Rusiyalı ekspertlərin “5 rayon” söhbəti – Azərbaycanda nə düşünürlər...


Elçin Mirzəbəyli: “Bizim üçün əsas ərazi bütövlüyümüzün təmin edilməsi olmalıdır”; Elxan Şahinoğlu: “Kreml problemin Azərbaycanın lehinə həllini istəyirsə, niyə 2016-cı ilin aprelində bizə mane oldu?”

Rusiyanın bir sıra ekspertlərinin və azərbaycanlı deputatların iştirakı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Azərbaycan - Rusiyanın Cənubi Qafqazdakı yeganə müttəfiqi” adlı konfrans keçirilib, həmçinin tədbir iştirakçıları aprel döyüşlərində işğaldan azad edilmiş yüksəkliklərdə olublar.

Konfransın gedişində və ondan sonra rusiyalı ekspertlər kifayət qədər maraqlı açıqlamalarla çıxış ediblər ki, bu da birmənalı qarşılanmayıb. “Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası, Avropa Şurası və Avropa Parlamentinin qərarları, nəhayət, həyata keçirilməlidir”. Bunu Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev konfransın yekunlarını şərh edərkən deyib.

“Rusiya və Azərbaycan qardaş və müttəfiq ölkələrdir. Biz burada birlikdə, bir yerdə, ittifaqda olmalıyıq”. Bunu isə öz çıxışında hakim “Vahid Rusiya” Partiyasından Dövlət Dumasının deputatı Aleksey Yezubov bildirib. Deputatın sözlərinə görə, bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb: “Putin, Sərkisyan və Əliyev tərəfindən hazırlanmış yol xəritəsinə müvafiq olaraq, Ermənistan işğal edilmiş 5 rayonu Azərbaycana qaytarmalıdır. Putin bildirib ki, bu, Rusiyanın dəyişməz mövqeyidir”.

Rusiyalı ekspert, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksadr Duqin isə təmas xəttinə səfər haqqında danışarkən belə deyib: “Hazırda Qarabağda olmağımız təsadüfi deyil. Rusiya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin də mövqeyidir”. Duqin deyib ki, Qarabağdan azərbaycanlılar qovulduqdan sonra “DQR” heç vaxt legitim hesab oluna bilməz: “Əvvəl Azərbaycan, Ermənistan və Rusiya belə qərara gəlmişdi ki, ilkin olaraq 5 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın. Bu, sülhə yol açardı və bu məsələdə ən yaxşı variantdır. Ermənistanın indiki hökuməti buna real yanaşaraq, razılaşmaya sadiq olmalıdır. Bu, sülhün yeganə roludur”.

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bizi inandırmağa çalışırlar ki, Rusiya Azərbaycanın dostu, hətta qardaşıdır: “Hətta tarixdə Rusiya imperiyasının, ardınca SSRİ-nin və müstəqil Rusiyanın Azərbaycan torpaqlarını parça-parça necə Ermənistana ötürdüyünü, azərbaycanlıların Ermənistandan köçürülməsinə dəstək verdiklərini, nəhayət, Dağlıq Qarabağın separatçıların əlinə keçirilməsi üçün canfəşanlığını unutsaq belə, iddia edildiyi kimi, Moskvanın bu gün Azərbaycanın yanında olduğuna dəlalət edən heç bir işarət yoxdur”.

