UKRAYNA YENİ NƏSİL SİLAHLAR İSTƏYİR – ABŞ tərəddüd edir, Avropa "yoxdur" deyir...




"Kiyevdə qorxurlar ki, ABŞ və Avropanın təminatlarına baxmayaraq, bəzi müttəfiqlər Ukraynaya silah tədarük etməkdən imtina edəcəklər. Çünki bəzi ölkələr silah satılmasının Moskva ilə birbaşa qarşıdurmaya səbəb olacağından qorxurlar". 
"AzPolitika.info" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyində dərc olunmuş məqalədə bildirilir.
Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya eskalasiyasına ən yaxşı cavab Ukraynanı HIMARS, ATACMS raketləri, "Abrams", "Leopards” tankları ilə təchiz etməkdir. Ukrayna aylardır ki, digər avadanlıqlarla birlikdə 300 km atış məsafəsi olan ATACMS raketlərinin çatdırılmasını istəyir. Bazar günü CBS telekanalında danışan Prezident Volodimir Zelenski müttəfiqlərindən daha çox reaktiv yaylım atəşi sistemləri, artilleriya, hava hücumundan müdafiə vasitələri və tanklar tələb edib.
Bununla belə, Ukraynaya silah axınının kəskin artırılması və ya yeni silahların göndərilməsi ilə bağlı məhdudiyyətlərin qırılması asan deyil. Yüksək rütbəli bir avropalı məmurun sözlərinə görə, ABŞ ehtiyatlı davranır, Avropanın isə əsas silah ehtiyatları tükənir.
Dörd rəsmi şəxsin sözlərinə görə, Avropa hökumətlərinin Kiyevi ağır silahların yeni partiyası ilə təmin etmək üçün hər hansı addım atacaqlarına dair heç bir əlamət yoxdur.

Onlar Almaniya istehsalı olan "Leopard" tanklarının əldə olunmasını xüsusən vacib sayırlar. Hazırda bu tanklardan İspaniya, Hollandiya, Norveç, Yunanıstan və Türkiyə də daxil olmaqla bir neçə NATO üzvü, həmçinin NATO üzvlüyünə namizəd Finlandiya tərəfindən istifadə olunur. Amma həmin ölkələr yalnız Berlinin icazəsi ilə tankları başqa ölkəyə ötürə bilərlər.
Vəziyyətlə tanış olan mənbə bildirib ki, indiyədək digər dövlətlərdən “Leopard” tanklarının Ukraynaya ixracına icazə verilməsi ilə bağlı Berlinə rəsmi müraciət olmayıb.
Ukrayna bu günə qədər Polşadan 250-dən çox tank alıb. Amma bunlar əsasən sovet istehsalı olan modellərdir. Öz ehtiyatları tükəndiyi üçün Polşa gələn ilin əvvəlində ABŞ-dan 116 "Abrams M1A1" tankını alaraq Ukraynaya verdiklərini əvəzləməyə hazırlaşır. Qısa müddətdə yeni tədarüklərin hazırlanması isə mümkün deyil.
ABŞ daha güclü silahlar üçün müraciətləri nəzərdən keçirir və Pentaqon rəsmisi bu ayın əvvəlində administrasiyanın "Hellfire" raketləri ilə silahlanmış "Boz Qartal" pilotsuz uçan aparatları ilə bağlı sifarişini təmin edəcəyini bildirib.
Lakin Bayden administrasiyası münaqişəni NATO-nu da əhatə edəcək qədər genişləndirəcəyindən ehtiyat edərək Ukraynaya döyüş təyyarələri verməkdən çəkinir. Bundan əlavə, ən son model "Abrams" tankları kimi yüksək texnologiyalı texnikalar geniş təlim və texniki xidmət tələb edir.
İtaliyaya gəlincə, seçkilər və maliyyə böhranı artıq Ukraynanı dövlət prioritetləri siyahısından çıxarıb. Roma iyul ayından etibarən Kiyevə silah tədarükünü kəsib.
Tarix: 27-09-2022, 14:06
Xəbəri paylaş





Xəbər lenti