Türkiyə və Ermənistan quru sərhədləri minalardan təmizləyir


Ruben Rubinyan: “Ümid edirəm ki, razılaşmalar çox tez həyata keçiriləcək”
Türkiyə-Ermənistan sərhədində minaların təmizlənməsinə başlanılıb.
Bu barədə Türkiyənin “gazetekars.com” saytı məlumat yayıb.
Bildirilir ki, Türkiyə ilə Ermənistan arasında Qarabağ müharibəsindən sonra başlayan normallaşma prosesinin ardından konkret addımlar atılır.
“Gazetekars.com”un yazdığına görə, iki ölkə nümayəndələrinin görüşünün ardınca ilk növbədə iqtisadi maraqlar ön plana çıxıb.
“Qars vətəndaşları “Doğuqapı” sərhəd qapılarının açılmasını gözləyərkən İsrail şirkətinin Türkiyə-Ermənistan sərhədini minalardan təmizlədiyi barədə xəbər yayılıb” yazan sayt əlavə edib ki, Qarsın Akyaka rayonunun İbiş kəndi çöl ərazisində mina təmizləmə işləri təxminən iyirmi gündür ki, davam edir.
Rəsmi mənbələr bu barədə hələ sussa da, Ermənistanın Türkiyə ilə danışıqlarda xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyanın “AzadlıqRadiosu”nun erməni xidmətinə müsahibəsində müsbət notlar sezilir.
O deyib ki, Ermənistan-Türkiyə dialoqu kimi mürəkkəb proseslərdə ilk razılaşmaların sürətlə həyata keçirilməsi vacibdir.
Rubinyanın fikrincə, əgər razılaşmalar sürətlə həyata keçirilərsə, bu, böyük ölçüdə inam yaratmağa kömək edəcək. Əks təqdirdə, etimad sarsılır:
“Mən ümid edirəm ki, bu razılaşmalar çox tez həyata keçiriləcək”.
Erməni Vəqfləri İttifaqının (ERVAP) və “Surp Pirqiç erməni xəstəxanası” Fondunun prezidenti Bedros Şirinoğlu Ərdoğanla Paşinyan arasında telefon danışığının erməni icmasında məmnunluq və sevinclə qarşılandığını deyib.
Onun yaydığı bəyanatda vurğulanır ki, iki ölkə arasında mövcud münasibətlərin normallaşması prosesi keçmişin yaralarının sağalması və ortaq gələcəyə aparan yolda yeni ab-havanın yaradılması baxımından böyük əhəmiyyət kəsb edir.
“İlk gündən atılan bu addımlar Türkiyədə erməni icmasının bütün təbəqələrinin dəstəyinin və həvəsinin əsasını qoyub. İki lider arasında dəyişən münasibətlərin və onlar arasındakı bu ilk birbaşa əlaqənin iki qonşu ölkə və iki qədim dost xalq üçün yeni üfüqlər aça biləcək”,- deyə Bedros Şirinoğlu bildirib.
Tarix: 14-07-2022, 09:08
Xəbəri paylaş





Xəbər lenti