Putin üçün şah və mat: "Rusiya imperiyasını və SSRİ-ni ukraynalılar yaradıb..."

Putin üçün şah və mat:
"Mən özümü "yandırıram", bu verilişdən sonra böyük nifrət dalğasını gözləyirəm..."
 

"Biz bu ərazidə hələlik Sovet İttifaqından daha yaxşı heç nə düşünməmişik..."
 
"Putinin SSRİ-ni dirçəltmək niyyəti Ukraynasız gerçəkləşməyəcək"
 
"Köhnə mənada nə yeni imperiya, nə də Sovet İttifaqı mümkün deyil"
 
"Sovet İttifaqının yarısı ukraynalı olub, Rusiya Ukraynasız bircə müharibəni də udmayıb"
 
Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç etiraf edib ki, Sovet İttifaqının tarixi rolunu müsbət qiymətləndirir və istəyir ki, Ukrayna ondan ən yaxşı şeyləri əxz etsin.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Rusiyanın müxalif yazıçısı Dmitri Bıkova müsahibəsində bəyan edib.
 
SSRİ barədə söhbəti Arestoviç və Bıkov sovet fantastikasından başlayıblar. Onlar Struqatski qardaşlarını və İvan Yefremovu, "Maneələrdən ulduzlara doğru" və "Gələcəkdən qonaq" filmlərini xatırladıblar. 
 
Fantastika barədə söhbət SSRİ-nin tarixi nöqteyi-nəzərdən dəyərləndirilməsinə gətirib çıxarıb. Həm də Arestoviç Sovet İttifaqını tamamilə müsbət qiymətləndirib.
 
"Biz bu ərazidə hələlik Sovet İttifaqından yaxşı heç nə düşünməmişik", - ukraynalı siyasətçi bəyan edib.
 
Dmitri Bıkov cavabında qeyd edib ki, əgər Arestoviç SSRİ-ni tərifləməyə başlayarsa, o zaman dərhal "Ukraynanın müstəmləkəyə çevrilməsindən danışmağa başlayacaqlar".
 
"Müstəmləkəçilik olmayıb. Bu, tamamilə yalandır, - Arestoviç bəyan edib. - Ukraynalılar Rusiya imperiyasını və Sovet İttifaqını yaradıb. Siz bu mövzunu öyrənmək istəyirsinizsə, qurban pozasında dayanmağa gərək yoxdur, anlamaq lazımdır ki, İttifaqı biz yaratmışıq. Ukraynalılar Sovet İttifaqının ən yaxşı dövründə ona hakimlik edib (Dnepropetrovsk klanı): 1964-cü ildən 1982-ci ilədək bütün yaxşı şeylərdə, kosmonavtikada, İttifaqın müsbət mənada fərqləndiyi hər bir şeydə biz müəyyənedici rol oynamışıq. Bu, alternativ, daha yaxşı dünya qurmaq üçün nəhəng bir təcrübə olub. Nə deməyimizdən asılı olmayaraq, gələcəyə yönələn bu qədər həcmdə uşaq ədəbiyyatı, uşaq kinosu daha olmayıb".
 
Arestoviç əmin olduğunu ifadə edib ki, Ukrayna və ukraynalılar Sovet dövlətinin mövcud olmasında mühüm rol oynayıb və Putinin SSRİ-ni dirçəltmək niyyəti Ukraynasız gerçəkləşməyəcək.
 
"Sovet İttifaqının yarısı Ukraynadır. Lakin köhnə mənada nə yeni imperiya, nə də Sovet İttifaqı mümkün ola bilər. Onlar axmaqdır, orada, Kremldə Ukraynasız İttifaq qururlar. Sovet Ordusunda hər ikinci əsgər ukraynalı olub. Ukraynasız Rusiya, 2008-ci ildə Gürcüstana qarşı müharibə istisna olmaqla, bircə müharibəni udmayıb", - ukraynalı siyasətçi deyib və qeyd edib ki, psixotipinə görə o, sovet məktəblisidir və dəyişilməyi düşünmür:
"Bu həyat tərzindən yaxşı heç nə yoxdur".
 
Söhbətin sonunda Arestoviç güman edib ki, onun söylədikləri tamaşaçı auditoriyasının əksəriyyəti tərəfindən bəyənilməyəcək.
 
"Mən özümü "yandırıram. Bu verilişdən sonra böyük nifrət dalğasını gözləyirəm", - müşavir etiraf edib.
Tarix: 14-07-2022, 14:27
Xəbəri paylaş





Xəbər lenti