1 nömrəli “qanuni oğru” axtarışa verildi - Tyurin kimdir?


Ukrayna hüquq-mühafizə orqanları ötən ilin martında Kiyevdə öldürülən deputat Denis Voronenkovun qətlinə görə “qanuni oğru”, Tyurin ləqəbi ilə tanınan Vladimir Tyurin barədə axtarış elan edib. D. Voronenkov 2016-cı ildə Ukraynaya qaçıb. O, Kommunist Partiyasından Dumaya deputat seçilmişdi. Rusiya onu beynəlxalq axtarışa vermişdi. İş ondadır ki, Tyurin vaxtilə opera ifaçısı Mariya Maksakova ilə vətəndaş nikahında olub. O isə deputat seçildikdən sonra Voronenkov ilə ailə qurub, Ukraynaya da birgə gəlmişdilər. İstintaq hesab edir ki, bu səbəbdən qətldə Tyurinin əli var.

“Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun həbsindən sonra slavyan qruplaşması Tyurinin başçılıq edəcəyi gözlənilir. Vladimir Tyurin 1958-ci il, noyabrın 25-də Başqırdıstan Muxtar Respublikasının Tirlyanski qəsəbəsində anadan olub. Orta məktəbi qızıl medalla qurtaran Tyurin əvvəl peşəkar musiqi təhsili alıb, sonralar isə Sankt-Peterburq Politexnik Universitetini bitirib. Həbsxanaya yolu 1974-cü ildə qarət ittihamı ilə başlayıb. Bir neçə il İrkutsk həbsxanalarında cəza çəkib.

Vyaçeslav İvankovun (“Yaponçik”) İrkutsk vilayətindəki “smotryayuşi”si Aleksandr Moiseyev 1991-ci il, iyunun 10-da öz avtomobilində partlayış nəticəsində öldürülür. “Masya” ləqəbli Moiseyevin yaxın dostu olan Tyurini də bundan sonra eyni üsulla öldürmək istəyirlər. Amma onun maşınına atılan əl qumbarası partlasa da o, sui-qəsddən sağ qurtula bilir. 1993-cü ildə “qanuni oğru” adını “Yaponçik”in xeyir-duası ilə alan Tyurin tezliklə kriminal aləmin ən nüfuzlu liderlərindən birinə çevrilir. O, “Bratskoye” adlanan kriminal qruplaşmaya rəhbərlik edir. Əsasən, alüminium və meşə təsərrüfatı mallarının Sankt-Peterburqdan Pribaltikaya, oradan isə Qərbi Avropaya daşınmasına nəzarət edən Tyurin Moskvada da bir neçə tanınmış kazinolara rəhbərlik edir.

Rusiya kriminalitetinin o zamankı ağaları - “Yaponçik”, “Şakro Molodoy”, Tariel Oniani (“Taro”) 1990-cı illərdə Avropaya üz tutur ki, onların arasında Tyurin də olur. Əsasən İspaniyada məskunlaşan rusiyalı mafiozlar tez-tez Aslan Usoyanın da iştirak etdiyi “sxodka”larda kriminal yolla əldə edilən gəlirləri bölüşdürür, nüfuz dairələrini gündən-günə genişləndirir və Avropanın kurort şəhərlərini pulla nəzarətə almağa başlayırlar.

Nəhayət, İspaniya polisinin 2005-ci ildə Rusiya mafiyasına qarşı keçirdiyi əməliyyat zamanı bir çox “qanuni oğrular” həbs edilir. Amma Tyurin ələ keçmir.

Həmin vaxt Rusiyada olan mafiozu İspaniya polisi beynəlxalq axtarışa verir. Uzun müddət ələ keçməyən Tyurin 2009-cu ildə “İnterpol” xətti ilə Monqolustanda həbs edilir. İspaniya polisi onu aparmaq üçün gələndə isə həbsxanada Tyurinin ən məşhur tryuku üzə çıxır. Belə ki, polis həbsxanada onun doğma qardaşını tapır...

2010-cu ildə FTX və Rusiya milisi (o zaman milis adlanırdı) Tyurini Moskvada həbs edir. İspaniya polisi onu kriminal qruplaşma yaratmaqda, çirkli pulların yuyulmasında ittiham edir və ekstradisiya olunması üçün icazə istəyir. Amma məlum olur ki, Tyurin Rusiya vətəndaşlığını saxta yolla alıb və əslində Qazaxıstan vətəndaşıdır. Butırka təcridxanasında o mütəmadi olaraq “Ded Xasan”la əlaqə saxlayır. Həmin vaxt o da məlum olur ki, heç demə, Tyurin həbs edilməyənədək iqtisadiyyat və idarəçilik mövzunda namizədlik dissertasiyası yazırmış və tezliklə müdafiə edəcəkmiş. 2011-ci ildə Moskva məhkəməsi onun barəsindəki həbs qərarını ev dustaqlığı ilə əvəz edir.

2012-ci ildə vəkilləri onun Rusiya vətəndaşlığının saxta olmadığını sübuta yetirirlər. Rusiya vətəndaşının başqa ölkəyə verilməsi konstitusiya ilə qadağan olunduğundan Baş Prokurorluq İspaniya polisinin müraciətini rədd edir. Bundan sonra onun ev dustaqlığı barədə qərar da dəyişdirilir.

Məlumatlara görə, “Ded”ə yaxınlığına baxmayaraq, Tyurin eyni istedadla Rusiyanın bir çox tanınmış siyasi xadimləri, biznes dairələri, eləcə də elm və incəsənət nümayəndələri ilə ciddi əlaqələrə malikdir. Tyurin indi daha çox alüminium, ağac məmulatları istehsalı, neft-kimya sənayesi, enerji və bank sektorunda fəaldır. Onun Moskva ilə yanaşı Avropanın bir sıra ölkələrində daşınmaz əmlakı var.

Tyurin “Ded”in sağlığında onun klanının maliyyə məsələlərinə cavabdeh olub. Onun adı Rusiyadakı bir sıra qətllərdə hallanıb. Məsələn, Sankt-Peterburqda 1997-ci ildə öldürülən vitse-qubernator Mixail Maneviç “Ded Xasan” klanının bu bölgədə fəallaşmasına qarşı çıxdığı üçün Tyurinin sifarişi ilə öldürüldüyü deyilir. “Tatneft”in təhlükəsizlik xidmətinin rəhbəri, “Tainvestneftqaz” firmasının baş direktorunun öldürülməsində də onun adı hallanıb.

Orxan, 
Musavat.com

Tarix: 15-03-2018, 16:05
Xəbəri paylaş





Xəbər lenti