Düyməyə basıldı: Nüvə müharibəsinə doğru...


Düyməyə basıldı: Nüvə müharibəsinə doğru...



ABŞ Yaponiyaya öz nüvə silahını yaratmağa icazə vermək istəyir.
Bu barədə “JB Press” nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, həm ABŞ-ın nüvə çətirinin etibarlılığının azalması, həm də Çin, Rusiya və Şimali Koreya tərəfindən artan təhlükəyə görə bu addım atıla bilər: 
“Həmin ölkələrdəki nüvə silahlarının sayının artmasına cavab olaraq, Yaponiya nüvə silahına sahib olmaq barədə ciddi şəkildə düşünməlidir. Bunun üçün ölkə 1972-ci il oktyabrın 9-da Baş nazir Eisaku Sato administrasiyası tərəfindən qəbul edilmiş və ölkənin o vaxtdan bəri əməl etdiyi üç qeyri-nüvə prinsipindən imtina etməli olacaq”.
Bildirilib ki, əgər ABŞ Yaponiyanın nüvə silahı əldə etməsinə şərait yaratmasa, Rusiya və Çinin artan nüvə təhlükəsi ilə üz-üzə qalacaq.
Maraqlıdır ki, zamanında da bənzə bir addım atılmışdı. Belə ki, ABŞ Pakistanın, Rusiya isə Hindistanın öz nüvə silahlarını yaratmalarına şərait yaratmışdı. İndi isə bu təcrübədən Yaponiya üçün istifadə edilməsi gündəmdədir. Hətta bunun daha sonra İrana da şamil oluna biləcəyi istisna edilmir.
Ümumiyyətlə, ABŞ İranın nüvə silahı əldə etməsinə fürsət yarada bilər? Bunun Azərbaycana hansısa təsirləri ola bilər?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev bildirib ki, ABŞ özünü sığortalamaqdan ötürü Yaponiyanın nüvə silahı əldə etməsinə şərait yarada bilər:

“İkinci Dünya müharibəsindən sonra Yaponiyanın ABŞ ilə imzaladığı müqaviləyə əsasən ordu saxlamaq səlahiyyəti yoxdur. Bu günə qədər də ABŞ Ordusu Yaponiyanın təhlükəsizliyini qoruyur. Nəzərə almaq lazımdır ki, 77 ildir ki, Kuril adalarına görə Rusiya olə Yaponiya arasında sülh müqaviləsi yoxdur. Yəni rəsmi Vaşinqton Yaponiya və Rusiyanı üz-üzə qoymaq üçün bu addımı ata bilər. Həmçinin, Yaponiya və Çin arasında da Mancuriyaya görə tarixi düşmənçilik mövcuddur”.
Politoloqun sözlərinə görə, İsrail ABŞ-ın İrana nüvə silahı verməsinə əsla icazə verməz:
“Bu, ümumiyyətlə, mümkünsüzdür. Hesab edirəm ki, belə bir iddianın ortaya atılması isə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Rusiyanın gizli razılaşmasıdır.
Çünki Azərbaycana sadəcə Rusiyadan hər hansısa bir zərər gələ bilər. Amma Türkiyə Azərbaycanın yanında olduğu müddət ərzində də Rusiya bu addımı ata bilməz. Ona görə də belə iddia ilə Azərbaycanı qıcıqlandırmaq istəyirlər. Ümumiyyətlə, belə bir şey olmayacağına görə, Azərbaycan üçün də hər hansısa bir təhdid yoxdur. 
Həmçinin, ABŞ İrana qətiyyən belə bir şans verməyəcək. Nəzərə almaq lazımdır ki, ABŞ-ı kifayət qədər nüfuza malik İsrail lobbisi idarə edir. Bunlar sadəcə İranın xəyalıdır, amma belə bir şey olmayacaq”.
Tarix: 4-07-2022, 23:07
Xəbəri paylaş





Xəbər lenti