Qatar getdi, Ermənistan “perronda qaldı”: Sarkisyan ümidini rus silahına bağlayıb

Qatar getdi, Ermənistan “perronda qaldı”: Sarkisyan ümidini rus silahına bağlayıb “Yaxın zamanda Moskva İrəvana mövcud müqavilə əsasında yeni dəst silahlar göndərməlidir”.

“Cümhuriyət” qəzeti xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan “RİA Novosti”yə bildirib ki, imzalanmış 100 milyon dollarlıq yeni kredit sazişinin reallaşdırılmasına bütün dövlətlərarası razılaşmaların başa çatmasından sonra başlanacaq: “Bu ilin sonuna kimi biz hələlik köhnə müqaviləni həyata keçirəcəyik. Yaxın günlərdə yeni silah partiyasının göndərilməsini gözləyirik və ilin sonuna kimi əvvəlki müqavilə üzrə bütün sualları bağlayacağıq”.


Xatırladaq ki, 2015-ci ildə Rusiyadan Ermənistana 200 milyon dollar həcmində ixracat kreditinin ayrılması barədə tərəflər arasında saziş imzalanıb. Həmin saziş çərçivəsində Rusiya istehsalı olan silah-sursatın alışı nəzərdə tutulub. Bir neçə gün əvvəl isə Rusiya və Ermənistan arasında 100 milyon dollarlıq növbəti saziş imzalanıb. Həmin anlaşma əsasında Ermənistan Rusiyadan 100 milyon dollarlıq silah alacaq. Sazişə əsasən, Ermənistan kredit vəsaitlərindən 2018-2022-ci illər ərzində yararlanmalıdır

Ermənistanın qorxduğu proyekt

Ermənistan KİV-ləri və erməni politoloqlar tərəfindən Sarkisyanın bu açıqlamasına ilginc şərhlər verirlər. Erməni mənbələrə görə əslində Ermənistan prezidenti bununla Azərbaycana meydan oxumaqdan çox, Bakı - Tiflis - Qars dəmiryolunun işə düşməsindən sonra ölkəsinin bölgədə düşdüyü təcrid vəziyyətinin daha da pisləşəcəyindən keçirdiyi narahatlığı dilə gətirib. Mənbələr həmçinin qeyd edirlər ki, Rusiyanın da dolayı yolla bu layihədə marağının olması rəsmi İrəvanı ciddi şəkildə narahat edir. Ermənistan KİV-ləri bununla bağlı dəmiryolunun işə düşməsinin Rusiya tərəfindən səssizliklə qarşılanmasına da diqqət çəkirlər və bunu Kremlin razılığı ilə əlaqələndirirlər.

Sarkisyanın pərtliyini gizlətmək cəhdləri

Bakı - Tiflis - Qars (BTQ) dəmiryolunun istismara verilməsi Ermənistanda ciddi narahatlıq və qorxu yaradıb. Ermənistanda fəaliyyət göstərən “armtimes.com” saytında bununla bağlı geniş məqalə dərc olunub. Məqalə müəllifi Ayk Gevorqiyan yazır ki, hələ 10 il əvvəl BTQ-nin əsası qoyulanda keçmiş prezident Robert Köçəryan demişdi ki, ictimaiyyətin Ermənistanın iqtisadi blokadaya düşməsi haqqındakı narahatlığı əsassızdır, çünki BTQ-nin iqtisadi səmərəsi yoxdur və bu dəmiryolu tikilib başa çatdırılmayacaq: “Lakin R.Köçəryanın fikri özünü doğrultmadı, BTQ-nin əsası qoyuldu və tikinti işləri başladı. O dövrdə rəsmi İrəvan düşünürdü ki, ABŞ konqresmenlərinin bəyanatı tikintinin qarşısını almaq üçün kifayət edəcək. Sonra Ermənistan prezidenti Serj Sarkisyan da bu layihəyə mane olmağa çalışdı. Amma bacarmadı”. Məqalədə qeyd olunur ki, Azərbaycan, Gürcüstan və Türkiyə öz səyləri ilə BTQ-ni tikib başa çatdırdılar: “Qlobal xarakter daşıyan BTQ istismara verildi. ABŞ və Avropa İttifaqı BTQ-nin istismara verilməsini alqışladılar. Ermənistan böyük yolların kəsişməsindəki hündür daşın üzərində oturan min yaşlı kor bayquşa çevrilir”.

