Polkovnik İlqar Aliyev: ''Enerji kəsintisi göstərdi ki, Azərbaycanın müəyyən qurumları fors-major hallara hazır deyil''

 Polkovnik İlqar Aliyev bu gün ''facebook'' səhifəsində maraqlı status yazıb. Müharibənin aparılmasını bir cümlə ilə dəqiq təsvir edib: "Müharibə aparmaq üçün dövlətin bütün strukturları, nazirlikləri, təşkilatları müharibə üçün səfərbər olmalıdır, bir tək ordu ilə müharıbə olmur!!!" Bu aksiomadır. Müharibəni tək ordu aparmır. Müharibə həm də dövlətin rəqibə qarşı müxtəlif spektrlərdə həyata keçirdiyi kompleks tədbirlərdir. Bu tədbirlər isə öz növbəsində - müdafiə və hücumdan ibarətdir. Əvvəlcə onu deyim, enerji kəsintisi göstərdi ki, Azərbaycanın hələ də müəyyən qurumları fors-major hallara hazır deyil. Enerji şəbəkəsində bütün stansiyaların şəbəkədən açılması, sərhəd ölkələrlə fövqəladə vəziyyətlərdə enerji mübadiləsinin təmini, su təchizatı, nəqliyyat sisteminin, hətta FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 çağırış xidmətinin imtahandan çıxa bilməməsi üzüntü doğurur. Bunlar bizim problemlərdir.
Hadisə nədən, hansı səbəbdən baş verib, bunu müvafiq qurumlar araşdırıb tədbir görəcəklər şübhəsiz. Lakin bütün bunlar fikrimcə "Kontaktsız müharibə" mövzusunu gündəmə gətirməyə əsas verir. Yeni dünyada müharibələr artıq silahlı münaqişə fazası ilə yanaşı "kontaktsız müharibə"lə fazasında aparılır. Bura kiber müharibə, psixoloji müharibə, enerji müharibəsi, eləcə də məsafədən müdaxilələrlə rəqibin həyati əhəmiyyətli infrastrukturlarının sıradan çıxarılması kimi müxtəlif müharibə metoodları daxildir. Yuxarıda sadaladıqlarımdan kiber, psixoloji, enerji müharibələrindən son dönəmlərdə daha çox danışılır. Onun üçün də sonuncunun- məsafədən müdaxilələrin üzərində dayanmaq istərdim.
Yaxın tariximizə nəzər salsaq görərik ki, son 30 ildə aparılan müharibələrdə əsas diqqət rəqibin gündəlik həyatını təmin edən infrastrukturların məhvinə yönəldilir. Yəni döyüş aparılmadan elektrik şəbəkəsinə, nəqliyyat idarəetmə sistemlərinə və rabitəyə müdaxilələr edilərək, rəqibin strateji səviyyəddə qüvvə və vasitələrini idarəetməsi sıradan çıxarılır. Ölkə "şok" vəziyyətinə salınır. Xalq dili ilə ifadə etsək, düşmən öz məqsədlərini daha rahat şəkildə həyata keçirərək rəqib ölkənin infrastruktrunu "qarışdıraraq" idarəetməni iflic vəziyyətə salmağa çalışır. 1991-ci ildə ABŞ-ın İraqa hərbi müdaxiləsi, 2003-cü ildə "Səhrada Tufan", 1999-cu ildə Yuqoslaviya, 2008-ci ildə Rusiya-Gürcüstan müharibələrində hədəf ölkənin həyati əhəmiyyətli infrastrukturlarının - enerji stansiyalarının, nəqliyyat və rabitə şəbəsəkəsinin xüsusi vasiitələrlə söndürülməsi, müdaxilələrlə sıradan çıxarılması baş vermişdi. 
Məsələn, Rusiyanın hərbi əməliyyatlara qoşulduğu ilk saatlardan etibarən Gürcüstanın mobil rabitə şəbəkəsi və mülki aviasiya sistemi iflic edildi. Eləcə də elektrin enerji sistemində ciddi problemlər yaradıldı. Yuqoslaviyada və İraqda ABŞ qüvvələri ölkənin enerji sistemini sıradan çıxarmaq üçün qrafit bombalarından istifadə etmişdi. Bunlar hərbi əməliyyatların aktiv mərhələsində fiziki məhvetmə və ya müxtəlif sistemlər vasitəsi ilə məsafədən təsiretmə ilə gerçəkləşdirilmişdi. İndiki dönəmdə enerji, nəqliyyat və rabitə sisteminin kompüterləşməsi, vahid mərkəzdən idarə olunma, enerji şəbəkəsində dispetçer idarəetməsinin SCADA vasitəsi ilə həyata keçirilməsi məsafədən müdaxiləyə texniki cəhətdən daha çox imkanlar açır. Əgər hansısa şirkətin və ya şəxslərin fərdi məsuliyyətsizliyi üzündən bu şəbəkələrin qorunma səviyyəsinin lazımi səviyyədə təmin olunmayıbsa, şəbəkəyə xaricdən sızma imkanları varsa iş daha da mürəkkəbləşir. Təbii ki, bu şəbəkələrin idarəedilməsinə öncədən yeridilən "beyinlər" və "əllər" də burada az rol oynamır.
Nəzərə alsaq ki, şəbəkənin kompüter texnologiyası və istifadə edilən "ağıllı sistemlər" xarici istehsaldır. Bu zaman onların üzərində mövcud olan çiplərin "həssaslığı" da diqqətdən kənarda qoyulmamalıdır. Son illər müxtəlif sahələrdə tətbiqi sürətlə genişlənən dronların da bu müdaxilələrdə rolu getdikcə artır. Artıq mövcud problemlər dünyada diqqətlə araşdırılır və həyati əhəmiyyətli obyektlərin, idarəetmə şəbəkələrinin kənar təsirlərə qarşı qorunması məqsədi ilə tədbirlər həyata keçirilir. Hesab edirəm ki, Azərbaycanda da bu istiqamət ciddi araşdırılmalı, müvafiq tədbirlər həyata keçirilməlidir.
Tarix: 4-07-2018, 21:21
Xəbəri paylaş





Xəbər lenti