Mixail Xodorkovski: “Qərb Moskvadakı cinayətkar qrupla həm də polis metodları ilə mübarizə aparmalıdır”


Keçmiş neft maqnatı, şirkəti əlindən alınan, özü isə 2003-2013-cü illər arasında həbsxana həyatı yaşayan, hazırda sürgün həyatı sürən Mixail Xodorkovski Fransanın “Le Monde” qəzetinə maraqlı müsahibə verib. 

Xodorkovski son günlərdə yaşanan Rusiya-Böyük Britaniya gərginliyini və bunun fonunda Kreml-Qərb münasibətlərini dəyərləndirib.

“Həyatınıza təhlükə hiss edirsinizmi?” - jurnalist Benua Vitkin soruşub.

“Mən tam on il Rusiyada cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşamışam. Burada mənimlə çox asan yolla dediyiniz təhlükə baş verə bilərdi. Lakin Sergey Skripaldan fərqli olaraq heç vaxt xarici xüsusi xidmət orqanları ilə əlaqədə olmamışam. Belə çıxır ki, hələ ki, satqınların yox edilməsi proqramına daxil deyiləm. Təbii, əgər başqa bir proqram qəbul olunsa, o zaman mənim üçün həyat çətinləşər. Əgər sizin Vladimir Putin kimi bütün dünyanı məhv edə biləcək nüvə silahının varlığı ilə öyünən prezidentiniz varsa, istənilən insan özünü təhdid altında hiss etməlidir ”, - Xodorkovski cavab verib.

Xodorkovski Putinin siyasi qətllərlə bağlı əvvələr danışdığını söyləyib. Məsələn, Putin 2006-cı ildə öldürülən qadın jurnalist Anna Politkovskayanın qətlinin yazılarından daha çox zərər vurduğunu açıqlayıb.

“Sergey Skripalın zəhərlənməsi kimi hansı akt mütləq Vladimir Putin tərəfindən razılaşdırılmalıdırmı”, jurnalist açıq və cəsarətli sual verib.

Xodorkovskinin cavabı olduqca qəribə olub:
“Bir neçə il bundan öncə Putin mütləq bu tip əməliyyatın əsas mənbəyi sayılardı. Lakin üzdə görünən mənzərəyə rəğmən, əslində mərkəzi hakimiyyətin avtoriteti dağılmaqdadır və Skiripala qarşı törədilən fəaliyyət onun “dobrosu” olmadan da həyata keçirilə bilər”.

Xodorkovski sözlərinə nümunə olaraq Suriyada rusların “Vaqner” adlı özəl hərbi şirkətinin başına gələn faciəni göstərir.
“Aralarındakı razılığa əsasən Suriyada iki ölkənin (ABŞ və Rusiyanın) hərbi qərargahları öz hərəkətlərini koordinə etməli idilər. Lakin “Vaqner”in döyüşçüləri özbaşınalıq etdilər. Nəticədə onlar ABŞ ordusunun gülləbaranı altında qaldılar. Ona görə hakimiyyətin dağılma prosesini görməzliyə vurmaq olmaz”.

Xodorkovski bu situasiyanı əslində Rusiya üçün qorxulu hesab edir.

“Bütün bunlardan irəli gələrək mən hansı cəhətin pis olduğunu bilmirəm- Ya Putin həqiqətən Sergey Skripalın zəhərlənməsinə sanksiya verib, ya da o, öz xüsusi xidmət orqanlarına əvvəlki kimi nəzarət edə bilmir”....

Keçmiş oliqarxın fikrincə, bütün bunlar mütləq seçkilərdə öz təsirini göstərəcək. Onun ehtimalına əsasən V.Putinin dünyanı silahla hədələməsi və ya Sergey Skripala edilənlər Rusiya əhalisinin bir hissəsinin xoşuna gəlməyib.

Sürgündəki milyarder hazırda həm Böyük Britaniyada, həm də Qərbdə hökm sürən qəzəb əhval-ruhiyyəsinin də başadüşülən olduğunu söyləyir:

“Hər halda sonuncu akt suveren dövlətin ərazisində törədilib, üstəlik, onunla bərabər digər insanlar da zəhərlənib”.

“Dünya Rusiyanın kiçik cinayətkar qrup tərəfindən idarə olunduğunu gec anladı. İndi Qərb bu hakimiyyətlə anladığı dildən davranmağı düşünür. Lakin bunu elə Aleksandr Litvinenko zəhərlə öldürüldükdən sonra başlamaq lazım idi. Bu cinayətkar qrupla həm siyasi, həm də polis metodları ilə danışmaq gərəkdir”, - Xodorkovski qeyd edir.

Mühacir milyarder Böyük Britaniya hökumətinin atdığı ilk addımların gözlənilən və qəbuledilən olduğunu söyləyib.

“Lakin paralel olaraq Rusiya cəmiyyətinə də müraciət etmək, onlara sanksiyaların qoyulma məqsədlərini anlatmaq lazımdır. Rus xalqı başa düşməlidir ki, bu cinayətkar qrupdan hələ çox zərər çəkə bilər”, -milyarder yekunda qeyd edib.

Musavat.com

Tarix: 17-03-2018, 21:03
Xəbəri paylaş





Xəbər lenti