıq tutmaq həvəskarıdır. Bu həvəs ona balıq tutmağı çox sevən anasından keçib. Filiplə ailə qurandan sonra Elizabetin balıq ovuna marağı bir az da artıb.

Xarici səfərlərinin demək olar ki hamısında o, balıq tutmağa vaxt ayırmağa çalışır.

“Qırmızı portfel”, yaşıl “Jaquar”, dovşan ətindən it yemi…- Britaniya kraliçasının sirr kimi qorunan həyatı

Şahzadə Çarlz oğlu Harri ilə ovda

Ovçuluq kral ailəsinin sevimli məhğuliyyətlərindəndir. Ov mövsümü hər il oktyabrın əvvəlində açılır və yanvarın sonlarına qədər davam edir.

Uilyam və Harri də daxil olmaqla, ailənin bütün kişi üzvləri ov həvəskarı və peşəkar atıcıdılar. Əsasən çöl ördəyi və quşları ovlayırlar. Ailənin qadın üzvləri ovlamasalar da, prosesi maraqla müşahidə edirlər.

Hər gün saat 16.00-da sarayda çay mərasimi olur. Sarayın sakinlərinə müxtəlif şirniyyatlarla birgə çay ikram olunur.

Aşpaz Daren MakQredinin dediyinə görə, kraliça ən çox meyvəli və şokoladlı tortları sevir.

Çay dəstgahı ilə yanaşı, içərisində xiyar, yumurta, mayonez, vetçina olan buterbrodlar verilir. Kraliçaya xüsusi olaraq cemli pennilər də təqdim olunur. Bu, qədim ingilis şirniyyatıdır və kraliça onu uşaqlıq illərindən yeməyə adət edib.

Xanım Elizabetin öz vərdişlərinə sadiq olduğu, onları dəyişmədiyi bildirilir.

İngilis aristokratiyasının daha bir ənənəsi şam yeməyindən öncə olan qəbul edilən "axşam vannasıdır". Vaxtilə sarayda işləyənlər danışır ki, kraliça səhər-axşam duş qəbul edir. Səhərləri əsasən suyu sərin edir ki, günə gümrah başlasın.

“Qırmızı portfel”, yaşıl “Jaquar”, dovşan ətindən it yemi…- Britaniya kraliçasının sirr kimi qorunan həyatı

Sarayda axşam içkilərlə başlayır. Kraliçanın və şahzadə Harrinin sevimli içkisi kokteyl, şahzadə Filiplə şahzadə Uilyamın ən çox sevdiyi isə pivədir.

Sarayda şampana tələbat elə də böyük deyil. Amma bir müddət əvvəl ailə özünə məxsus şərab istehsal etməyə başladı ki, kolleksionerlər onun bir şüşəsini 25 funt sterlinqə əldə etdilər.

Şam yeməyində kraliça əsasən balıqdan hazırlanmış yeməklər yeyir. Ekzotik yeməkəri isə sevmir.

Yeməklərin hazırlandığı məhsullarla bağlı əsas şərt onların mövsümə uyğun olmasıdır.

Tərəvəzlər isə əsasən sarayın bostanından olur.

Deyilənə görə, kraliça artıq qalan məhsulların atılmasını xoşlamır. Hətta bir dəfə yemək zamanı istifadə etmədiyi limon dilimlərini mətbəxə geri göndərərib. Və onların başqa bir yeməkdə istifadə olunmasını istəyib.

“Qırmızı portfel”, yaşıl “Jaquar”, dovşan ətindən it yemi…- Britaniya kraliçasının sirr kimi qorunan həyatı


Yeni il gecəsi bütün ailə süfrə başında olur – kraliça, hersoq, onların 4 övladı, 8 nəvəsi, 5 nəticəsi…

Ötən il Uilyamla Keyt bayramı başqa yerdə (Keytin ata evində) qeyd edəndə bu hadisə mətbuatda xəbər olmuşdu.

Ailənin tam tərkibdə toplandığı bir gün də var ki, bu da kraliçanın ad günüdür.

Mətbuat kraliça ilə bağlı başqa maraqlı məqamları da üzə çıxarıb.

Məsələn, bunlardan biri ona evdə necə müraciət olunmasıdır.


“Qırmızı portfel”, yaşıl “Jaquar”, dovşan ətindən it yemi…- Britaniya kraliçasının sirr kimi qorunan həyatı

Deyilənə görə, oğlu Çarlz əvvəlcə ona "Əlahəzrət" deyə müraciət edir. Sonra isə "Mommy" (ana) deyir.

Həyat yoldaşı isə kraliçanı Lilibet deyə çağırır. Belə ki, Elizabet uşaqkən – hələ tam dil açmayan vaxtlarında adını soruşan hər kəsə özünü belə təqdim edərmiş. Nəticəsi Corc isə kraliçanı "Qan-qan" çağırır.

2015-ci il sentyabrın 9-da kraliça II Elizabet tarixə Britaniya krallığını ən uzun müddətə idarə edən rəhbər kimi düşdü. O, taxt-tacı kraliça Viktoriyadan 1952-ci ildə təhvil alıb və bu iki xanım Britaniyanı üst-üstə 125 il idarə edib.

Viktoriya kraliça taxtına 18 yaşında çıxıb və ölkəyə 63 il 7 ay 2 gün rəhbərlik edib. Elizabet isə ondan fərqli olaraq 25 yaşında kraliça olub. Və Britaniyaya rəhbərlik müddətinə görə Viktoriyanı geridə qoyub…

Strateq.az
Tarix: 7-03-2017, 21:41
Xəbəri paylaş





Xəbər lenti