ABŞ-ın TÜRKİYƏ VƏ İRANI SEVMƏYƏN YENİ DÖVLƏT KATİBİ –Mayk Pompeo Rusiya ilə dil tapa biləcəkmi? - TƏHLİL



Sərdar TURQUT,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 16 mart 2018-ci il

 

Əgər Konqres sorğusunda böyük bir sürpriz olmazsa, Mayk Pompeonun xarici işlər naziri vəzifəsinə təyinatı təsdiq ediləcək. Yaxın keçmişinə baxaraq, Pompeonun Türkiyə baxımından anlamını müəyyən etmək mümkündür.

Prezident Donald Trampın üzərində təsiri məlum olan Pompeonun xarici işlər naziri olduğu ABŞ-ın, başda Suriya gəlməklə, bir çox sahədə Rusiya ilə yaxın münasibətlər içində olması gözlənilir.

İrana qarşı isə səviyyəsi artan sərtləşmə dəqiq olaraq görünür. Bu, MKİ-nin yeni direktoru Cina Haspelin tətbiq etməyə başlayacağı bəzi aqressiv əməliyyatlarla da dəstəklənəcək. Keçmiş müdiri Cina Haspelin MKİ direktoru vəzifəsinə gəlməsindən sonra İran əməliyyatlarına rəhbərlik edən“Ayətullah Mayk” ləqəbli Maykl D`Andreanın indidən yeni planlar qurmağa başladığı da söylənilir.

Onu da qeyd edək ki, Pompeo hələ Konqres üzvü kimi Kəşfiyyat komitəsindəykən, Türkiyə və Rəcəb Tayyib Ərdoğan əleyhinə danışmağa başlamışdı. Trampdan fərqli bir əmr gəlmədiyi təqdirdə, onun bu münasibətindən vaz keçəcəyi yönündə işarət də görünmür. Bu anda Trampın da fərqli bir münasibət göstərməsi gözlənilmir.

 

Pompeonun 15 iyulda atdığı “Tweet”

 

Pompeo üçün əsl düşmən İrandır. Türkiyəni də regionda İranla əməkdaşlıq etdiyi üçün eyni çərçivədə dəyərləndirir. 15 iyul 2016-cı ildə çevriliş cəhdi davam edərkən atdığı “tweet”lə Türkiyə ilə İranı necə eyniləşdirdiyini və hər iki ölkəyə də necə nifrət etdiyini açıqca ortaya qoymuşdu.

Pompeo, Maliyyə Nazirliyinə keçmədən öncə, qlobal maliyyə kəşfiyyatı və əməliyyatlarına görə məsul olan bir şəxs kimi yanında işlədiyi Devid Kohenlə sıx əməkdaşlığını davam etdirir. Devid Kohen, Hakan Atillanın məhkəmə işində onun əleyhinə şahidlik etmişdi. O, Pompeo ilə bilrlikdə Türkiyənin İrana qarşı tətbiq edilən sanksiyaları “dəlmək” üçün çalışdığını düşünür. Bu üzdən Pompeo Hakan Atillanın məhkəmə işilə çox maraqlanırdı, indi də 7 apreldə açıqlanacaq cəzanı gözlədiyi bildirilir.

Pompeonun, əlaqələrini heç kəsmədiyi Kohenlə birlikdə, Türkiyəyə qarşı bəzi sanksiyalar tətbiq edilməsindən yana olduğu da məlumdur.

 

YPG mövzusu

 

Vaşinqtonda söylənir ki, YPG ilə əməkdaşlıqdan vaz keçməməsi üçün Trampa ən çox təsir edən şəxs Pompeodur. Pompeo ilə MKİ-nin yeni direktoru təyin ediləcək Haspelin İranı təcili olaraq mübarizə aparılması lazım olan düşmən olaraq gördüyü və bu ölkənin Suriya daxilində artan gücündən son dərəcə narahat olduqları üçün ona yaxın olan milislərlə orada mübarizə apara biləcək yeganə güc olaraq YPG-ni gördüyü bildirilir.

Keçən həftə bir toplantıda Pompeonun “Əgər İran milislərinə qarşı (Suriyada – tərc.) bir güc saxlamaq istəyiriksə, 50 min amerikalı əsgər göndərməliyik. Bu da olmayacağına görə, Suriya daxilində İrana qarşı YPG ilə işləmək məcburiyyətindəyik” dediyi öyrənilib.

 

Rusiya ilə əməkdaşlıq

 

MKİ direktoru olaraq Pompeo fevral ayının ikinci yarısında bir əməliyyatla, sanksiyalara görə ABŞ-a girmələri belə qadağan edilən Rusiyanın üç önəmli kəşfiyyat təşkilatının (SVR, QRU və FSB – tərc.) rəhbərini Vaşinqtona gətirərək, onlarla gizli toplantılar keçirmişdi.

O toplantılarda Pompeonun ruslarla necə əməkdaşlıq edilə biləcəyini, xüsusən də Suriyada bunun necə həyata keçirilə biləcəyini müzakirə etdiyi məlumdur. Prezident Trampın Rusiya ilə əlaqələrinin intensiv davam etdiyi o günlərdə bu toplantılar, əslində, gizli saxlanacaqdı, amma Senatda demokratların lideri olan senator Çak Şumer hakimiyyətdən bu məsələni soruşduğu üçün açıqlamağa məcbur oldular.

Bu da unudulmamalıdı: Reks Tillerson İngiltərədə agent ölümlərinə görə Rusiyanın məsuliyyət daşıdığını açıqladıqdan sonra vəzifədən azad edildi və yerinə Rusiya ilə əməkdaşlığa önəm verən Pompeo gəldi. Pompeonun Suriyada ruslarla əlaqəli hərəkət edilməsinə önəm verdiyi bildirilir. Xarici işlər naziri təyin olunmadan öncə Pompeo, demək olar ki, 6 aydır Ağ evdən heç çıxmırdı. Hər səhər gündəlik brifinq vermək üçün getdiyi Trampın yanından brifinqi bitdikdən sonra da ayrılmır və pərdə arxasından Ağ evin siyasətlərini yönləndirirdi.

Bu səbəblə, Pompeonun Türkiyə əleyhinə olan görüşlərinin Trampa heç yad olmadığı və bundan sonra gələcək həmlələrin diqqətlə izlənməli olduğu da məsələni bilən mütəxəssislər tərəfindən vurğulanır.

Tərcümə Strateq.az-ındır

Tarix: 16-03-2018, 22:49
Xəbəri paylaş





Xəbər lenti