Kvasnevski: “Müharibə uzun müddət davam edəcək...” - Rusiya Putini dəyişə bilərmi?

Kvasnevski: “Müharibə uzun müddət davam edəcək...” - Rusiya Putini dəyişə bilərmi?
Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski əmindir ki, diktator Vladimir Putin artıq reallıqla əlaqəni itirib və siyasətini dəyişməyəcək, ona görə də Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi uzun çəkəcək.
 
Həmçinin, siyasətçinin fikrincə, Ukraynada işğalçının məğlubiyyətini nəzərə alaraq, Rusiya Federasiyasının NATO-ya qarşı uğurlu müharibə aparacağını təsəvvür etmək mümkün deyil.
 
Moderator.az xəbər verir ki, 1995-2005-ci illərdə Polşa prezidenti olmuş Aleksandr Kvasnevski “Radio NV”yə müsahibəsində diktatorun gərgin vəziyyətlərdə hansı məntiqdən istifadə etdiyini, Ukraynaya qarşı müharibədə ondan daha hansı sərsəm addımların gözlənilə biləcəyini açıqlayıb.
 
Kvasnevski jurnalistin “Putin bəyan edib ki, o, Ukrayna ərazilərini, hətta nəzarət etmədiyi əraziləri də ilhaq edir. İndi onları aktiv şəkildə itirir. Bir çox ekspertlər deyirdilər ki, bu yolla diktator Ukrayna ərazisində əbədi müharibə elan edir, o mənada ki, o yaşadığı müddətdə müharibə də davam edəcək. Onun bu cür hərəkətlərini necə qiymətləndirirsiniz? Onun strategiyası nədir? O, bilərəkdən özünü küncə sıxır?” sualını belə cavablandırıb:
 
- Məncə, o, tamam başqa ssenari xəyal edirdi. Düşünürdü ki, müharibəni başlayacaq, hər şey çox sürətlə gedəcək və Kiyevdə “nasist” adlandırdığı Ukraynanın demokratik hökumətini devirmək imkanı yaranacaq. Bu, onun ssenarisi idi.
 
O, Ukraynanın bu qədər güclü və uğurlu mübarizə aparacağını düşünmürdü; həm ukraynalı əsgərlərin, həm də zabitlərin keyfiyyəti ruslardan qat-qat yüksəkdir. Bütün bunlar onun planına uyğun gəlmir.
 
Bəs ən vacibi nədir? Mənim heç bir şübhəm yoxdur, çünki mən Putinlə bu barədə uzun illər əvvəl, 20 il öncə danışmışdım: o, həmişə Ukraynaya nəzarət etmək istəyirdi. Onun üçün Ukrayna strateji əhəmiyyət kəsb edir. Təbii ki, o, ukraynalılara hörmət bəsləmir, Ukraynanı normal ölkə hesab etmirdi. Bu onun planı idi və ölənə qədər də onun planı olacaq. Mən heç bir dəyişiklik gözləmirəm.
 
Onun 70 yaşı tamam oldu. O, yalnız yaşlanır və fikrimcə, get-gedə reallıqdan uzaqlaşır. O, reallıq - baş verən hər şey haqqında anlayışını itirir.
 
Amma Rusiyada təkcə Putin yox, həm də xarici işlər naziri Sergey Lavrov və onun ətrafı deyəcək ki, bu ərazilərin əhalisi Rusiya Federasiyasında olmaq istəyirdi, bu “referendumlardan” sonra buralar Rusiya Federasiyasıdır və Rusiyanın etdiyi hər şey Rusiya Federasiyasına qarşı təcavüzlə mübarizədir.
 
Rus xalqının belə bir nağılı necə qəbul etdiyini bilmirəm, amma Qərbdə bu keçməyəcək. Hamı bilir ki, təcavüzkar kimdir və məsələ nədən ibarətdir. Məncə, burada Qərbin mövqeyi hər zaman güclü olacaq. Amma açığını desəm, bütün bunlar o deməkdir ki, ən azı müharibə hələ uzun müddət davam edəcək, Putin öz siyasətini dəyişməyəcək. Rusiya Putini dəyişə bilərmi? Bu, cavabı olmayan sualdır.

Tarix: 8-10-2022, 08:31
Xəbəri paylaş





Xəbər lenti