Prezidenti hakimiyyətdən salmaq istəyirlər

Prezidenti hakimiyyətdən salmaq istəyirlər İmpiçment tələbi gündəmdə

Fikrət Sadıqov: “Putinlə görüş müxalifət üçün tutarlı siyasi bəhanə olub”

ABŞ Konqresinin iki demokrat üzvü -Bred Şerman və El Qrin Rusiyanın seçkilərə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyinə görə prezident Trampın impiçmentinə çağırıb.
Şerman deyib ki, Donald Tramp ötən il prezident seçkisin ərəfəsində kampaniyalar zamanı qanunu kobud şəkildə pozub. “Rusiya izlərini” araşdıran Federal Təhqiqat Bürosunun direktoru Ceyms Kornini istefaya göndərməklə ədalətin üzə çıxmasını əngəlləyib.


Konqresmenlər hesab edir ki, D.Tramp prezident andını pozub və məhz vəzifə səlahiyyətlərindən istifadə edərək Rusiyanın seçkiyə qarışması ilə bağlı istintaqa təzyiq gəstərib.

Bu barədə B.Şermanın yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi iddiaları barədə araşdırmanı Federal Təhqiqatlar Bürosu, Senat və Konqresin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitələri aparır. Bundan əlavə, may ayında Ədliyyə Nazirliyi FTB-nin sabiq direktoru Robert Mülleri məsələ ilə bağlı xüsusi araşdırmaçı təyin edib.
Prezidenti hakimiyyətdən salmaq istəyirlər


Mövzu ilə bağlı fikirlərini bölüşən politoloq Fikrət Sadıqov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, impiçment təşəbbüsünün qaldırılması prezident Trampın Ağ Evə gəldiyi gündən ona qarşı başlayan siyasi hücumların tərkib hissəsidir:

“Bu, bir tərəfdən Hillari Klinton düşərgəsinin fəaliyyəti idi. Digər tərəfdən, Tramp özü qeyri-adi şəxsiyyətdir. Siyasi təcrübəsi olmayan bir insandır. Onlar da görünür bundan istifadə edib Trampa qarşı hücuma başlayıblar. Amma məsələ burasındadır ki, Rusiyanın seçkilərə müdaxilə etməsi və Trampın bundan xəbəri olması barədə deyilənlər, son günlər onun oğlunun adı ilə bağlı qalmaqallar Amerika prezidentinə qarşı kampaniyanın başlanmasına start verib. Onu da qeyd edim ki, hər bir Konqres üzvü impiçment təşəbbüsü ilə çıxış edə bilər. Lakin bu çox mürəkkəb prosedurdur. İmpiçmenti elan etmək üçün kifayət qədər dəlil-sübut olmalıdır. Trampa qarşı irəli sürülən ittihamlar isə kampaniya xarakterlidir və konkret faktlar yoxdur. Amerikada prezidentə impiçment elan etmək üçün komissiya yaradılmalıdır. Komissiya sənədləri araşdırmalı və Konqresə çıxartmalıdır. Araşdırmaların nəticəsi Nümayəndələr Palatasında, sonra isə Senatda müzakirə olunmalıdır. Mən inanmıram ki, yaxın gələcəkdə Trampa qarşı impiçment elan edilməsinin şahidi olaq”.

Politoloq onu da bildirib ki, ABŞ prezidentinin iyulun 7-də Hamburqda rusiyalı həmkarı Vladimir Putinlə görüşməsi müxalifətə Trampa qarşı impiçment məsələsini qaldırmaq üçün tutarlı siyasi bəhanə olub. Demokratlar Trampın mövqeyini zəiflətmək və ona qarşı kampaniya başlatmaq imkanı əldə edib.

Müşfiq Abdulla
Cebhe.info
Tarix: 13-07-2017, 20:39
Xəbəri paylaş





Xəbər lenti