Qatar getdi, Ermənistan “perronda qaldı”: Sarkisyan ümidini rus silahına bağlayıb

“Bakı - Tiflis - Qars: Ermənistan üçün yeni təcridolunma təhdidi”

Sərkis Artsruni adlı jurnalistin “Bakı-Tiflis-Qars: Ermənistan üçün yeni təcridolunma təhdidi” başlıqlı məqaləsində dəmiryolu xəttinin istifadəyə verilməsindən sonra Ermənistanın düşdüyü blokadanın daha da güclənəcəyindən və bundan pərt vəziyyətinə düşmüş rəsmi İrəvanın cəmiyyətin qorxusunu yatırtmaq üçün nəzəri vasitələrə əl atdığı bildirilir. Məqalədə diqqətə çatdırılır ki, İrəvan öz pərtliyini ört-basdır etmək üçün Rusiya ilə imzalanmış hərbi müqavilələrdən danışmağa başlayıb: “Ermənistan layihənin baş tutmayacağına ümid edirdi və buna əngəl ola biləcəyini düşünürdü. Məmurlarımız bu layihənin iqtisadi cəhətdən faydalı olmaması ilə bağlı uzun-uzadı əsaslar gətirməklə yanaşı, Gürcüstanda Saakaşvilinin yerinə gələn yeni hakimiyyətin Bakı-Tiflis-Qars layihəsinə imkan verməyəcəyinə çox ümid edirdilər. Lakin bu ümid özünü doğrultmadı”.

Erməni jurnalistin sözlərinə görə digər yandan, Azərbaycan son illərdə sübut edir ki, iqtisadi itkilər bahasına belə Ermənistanı təcrid edə biləcək, onun bölgədəki mövqelərini zəiflədəcək və Dağlıq Qarabağ ətrafında status-kvonu dəyişdirə biləcək layihələri gerçəkləşdirməkdən çəkinmir: “Ermənistanın regional inteqrasiya sahələrindən kənarda qalıb. BTQ burada əsas rol oynayacaq. Bu, olduqca xoşagəlməz haldır. İrəvanın müstəqil və əsaslı xarici siyasətə malik olmadığını bir daha göstərir. Günahkar Moskvadır. Rusiyanın sayəsində Ermənistan beynəlxalq aləmdə subyektivliyini itirib”.

Qatar getdi, Ermənistan “perronda qaldı”: Sarkisyan ümidini rus silahına bağlayıb

“Rusiya dəmiryolunu hədəfə ala bilər”

“Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Bakı - Tiflis - Qars dəmiryolunun açılışından sonra Ermənistanın bölgədə dalana dirənməsi prosesi daha da güclənəcək. Politoloqun sözlərinə görə, işğalçı ölkə düşdüyü blokadadan çıxmaq üçün layihəyə qoşulmağa can atır və bunun üçün müxtəlif vasitələrə əl atır: “Lakin Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən İrəvan danışıqlar prosesində güzəştsiz mövqe sərgiləyir və regionu yeni təhlükə qarşısında qoyur. Rusiyanın bu ölkəni silahlandırması da danışıqlar prosesinə mənfi təsir göstərir. Lakin Cənubi Qafqazın ən nəhəng layihəsi olan Bakı - Tiflis - Qars proyektinin işə düşməsi İrəvanı “pas” vəziyyətində qoyub.

Bunun pərtliyini gizlətmək istəyən Sarkisyan Rusiyadan yeni silahların göndəriləcəyini bildirir. Məlumdur ki, Rusiya Ermənistanın silahlandırılmasında maraqlıdır. Çünki hər iki ölkə hərbi əməkdaşlığı gücləndirərək, bu kimi layihələrin qarşısına əngəllər çıxarmaq istəyir. İnanıram ki, yaxın vaxtlarda hər iki ölkə yeni dəmiryolu xətti ilə bağlı təhdidedici bəyanat verəcək. Ermənistan Bakı-Tiflis-Ceyhan boru kəməri işə düşəndə də belə bəyanatlar vermişdi. Buna görə də layihədən kənarda qalan Ermənistanın bir müddətdən sonra bu dəmiryolu xəttini hədəfə alacağı istisna deyil. Lakin regionun təhlükəsizliyinə xidmət edən bu dəmiryolu layihəsinə Qərbdən dəstək var. Rusiya və Ermənistan da Qərbin bu mövqeyini özləri üçün təhdid hesab edirlər. Bu baxımdan Rusiyanın Bakı-Tiflis-Qars dəmiryolunu hədəfə alacağı gözləniləndir”.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, əgər Ermənistan işğalçılıq siyasətinə son qoysaydı, Avropa və Asiya bazarlarına çıxış imkanları əldə edərdi: “Buna görə də Ermənistan bu layihəyə qoşulmaq üçün beynəlxalq dəstək axtarışına çıxacaq. Lakin işğalçılıq başa çatmadan Azərbaycan və Türkiyə heç vaxt Ermənistanın bu dəmiryolundan istifadə etməsinə icazə verməyəcək. Artıq regionun Ermənistanın xaricində siyasi olaraq formalaşdırılmasına başlanılıb. Rusiyanın bölgədəki təsirlərini zəiflətmək üçün bundan sonra da bu kimi fəaliyyətlər davam edəcək”.

Mənsur Rəğbətoğlu
Tarix: 2-11-2017, 21:19
Xəbəri paylaş





Xəbər lenti