Türkiyə Suriyanın şimalındakı kürd birləşmələrinin 100-dən çox obyektini vurub

Türkiyə ordusu Suriyanın şimalındakı kürd birləşmələrinə məxsus az; 150 obyekti bombalayıb.

Bu obyektlər Afrin şəhərinin ətraflarındadır.

Bu barədə Reuters agentliyi İstanbuldakı mənbələrə istinadla xəbər veir.


Hərbçilər əsasən silah arsenalları və sığınacaqlardan ibarət olan bu obyektlərin qurudan artileriya atəşi ilə vurulduğunu deyirlər.

Sərhəd bölgəsindəki Kilis şəhərinin valisi Mehmet Tekinarslanın sözlərinə görə kürd yaraqlıları yanvarın 21-də şəhərə 4 raket buraxıblar.

Nəticədə 1 nəfər yüngül xəsarət alıb, 2 ev və 1 ofisə ziyan dəyib.

Tekinarslan cavab atəşləri açılığını deyir.

Bütün bunlar, ABŞ-ın xəbərdarlığına baxmayaraq, Türkiyə ordusunun Afrindəki kürd qruplaşmalarına qarşı hərbi əməliyyata başlamasından sonra baş verir.

ABŞ hesab edir ki, bu regionda vəziyyəti daha da gərginləşdirə bilər.

Kürd birləşmələrinin nümayəndəsi hava əməliyyatı zamanı, əksəriyyəti mülki sakinlər olmaqla azı 10 nəfərin öldüyünü xəbər verir.

Türkiyə tərəfi itkiləri etiraf eləsə də, onların yaraqlılar olduğunu deyir.

Türkiyənin baş naziri Binali Yıldırım yanvarın 20-də bildirib ki, hava zərbələri Afrindəki YPG kürd qrupu və “İslam Dövləti” qrupu yaraqlılarına qarşı yönəlib.

Prezident Racep Tayyip Erdogan da elə həmin gün Türkiyə ordusunun Afrində hərbi əməliyyatlara başladığını bəyan edib.

Türkiyə rəsmilərinin sözlərinə görə xarici işlər naziri Mevlut Cavuşoğlu əməliyyat barədə telefonla ABŞ Dövlət katibi Rex Tillersona məlumat verib.

Həmçinin Türkiyə komandanlığının bu barədə ABŞ və Rusiya tərəfini məlumatlandırdığı bildirilir.

Türkiyənin ABŞ-ın dəstəklədiyi YPG qruplaşmasına qarşı əməliyyata başlaması onun NATO-dakı müttəfiqi ABŞ-la gərginliyi artıra bilər.

ABŞ YPG-dən “İslam Dövləti” qrupu ilə mübarizədə istifadə edir.

Türkiyə isə bu qurupu terrorçu PKK təşkilatı ilə əlbir olmaqda günahlandırır.

PKK 30 ildən çoxdur ki, Türkiyənin cənub-şərqində müstəqillik uğrunda silahlı mübarizə aparır.

Bu müddət ərzində 40 mindən çox adam ölüb. (azadliq.org)
Tarix: 21-01-2018, 17:16
Xəbəri paylaş





Xəbər lenti