E.Şahinoğlu rusiyalı ekspertlərin fikirləri ətrafında gedən müzakirələrə də münasibət bildirdi: “Əlbəttə, bir qrup rusiyalı ekspert var ki, Rusiyanın Azərbaycanın yanında olduğunu iddia edir, Cocuq Mərcanlıya səfər edərək Azərbaycanın lehinə açıqlamalar verirlər. Sağ olsunlar, heç olmazsa, Moskvada bizim də sözümüzü deyənlər tapılıb, içərilərində deputatlar da var. Ancaq elə onlardan biri Cocuq Mərcanlıda etirafını da dilə gətirib: ”Çox təəssüf ki, Rusiya KİV-i qafqazfob və türkfob güclər tərəfindən idarə olunur". Yalnız KİV-mi? Kremldə və Rusiya Xarici İşlər Nazirliyində də güclər nisbətinin Azərbaycanın lehinə dəyişdiyini söyləmək tezdir. Rusiya prezidenti Vladimir Putinin Azərbaycana simpatiyası haqqında müxtəlif fikirlər səsləndirilir. Son 6 ayda bir neçə rusiyalı ekspertlə görüşmüşəm. Onlar da eyni fikri mənə təlqin etməyə çalışırlar. Sadəcə, mən onlara belə bir sual verdim: “Əgər Kreml sahibi problemin Azərbaycanın lehinə həllini istəyirsə, niyə 2016-cı ilin aprelində bizə mane oldu?” Bu suala konkret cavab vermədilər. Elə indinin özündə də rusiyalı rəsmilərdən bir kimsənin dilindən “Ermənistanın Dağlıq Qarabağ ətrafındakı torpaqları işğal altında saxlaması doğru deyil” fikrini eşitməmişəm. Buna baxmayaraq, bu mərkəzlərlə iş aparılmamalıdır. Bütün hallarda rusiyalı ekspertlərin və deputatların Lələtəpəyə və Cocuq Mərcanlıya gəlmələrini pozitiv qiymətləndirirəm. Amerikanları və avropalıları da həmin yerlərə gətirmək lazımdır".

Ä°lgili resim

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, rusiyalı ekspertlərin, deputatların işğaldan azad edilmiş ərazilərimizə gəlmələri, orada azərbaycanlı həmkarları ilə birgə konfrans keçirmələri və ölkəmizin ərazi bütövlüyü ilə bağlı obyektiv yanaşma sərgiləmələri önəmli məsələdir: “Amma belə tədbirləri, açıqlamaları Rusiyanın rəsmi, yaxud həlledici mövqeyi kimi təqdim etmək yanlışdır. Qədərindən artıq və bəzən ifrat dərəcədə artıq təqdim olunan, reallığı əks etdirməyən məsələ insanları ruhdan salır. Peşəkarlığı bir kənara qoyuram, Qarabağ məsələsindən reytinq və yaxud hansısa maraqlar naminə istifadə etməyin adı yoxdur. Ağır cümlələr işlətmək istəmirəm, amma əslində belə oyunbazlığın cavabı çox ağır olmalıdır”.

E.Mirzəbəyli qeyd etdi ki, Rusiyada Azərbaycanın ədalətli mövqeyini müdafiə edən ekspertlərin, deputatların olması çox vacibdir: “Amma qiymətləndirmə də əndazəsində, mübaliğəsiz olmalıdır. Bununla yanaşı, digər tərəfi də nəzərə almaq lazımdır. Məsələn, Rusiyadakı hansısa ciddi siyasət adamı bu ölkənin sıradan bir ekspertinin sözündən sevincək olduğumuzu görəndə, problemin real həllindən daha çox ”dopinq"i artırmaq barədə düşünür". Politoloq digər bir məqama da diqqət çəkdi: “Duqin maraqlı adamdır, yaxşı PR-çidir, ölkəsinin hətta uğursuz layihələrinə də geosiyasi don geyindirməyi bacarır. Amma biz unuduruq ki, onun mülahizələri subyektiv xarakter daşıyır və ölkəsinin Cənubi Qafqazla bağlı siyasətinə cüzi korrektə etmək gücündə də deyil. Bu arada həssas bir məqama da toxunmaq istəyirəm: Rusiya Ermənistanda baş verən proseslərdən narazıdır və təbii ki, yaranmış vəziyyətdən maksimum yararlanmağa cəhd göstərmək lazımdır. Bizim üçün əsas məqsəd ərazi bütövlüyümüzün təmin olunması olmalıdır, Rusiyanın Ermənistandakı vəziyyəti yenidən tam nəzarətə götürmək niyyətinin reallaşması yox”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Tarix: 3-07-2018, 08:52
Xəbəri paylaş





Xəbər lenti