ABŞ Duqinanın qətlini Ukraynanın üstünə atdı - sensasion gəlişmə


Vaşinqtonda rəsmi mənbə sayılan nüfuzlu nəşrə görə, hadisədə Kiyev rəsmilərinin əli var  - Amerika Zelenski hakimiyyətini niyə hədəfə çıxardı?

ABŞ-da hesab edirlər ki, avrasiyaçı-filosof Aleksandr Duqinin qızı Daria Duqinanın qətlinin arxasında Ukrayna dayana bilər. Bu barədə “The New York Times” qəzeti yazıb.
Nəşrin bildirdiyinə görə, ABŞ kəşfiyyat agentlikləri Ukrayna hakimiyyətinin nümayəndələrinin Moskva yaxınlığında Daria Duqinanın ölümünə səbəb olmuş avtomobili partlatmağa sanksiya verdiyini düşünürlər. Vaşinqtondakı rəsmilərin sözlərinə görə, Birləşmiş Ştatların nə kəşfiyyat məlumatları təqdim etməklə, nə də başqa vasitələrlə Duqinaya hücumda iştirakı olub, əkinsə, ABŞ-ın Duqinanın ölümündən sonra Ukrayna təmsilçilərinə öz narazılıqlarını çatdırdığı iddia edilir.
Birləşmiş Ştatlar hesab edir ki, bu cür hücumlar müharibənin sonunu yaxınlaşdırmır, əksinə, onun eskalasiyasına, xüsusən də Rusiyanın Ukrayna liderlərinə qarşı sui-qəsd cəhdlərinin təşkilinə gətirib çıxara bilər. Həmçinin Amerika xüsusi xidmət orqanlarının bəzi nümayəndələri sui-qəsdin əsl hədəfinin Darya Duqina deyil, Aleksandr Duqinin özü ola biləcəyini zənn edir.
Qəzet habelə bildirir ki, Ukrayna rəsmilərinin ABŞ xüsusi xidmət orqanlarının bununla bağlı ilkin dəyərləndirməsindən xəbərləri var. Bu səbəbdən onlar Duqinanın qətlində Kiyevin iştirakını inkar etməkdə davam edirlər.
Xatırladaq ki, bu il avqustun 20-də baş verən qətl hadisəsindən dərhal sonra Rusiya cinayətə görə məsuliyyəti Ukrayna xüsusi xidmət orqanlarının üstünə atmışdı. Hətta qatilin ukraynalı Natalya Vovk olduğu bildirilmişdi. FSB-nin iddiasına görə, Vovk Darya Duqinanı izləyən və “Azov” batalyonu ilə əlaqəsi olan ukraynalı casusdur və o, bombanı maşının altına qoyduqdan sonra öz avtomobilinin nömrəsini dəyişərək Estoniyaya qaçıb. Rəsmi Kiyev isə ittihamları rədd edir.
Maraqlıdır, görəsən ABŞ-ın nüfuzlu qəzeti, daha doğrusu, ABŞ (çünki söhbət rəsmi mənbədən gedir) Ukraynanı və faktiki surətdə həm də onun rəsmilərini niyə hədəfə çıxarıb? Bu Kiyev rejimi üçün başağrısı ola bilərmi? Ən əsası, Rusiya Ukrayna liderlərinə qarşı sui-qəsd cəhdlərinə şirniklənə bilərmi? Ümumiyyətlə, qətlin üstü açılacaqmı?

Hərbi və təhlükəsizlik məsələləri üzrə ekspert Azad İsazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ nəşrinin həmin məqaləsini oxuyub: “Orada deyilmir ki, əmr Ukrayna prezidentinin ofisindən gəlib. Sadəcə, istisna edilmir ki, Ukrayna hakimiyyət orqanlarının işi ola bilər. Bu, inandırıcı versiyadır. Yadınızdadırsa, 2-3 ay qabaq qalmaqal oldu, xəbər yayıldı ki, Ukrayna orqanları Rusiyadan təyyarə oğurlamaq istəyiblər. Sonra məlum oldu ki, keçmiş zabitlərin belə bir əməliyyat planı var imiş. Bu baxımdan təcrübəsi olan keçmiş zabitlər, yaxud millətçilər bunu həyata keçirə bilərlər. Amma sübut və təkzib üçün heç bir dəlil yoxdur”.
A.İsazadənin sözlərinə görə, Amerika nəşri yazmır ki, Duqinanın qətlini Zelenski sifariş edib: “Amma maraqlıdır ki, Nemtsovun (müxalif lider Boris Nemtsov - E.S.) qətli ilə bağlı istintaq bir il davam etdi, amma Duqinanın işində dərhal iki-üç günə şübhəli şəxsin adı açıqlandı. Bu da suallar doğurur...”
Siyasi şərhçi Ramiyə Məmmədova bildirir ki, ABŞ mediasının iddiaları spekulyasiya ola bilər: “Yəni Qərb nəşrləri sağ göstərib, sol vururlar. Bu işdə Ukrayna hakimiyyət orqanları ağıla gələn ilk variantdır. Təbii ki, iki ölkə müharibə aparırsa, baş verən qətlə görə qarşı tərəf ittiham ediləcək. Elə Rusiya FTX-si da ukraynalı şəxsin adını çəkib, Amerika qəzeti də buna bənzər iddia ilə çıxış edib. Bununla işin ən primitiv versiyasına gediblər. Misal üçün, İranın nüvə alimi Möhsün Fəxrizadənin ölümündə İsrail kəşfiyyatının dərhal adı çəkildi. Çünki ən sadə istiqamətdir. İran-İsrail necə düşməndirsə, indi Rusiya-Ukrayna da elədir. Ona görə Daryanın qətlində Kiyev izi istisna deyil, amma qəti söyləmək olmaz ki, Ukrayna xüsusi xidmət orqanlarının işidir. Hətta ağlımıza batmayan bir qüvvənin əməli ola bilər ki, Ukraynanın üstünə atsınlar”.
Tarix: 8-10-2022, 10:03
Xəbəri paylaş





Xəbər lenti